Bu günlərdə Akademik Milli Dram Teatrında premyerası keçirilən «Napoleon» tamaşası böyük imperator və sərkərdənin həyat və hakimiyyətinin əsas qütblərini işıqlandırır. Rejissor Namiq Ağayevin quruluş verdiyi psixoloji dram eyni zamanda bir sərkərdənin, bir imperatorun məğlubiyyət acısını göstərir.
   
   Napoleon Bonapart rolunu Sumqayıt teatrından dəvət olunmuş Oqtay Mehdiyev, Jozefina obrazını Xalq artisti Zemfira Nərimanova canlandırır. Oqtay Mehdiyevlə bağlı seçim yalnız aktyorla qəhrəmanın fiziki parametr uyğunluğundan irəli gəlməyib. Aktyorun qalib və məğlub olmağı bacaran sərkərdənin psixoloji hallarını, xarakterini göstərmək potensialı var.
   Bu psixologiyanı, xarakteri nə zaman görmək olar? Saray təmtərağı və pafosunu dekorativ pərdə kimi kənara qoyub Bonapartı təkləmək yolu ilə. Qayğıya, sevgiyə, ruhlanmağa ehtiyacı olan qalib sonda təklənir. Buna qədərsə Jozefinanı tanımaq lazımdır.
   Jozefina Napoleonun həyatında ən əsas fiqurdur. O, böyük sevgi bəslədiyi bu qadını imperatriçə elan etdi. Napoleon sərkərdədən, imperatordan, kişidən də əvvəl bir uşaq idi. Jozefina da ona ana kimi qayğı, yol göstərir, tək qoymurdu. O, Napoleonun varlığının belə bəzən fərqinə varmadığı bələdçisi idi.
   Məhz Jozefina onu tərk etdikdən sonra Napoleon səhvlərini ard-arda təkrarlayır. Avstriya şahzadəsi ilə evlənir, daxili siyasət zəifləyir, ordu gücdən düşür. Rusiya ilə müharibədə (1812) ağır məğlubiyyətə düçar olur. Müttəfiqlərin üzərinə gəlməsinə, məğlubiyyətlərə dözməyən imperator intihara cəhd edir...
   
   Oyun
   
   Tamaşa Napoleon və Jozefinanın söhbətilə başlayır. Jozefina Napoleona övlad, vəliəhd bəxş edə bilmir, onlar ayrılmalıdırlar. Kübar qadına xas olmayan hərəkət və ədalarla Jozefina Napoleonu əzizləyir, acılayır, ona «balaca uşaq» olduğunu xatırladır. Bu bir qadın “priyomu” deyil. Bu bir kişiyə olan sevgiyə qarışmış ana narahatlığıdır. Sanki o tam olaraq müəyyənləşdirməyib - öz sevgilisini - «balaca»sını qoruyan, bunun üçün qurbanlar verən qadın-anadır, yoxsa Napoleonu, imperator ərini əldən vermək istəyən hiyləgər xanım? Kübar saray qadını imicindənsə elə ilk səhnədə imtina edib.
   Saray demişkən, saray təmtərağı olan yerdə mütləq oyun var. Təmtəraqlı danışıqlar, təzimlər bu oyunların girişidir. Tamaşa içində bir kukla səhnəciyi qurulub. Jozefina Napoleondan hamilə polyak qızı ilə söhbət etməyə gəlir. Polyak qızı özünü, Napoleonu və Jozefinanı təsvir edən məsxərəyə baxır. Kuklalar bir-birini dürtmələyir, Napoleonu ora-bura çəkirlər. Bu komik situasiya tamaşaya bir dinamika qatır, ümumi temporitmə bir yüngüllük gətirir.
   Oqtay Mehdiyevin Napoleonu dara düşəndə xilas mələyini - Jozefinanı çağıran emosional, inadkar, eqoist uşaqdır. Uğurları onu nə qədər böyüdübsə də, o hələ də inamsız uşaq olaraq qalır. Bir sevgi ilə ruhlanmağa ehtiyacı var.
   
   Dekorlar
   
   Tamaşada dekorlar (rəssam İlham Elxanoğlu) lakonik və dolğundur. Boşanma səhnəsi imperator və imperatriçənin taxtı ilə tamamlanır. Hakimiyyətin uğurlu illəri təsvir olunan səhnələrdə bu taxtın üzərində az qala bütün Avropanı birləşdirmiş imperatorluğun xəritəsi asılıb. Avstriya şahzadəsi Luiza ilə Napoleonun natamam evliliyini göstərən səhnələr iri yataq ətrafında baş verir. Məğlubiyyət, hakimiyyətdən imtina isə yenə xəritənin altında baş verir.
   Beləliklə, dekorlar rejissorun vurğunu nəyə etdiyini göstərir. Tamaşa boyu tez-tez Fransa bayrağı ağ geyimi bir qızın əlində dalğalanır. Qız gah inadkar və ruhlu, gah da gücsüz, taqətsizdir. Bu dövlətin tərəqqi və tənəzzül zamanlarını göstərmək üçündür. Sanki hər şey Napoleona - böyük sərkərdəyə məğlubiyyət acısını daddırmaq üçündür. Kim olduğunu anlatmaq üçün təklənmək, o boş səhnədə tək qalmaq üçündür. Hamı onu tək qoymalıdır. Qəhrəmanın taleyi budur. Belə olacağını düşünmüşdümü Napoleon? Yəqin ki, yox! Necə demişlər: «sonunu düşünən qəhrəman ola bilməz».
   
   Aliyə