Milli Teatr Festivalı
   
   İyunun 1-də Mingəçevir Dövlət Dram Teatrında böyük ədib və mütəfəkkir, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalının təntənəli açılışı oldu.
   
   Mərasimi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq Azərbaycan mədəniyyətində, ədəbiyyatında, fəlsəfi fikir tarixində özünəməxsus yeri olan Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin Prezident İlham Əliyevin sərəncamı ilə yüksək səviyyədə keçirildiyini qeyd etdi. Nazir müavini “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalını bu silsilədən növbəti sənət bayramı kimi dəyərləndirdi. Qeyd olundu ki, bu il dövlət teatrlarının əksəriyyəti Axundzadə yaradıcılığına müraciət edib. Festivala 21 dövlət teatrı 24 tamaşa ilə qatılıb.
   Axundzadənin zəngin ədəbi irsindən söz açan nazir müavini qeyd etdi ki, adını Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinə yazan, ümumilikdə Şərq aləmində bir çox ilklərə də imza atan dramaturqun milli teatrımızın inkişafında misilsiz xidmətləri var: “1873-cü il mart ayının 10-u teatrsevərlər üçün son dərəcə dəyərli bir tarixdir. Azərbaycanın peşəkar teatr tarixi Mirzə Fətəli Axundzadənin komediyasının tamaşaya qoyulduğu gündən başlayır”. Nazir müavini böyük ədibi dramaturgiyamızın banisi olmaqla bərabər, həm də zəngin ənənələri olan dramaturgiya məktəbimizin yaradıcısı kimi dəyərləndirdi. “Mirzə Fətəli Axundzadə elə nəhəng bir şəxsiyyətdir ki, ona hansı tərəfdən yanaşıb, qaranlıq məqamı öyrənmək istəyiriksə, orda bir işıq görürük”, - deyən Ədalət Vəliyev festival iştirakçılarını təbrik etdi.
   Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov çıxışında Mirzə Fətəli Axundzadəni bütövlükdə Şərqin böyük mütəfəkkirlərindən biri kimi dəyərləndirdi. Hələ XIX əsrdə Avropada Axundzadə yaradıcılığına böyük maraq göstərildiyini, ədibin kitabının Fransada iki dəfə çap olunduğunu dedi. Axundzadə yaradıcılığının bütün dövrlər üçün aktual olduğunu bildirdi, festival münasibətilə teatr ictimaiyyətinə, sənət adamlarına təbriklərini çatdırdı.
   Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov Milli Teatr Festivalının şəhər əhalisi üçün əsl bayram olduğunu qeyd etdi və festival iştirakçılarına uğurlar arzuladı.
   
   * * *
   Sonra festivalın ilk səhnə əsəri - Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” komediyası əsasında hazırladığı “Mərdi-xəsis Hacı Qara” iki hissəli tamaşası təqdim olundu. Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşa maraqlı səhnə tərtibatı və aktyor oyunu ilə yadda qaldı.
   Tamaşadan sonra sənətşünaslıq elmləri doktoru, professor, festivalın tənqidçilər qrupunun üzvü Məryəm Əlizadə Mədəniyyət və Turizm Nazirliyinin Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə təsis etdiyi diplomu və xatirə hədiyyəsini Şəki Dövlət Dram Teatrının kollektivinə təqdim etdi. Sənətşünas festival barədə ürək sözlərini də iştirakçılarla bölüşdü: “Biz bu gün Azərbaycan dramaturgiyasının və teatrının işığına yığışmışıq. Bu festival çərçivəsində bu vaxta qədər bizə tanış olmayan naməlum, sirli, tanımadığımız bir Mirzə Fətəli Axundzadəni özümüz üçün aşkar edəcəyik. Çünki Mirzə Fətəli Axundzadə həmişə müasirdir. Əgər biz XXI əsrdə Mirzə Fətəli Axundzadəyə müraciət ediriksə, mütləq onun bütün tərəflərini üzə çıxarmalıyıq. Hesab edirəm ki, festival çərçivəsində dediyim bu arzular öz təcəssümünü tapacaq”.
   
   * * *
   Festivalın açılışında Bakı Bələdiyyə Teatrının direktoru və bədii rəhbəri, Xalq artisti Amaliya Pənahova, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə, sektorun baş məsləhətçisi Vəfa Novruzova, Musiqili Komediya Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, tanınmış incəsənət nümayəndələri iştirak edirdi.
   Festivalın tənqidçi qrupunun üzvləri ilk təəssüratlarını bizimlə bölüşdülər:
   Sənətşünaslıq elmləri namizədi, teatrşünas Aydın Talıbzadə:
   - Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş teatr festivalı simvolik bir ad daşıyır: “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə”. Azərbaycan həvəskar və peşəkar teatrının bütün tarixi dönəmləri öz həqiqi sənət dəyərini Axundzadənin yaradıcılığı kontekstində tapıb. Bəlkə elə buna görədir ki, Azərbaycan teatrı özünün ən çətin məqamlarında Axundzadə dramaturgiyasında arınıb durula bilir, özünü tanıyıb özünə qayıda bilir. Çünki xalqın meydan teatrının, el-oba tamaşalarının önəmli estetik tendensiyalarını özündə qapsamış məhz bu dramaturgiya Azərbaycan teatrının poetikasını, bədii hüsnünü müəyyənləşdirib. Mingəçevir şəhərində start götürüb iyun ayının 25-dək davam edəcək “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı elə bu yöndən çox önəmlidir və dəyərlidir. Çoxdan arzulayırdım ki, festivalların mövzu konkretliyinə çıxaq. Respublika miqyasında yenə də ilk dəfə məhz Axundzadə nümunəsində bu, alındı... Festivalların mövzu konkretliyi müstəvisində kimin kim olduğu, kimin sənətinin nə miqdar olduğu həməncə aşkarlanır. Azərbaycan mədəniyyətində və daha dəqiq olar desəm, azərbaycanlıların yeni dünya mədəniyyətində hayana baxsan da, yenə Mirzə Fətəli Axundzadə birincidir.
   Yazıçı-dramaturq Əli Əmirli:
   - Bu, öz mahiyyətinə və formatına görə Azərbaycan teatr məkanında keçirilən birinci belə festivaldır ki, bir müəllifə, dramaturgiyamızın banisi M.F.Axundzadəyə həsr olunub. Ən maraqlı olanı isə festivalda iştirak edən teatrların hamısının bu sənət bayramına məhz böyük dramaturqun komediyaları əsasında hazırlanmış tamaşalarla qatılmalarıdır. Bu bir daha sübut etdi ki, həqiqətən Axundzadənin zamanın sınağından çıxmış klassik komediyaları yüz əlli ildən sonra da öz bədii aktuallığını, ədəbi keyfiyyətini, teatral təravətini qoruyub saxlaya bilmişdir.
   Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Kəmalə Cəfərzadə:
   - Mirzə Fətəli əsrlər boyu poeziya ənənələrinin bərqərar olduğu ədəbiyyatımızda yeni bir janrın - dramaturgiyanın təməlini qoydu və biz hamımız teatr sənətimizin yaranması üçün zəmin yaradan bu böyük insana borcluyuq. Bu genişmiqyaslı, demək olar ki, bütün teatrları əhatə edən festival Mədəniyyət və Turizm Nazirliyinin «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının həyata keçirilməsi istiqamətində hazırladığı böyük mədəniyyət aksiyasıdır. Tədbirin iştirakçılarına uğurlar arzulayıram.
   Bakı Beynəlxalq Teatr Konfransının icraçı katibi Şaiq Səfərov:
   - Festival tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Festival barədə teatrşünaslar, teatr xadimləri yəqin ki, öz sözlərini deyəcəklər. Mən istərdim, ölkə rəhbərliyinin, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin son 4 ildə Azərbaycan teatrının inkişafı yolunda gördüyü işlərə nəzər salaq. Cənab Prezident tərəfindən imzalanan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində son illərdə irimiqyaslı, mühüm layihələr həyata keçirilir. Mütəmadi şəkildə keçirilən beynəlxalq festivallar, konfranslar, müsabiqələr, yeni teatr layihələri, sözsüz ki, Azərbaycan teatrında yeni bir mərhələdir. Əminəm ki, bu gün yaşadığımız dövr gələcəkdə Azərbaycan teatrının intibahı adlanacaq.
   Festivala ev sahibliyi edən Mingəçevir Dövlət Dram Teatrının direktoru Həsən Həsənov:
   - Axundzadənin 200 illik yubileyi münasibətilə Milli Teatr Festivalının Mingəçevirdə keçirilməsi bizim üçün əsl bayramdır. 139-cu teatr mövsümünün açılışı da Mingəçevir Dövlət Dram Teatrında olmuşdu. Uzun illər Mingəçevir teatrı belə böyük mədəniyyət hadisələrinin şahidi olmamışdır. Teatrımız yüksək səviyyəli texniki avadanlıqlarla təmin olunub. Yaradıcı heyətinə gənclər dəvət olunub, teatrımızın yeni ömrü başlayıb. Çox şadıq ki, belə yüksək səviyyəli festivalı məhz Mingəçevirdə keçirməyi qərara alıblar.
   
   * * *
   Festival çərçivəsində iyunun 2-də Qax Dövlət Kukla Teatrının hazırladığı “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”), iyunun 3-də isə Gəncə Dövlət Kukla Teatrının “Hekayəti-xırs quldurbasan” tamaşası nümayiş olunub. İyunun 4-də Füzuli Dövlət Dram Teatrı “Hacı Qara”, iyunun 5-də isə Ağdam Dövlət Dram Teatrı “Lənkəran xanının vəziri” tamaşasını təqdim edib.
   Proqrama uyğun olaraq iyunun 8-dək Mingəçevirdə Qazax, Gəncə və Mingəçevir teatrları “Hekayəti-xırs quldurbasan”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Can bizimkilər” (Axundzadənin əsərləri əsasında) tamaşalarını təqdim edəcəklər.
   Ölkə teatrları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, regionlardakı teatrların fəaliyyətinin stimullaşdırılmasına yeni imkanların yaradılması məqsədilə keçirilən sənət bayramının ikinci mərhələsi iyunun 8-dən 25-dək Bakıda, eləcə də digər şəhər və rayonlardakı dövlət dram teatrlarında davam etdiriləcək.
   
   Təranə Vahid