Dramaturq Əli Əmirlinin “Köhnə ev” dramatik komediyası Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. 90-cı illərin əvvəllərində bazar iqtisadiyyatının yetişdirdiyi yeni insan münasibətlərindən bəhs edən əsərə teatrın rejissoru, Əməkdar artist Namis Şirməmmədov quruluş verib. Tamaşanın rəssamı Sevinc Həsənovadır.
   Oktyabrın 13-14-də Sumqayıt teatrsevərlərinə təqdim olunmuş premyerada baş rollarda Əməkdar artist Növrəstə Həşimova, Xatirə Süleymanova, Mövsüm Hüseynov, Mətləb Kəsərli və başqaları çıxış ediblər. “Köhnə ev” 1996-cı ildə Akademik Milli Dram Teatrında, sonralar ölkənin bir çox teatrlarında, habelə Gürcüstanın paytaxtı Tiflisdə də tamaşaya qoyulub.
   Qeyd edək ki, “Köhnə ev” Sumqayıt Musiqili Dram Teatrının Əli Əmirli yaradıcılığına üçüncü müraciətidir. Dramaturqun indiyədək bir çox səhnələrdə uğurla tamaşaya qoyulan “Varlı qadın” komediyası və “İyirmi ildən sonra” melodramı da Sumqayıt teatrında sənətsevərlərə təqdim olunub.

   Lalə Azəri