Rusiyada fəaliyyət göstərən “Teatr.doc” - sənədli pyeslər teatrı bir neçə dramaturq tərəfindən 2002-ci ildə yaradılıb. Dramaturqlar İvan Vırıpayev və Maksim Kuroçkin Moskvanın mərkəzində, yaşayış binalarından birinin zirzəmisində yaratdıqları teatrın ilk səhnəsini də zibil qutularından tapılmış taxtalardan qurublar. Bu qeyri-kommersiya, azad kollektiv layihəsidir. Hər kəs burada könüllü çalışır.
   Tamaşaların əksəriyyəti sənədli teatr janrındadır. Həqiqi mətnlərə, müsahibələrə, real insanların taleyinə əsaslanan sənədli teatr aktual sosial analiz və sənətin qovşağında meydana gələn xüsusi bir janrdır. Yaradıcı qrup tamaşanı onları əhatə edən aktual mövzulara, real insanlarla görüşlərə əsaslanaraq hazırlayırlar. Bəzilərinə görə, “Teatr.doc” “qaralama”, natamam teatrdır. Halbuki onun öz texnika və prinsipləri var. Burada teatr illüziyası yaradan hər şeydən imtina ediblər - qrim, dekor, musiqi yoxdur. Bir sözlə, bu əsl asketik bir teatrdır. Şüarları da maraqlıdır: “Bu teatrda oynamırlar!”. İlk vaxtlar teatrın səhnəsində kriminal əhvalatlardan vətəndaş mövqeyinədək hər cür əhvalatlar vardı. İndi isə teatr psixologizmə istiqamətlənib. Bütün eksperimental teatrlar da olduğu kimi.
   “Teatr.doc” «Stalker», “Kreativ» kimi kino və teatr mükafatlarına layiq görülüb. 2011-ci ildə isə “İlin ən yaxşı eksperimenti” nominasiyasında «canlı teatr» mükafatını qazanıb.

   A.Dadaşova