Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ASSİTEJ-in (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası) Azərbaycan Milli Mərkəzinin iclası keçirilib. Mərkəzin prezidenti, teatrın direktoru Mübariz Həmidov qurumun fəaliyyəti haqqında məlumat verib, son iki ildə teatrın iştirak etdiyi beynəlxalq festivallar, keçirilən treninq, seminar və ustad dərsləri barədə söz açıb.
   Onun sözlərinə görə, sözügedən tədbirlər teatrın dünya teatr məkanına inteqrasiyasını təmin etməklə yanaşı, təcrübə mübadiləsi baxımından olduqca əhəmiyyətlidir. O, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin 2012-2014-cü illər üçün fəaliyyət proqramını diqqətə çatdırıb.
   Beynəlxalq teatr layihələri üzrə koordinator Şaiq Səfərov çıxış edərək 2 il öncə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan teatrlarının ən nüfuzlu beynəlxalq qurumlara üzvlüyünü təmin etmək üçün təklif aldığını diqqətə çatdırıb: “Araşdırmalar nəticəsində bir sıra beynəlxalq qurumla yanaşı, digər beynəlxalq teatr təşkilatları içərisində ASSİTEJ-in daha aktiv fəaliyyət göstərdiyinin şahidi oldum. Artıq iki ildir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sözügedən quruma üzvdür. Əminliklə deyə bilərəm ki, Gənc Tamaşaçılar Teatrı Beynəlxalq ASSİTEJ-in ən fəal üzvlərindən biri olmaqla əhəmiyyətli layihələrə imza atır”.
   ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin bütün üzvlərinin qatıldığı iclasda quruma yeni qəbul olunan yaradıcı insanlara üzvlük vəsiqələri təqdim edilib.
   
   Lalə Azəri