Türkiyənin Antalya bölgəsindəki antik səhnədə keçirilən 17-ci Aspendos opera və balet festivalında Azərbaycanın Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti göstərilib.
   
   Tamaşaçıların alqışlarla qarşıladığı ikipərdəli baletin süjet xətti türkdilli dövlətlərin mədəni irsinin önəmli əsərlərindən olan “Kitabi-Dədə Qorqud” dastanından götürülüb.
   Rusiyanın məşhur Yekaterinburq Opera və Balet Teatrı tərəfindən səhnələşdirilən baletdə Baycan rolunu Yelena Vorobyova, Azər rolunu isə Maksim Klekovkin ifa ediblər. Zəngin səhnə dekorasiyası, kostyumlar və Azərbaycan xalq rəqsləri tamaşaçıları riqqətə gətirib.
   Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar Polad Bülbüloğlu, ölkəmizin Türkiyədəki səfirliyinin əməkdaşları da tamaşaçılar arasında olublar.
   Festivalda həmçinin İzmir Opera və Balet Teatrının “Turandot”, Estoniya Milli Opera Teatrının “Riqoletto”, Pekin Opera Teatrının “Madam Batterfley” və digər klassik səhnə əsərləri də nümayiş olunub.