Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Qax Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə “Xalq teatrları - problemlər və perspektivlər” mövzusunda seminar keçirib. Qax rayonunda gerçəkləşən seminarda İsmayıllı, Balakən və Oğuz rayonlarında fəaliyyət göstərən xalq teatrlarının rejissor və quruluş hissə müdirləri iştirak ediblər. Tədbiri Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarov açıb. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov və İncəsənət bilikləri şöbəsinin müdiri Rafiq Quliyev xalq teatrlarının problemləri və onların aradan qaldırılması üçün görüləcək işlər barədə məlumat veriblər.
   Teatr Xadimləri İttifaqının Yaradıcılıq şöbəsinin baş mütəxəssisi Çingiz Ələsgərli xalq teatrlarında repertuar seçimindən və yaradıcılıq əlaqələrinin inkişaf etməsinin zəruriliyindən danışıb. Ümumittifaq festivalları laureatı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin metodisti Qurbanəli Mürsəlov özfəaliyyət və xalq teatrlarına gənclərin cəlb edilməsi və onlara diqqətin artırılmasının əhəmiyyətindən söz açıb. Seminara dəvət olunan xalq teatrlarının rejissor və quruluş hissə müdirləri mövzu ətrafında çıxış ediblər.
   Tədbirin sonunda Qax Rayon Xalq Teatrı Məhərrəm Əlizadənin “Şeyx Rəhmətullah” komediyasını seminar iştirakçılarına təqdim edib. Seminar iştirakçıları tamaşa ətrafında fikir mübadiləsi aparıblar.