Milli Qəhrəmana həsr olunmuş səhnə əsəri bölgələrdə nümayiş etdirilir   

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru iyunun 18-20-də Gədəbəy, Qazax və Ağstafa rayonlarına səfər edib. Yaradıcı heyət qastrol çərçivəsində şair-publisist Fəridə Ləmanın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında hazırlanmış “Mübarizli Vətən” ədəbi-bədii kompozisiyasını nümayiş etdirib. 
      
   Tədbirin ssenari müəllifi və aparıcısı Gənc Tamaşaçılar Teatrının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova, quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlıdır. Kompozisiyada əməkdar artistlər Lətifə Əliyeva, Kəmalə Hüseynova, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev iştirak edirlər.
   İyunun 19-da səhnə əsəri Qazax Rayon Mədəniyyət Evində nümayiş olunub. Tədbirdə rayon rəhbərliyi və ictimaiyyəti, əsgər və zabitlər iştirak ediblər. Tamaşadan sonra rayon İcra Hakimiyyəti başçısının müavini G.Həsənova Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və aktyorlara öz minnətdarlığını bildirib. Qeyd edib ki, uşaq və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında məktəblərimizin, teatrlarımızın, mətbuatın üzərinə böyük vəzifələr düşür: “Elə etməliyik ki, gənclərimiz Qarabağı azad etmək arzusu ilə alışıb-yansınlar. Necə ki, Mübariz vətən uğrunda öz canını düşmən güllələrinə sipər etdi. Bu, əsl Azərbaycanlı, mərd türk əsgərinin addımı idi. Mübarizin qəhrəman hərəkəti bütün gənclərimiz üçün böyük örnək, misilsiz nümunədir”.
   Tamaşa haqqında öz ürək sözlərini bildirən Əməkdar incəsənət xadimi, şair Barat Vüsal öz çıxışında hər bir vətən oğlunu Mübariz kimi cəsur və mübariz olmağa səsləyib: “Mübariz İbrahimovun qəhrəmanlığı tariximizə şanlı xatirə kimi həkk olunacaq. Mən inanıram ki, ordumuzda Mübariz kimi minlərlə igid var. Onlar vətəni müdafiə etməyə hazırdır. Vətənə eşq olsun!”