Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində “Vətəndən ağırdı vətənin yükü” tamaşasını göstərib. Əməkdar incəsənət xadimi Oruc Qurbanovun quruluş verdiyi tamaşa XX əsrin sonunda azərbaycanlıların Ermənistandan deportasiyasına həsr edilib. Xalq artisti Tamilla Abdullayeva, Əməkdar artist Vaqif Kərimov və digər gənc aktyorların rol aldığı səhnə əsərində ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər əksini tapıb. Tamaşadan böyük təəssüratla ayrılan məcburi köçkünlər teatrın rəhbərliyinə və yaradıcı heyətinə təşəkkürlərini bildiriblər.