Bakıda məşhur Litva aktyorlarının yaradıcılıq gecəsi
   
   II Bakı Beynəlxalq Teatr Konfransının qonaqları arasında məşhur litvalı aktyorlar - SSRİ Xalq artisti Regimantas Adomaytis və Litvanın Xalq artisti Yuozas Budraytis də var. Noyabrın 4-də Azərbaycan Dövlət Rus Dram Teatrında sənətkarların yaradıcılıq gecəsi keçirildi. Gecədə teatr və kino xadimləri, sənətsevərlər iştirak edirdilər. Müsahibə formatında qurulmuş görüşdə qonaqlar aparıcının və tamaşaçıların suallarını cavablandırır, maraqlı yaradıcılıq söhbəti tanınmış aktyorların çəkildiyi filmlərdən parçalarla müşayiət olunurdu.
   
   Regimantas Adomaytis Azərbaycan tamaşaçısına ilk olaraq «Heç kim ölmək istəmirdi» filmindən tanışdır. Sonralar 50-dən çox filmə çəkilən aktyor ilk olaraq bu filmdə oynadığı üsyankar anarxist rolu ilə tamaşaçıların qəlbini fəth etmişdi. Bunun ardınca “Kral Lir”, «Hisslər», «Qəza», “Azadlıq - nə şirin kəlmə”, «Kentavrlar», “İlğım” üçseriyalı televiziya filmi və digər ekran əsərlərindəki rolları ilə məşhurlaşan aktyor sovet kinosu tarixinə öz adı ilə parlaq səhifələr yazdı, kinosevərlərin kumiri oldu. Aktyorun son ekran işləri sırasında «Amfibiya adam»da (2005) oynadığı Salvator (İxtiandrın atası) rolunu qeyd etmək olar.
   Aktyor kino ilə yanaşı, teatrda da kifayət qədər çəkili, klassik obrazlar yaradıb. O, Litva Akademik Milli Dram Teatrının aktyorudur. H.İbsen, C.Steynbek, F.Dürrenmatt, J.Sartr, A.Kamyu, V.Şekspir, F.M.Dostoyevski, A.Düma və başqa ədiblərin ən məşhur əsərlərinin qəhrəmanları R.Adomaytisin ifasında uğurlu səhnə həllini tapıb.
   
   “Aktyor olmağı arzulamamışdım”
   
   Yuozas Budraytis də «Heç kim ölmək istəmirdi» filmi ilə məşhurlaşıb. Bu, aktyorun sənət yoldaşı R.Adomaytislə tərəf-müqabil olduğu ilk film idi. Daha sonra onlar hətta əkiz qardaş rollarını da oynadılar. Aktyorlar «Hisslər», «Kral Lir», «Azadlıq - nə şirin kəlmə!» filmlərində birgə rol alıblar. Y.Budraytisin “Kolumb haqqında bütün həqiqətlər», «Vaxt gözləmir», «Ferdinand Lüsün həyatı və ölümü», «Kiçik etiraf», «Qara kapitan», «Blokada», «Düşmənlər», «Con Qraftonu gözləyin», «Həyat gözəldir», «Varlı kasıb», «Mavi səma altında», «Moskva uğrunda döyüş» kimi onlarla filmdə yaratdığı obrazlar qalereyası onun aktyor peşəkarlıq imkanlarını nümayiş etdirib. Ümumilikdə 100-dən çox ekran əsərində rol alan sənətkar teatrda da maraqlı rollar oynayıb, özəlliklə 80-ci illərdə Litva teatrının məşhur simalarından biri olub.
   Görüş-müsahibə zamanı Y.Budraytis kinodakı ilk işi haqda («Heç kim ölmək istəmirdi») zarafat və təvazökarlıqla danışdı: “Əslində mənim kriminalist kimi ciddi və ağır bir peşəm var idi. Bu iş xoşuma gəlirdi. Heç vaxt aktyor olmağı arzulamamışdım, bu iş haqqında təsəvvürüm yox idi. Düzdür, mənim peşəmin də psixoloji nüfuzetmə kimi taktikaları vardı. Mən yalnız refleks və intuisiyamın köməyi ilə oynayırdım. Həm də tale elə gətirmişdi ki, mənim rejissorum (Vitautas Jalaklyaviçüs) hər şeyə laqeyd yanaşanlardan deyildi və mən bir kinematoqrafiya məktəbi keçdim».
   Söhbətə qoşulan R.Adomaytis də onu məşhurlaşdıran film barədə fikirlərini bölüşür: “Müstəqillik dövründə bu filmi tamam başqa cür təhlil etməyə, dəyərləndirməyə başladılar. Mən tənqidçilərə təəccüb qalıram. Bilirsiniz, indi hər şeyi demək olar, o zamansa senzura var idi. Mən demirəm ki, biz hər şeyi bu filmlə deyirdik, yox, amma biz əsas həqiqətə toxunurduq. Biz «müqavimət»dən danışırdıq».
   Y.Budraytis: «Bu filmlə bağlı ən parlaq xatirəm odur ki, mən tamamən heç nə bilmirdim (gülür). Rejissor mənim hıçqırmağımı istəyirdi. O məni necə məcbur edə bilərdi. Çəkiliş qarışıqlığında mənə yaxınlaşdı və dedi: - Yuozas, bilirsən, sənin atan həlak olub. Mən özümdən asılı olmadan hıçqırmağa başladım. O isə yəqin ki, yavaş səslə «Sakit!! Çəkirik»,- dedi. Həmin epizod əla alındı. Vitautas Jalaklyaviçüsün rejissor kimi insan psixologiyası barədə dərin bilgisi vardı».
   
   «Sən bunu nə üçün edirsən?»
   
   R.Adomaytisin sözlərinə görə, aktyor üçün oynadığı rolun daxili aləminə nüfuz etmək çox vacibdir: “Yəni yalnızca oynadığım obrazın tələb etdiyi xüsusiyyətlər bəs etmir, ümumilikdə ideya, onun mahiyyəti vacibdir. Yəni, «Sən bunu nə üçün edirsən?» Bu sual vacibdir. Mən bunu bilmədən oynaya bilmərəm”.
   - «Hisslər» filmi sizin üçün nə ilə əlamətdardır?
   - Əlbəttə, tərəf-müqabilim olan aktrisa (Euqeniya) ilə münasibətlərimizin yaranması ilə. Biz qırx üç il bir yerdə yaşadıq. Bir ildir ki, o, dünyasını dəyişib. O, uşaqları böyüdüb tərbiyə etməklə tək məşğul oldu. Mənim yaradıcı fəaliyyətim vaxt məhdudluğu demək idi. O isə fədakarca bu yükü öz çiyninə götürmüşdü.
   - Bəzən aktyorların xüsusilə qeyd etdiyi, dəyər verdiyi filmlər, obrazlar yox, daha xırda rollar, sadə filmlərin personajları tamaşaçıların marağına səbəb olur. Sizcə, bu nə ilə əlaqədardır?
   - Bu, çox qəribə bir işdir. Bilirsinizmi, bu işdə konkret bir qayda yoxdur. Yalnız bir qayda var: nə olursa olsun, o obraza, personaja özündən bir şeylər əlavə etmək.
   
   Bakı xatirələri
   
   - Hər ikiniz «Azadlıq - nə şirin kəlmə» filminin çəkilişlərində Bakıda olmusunuz. O dövrə qayıdarkən nələri xatırlayırsınız?
   R.Adomaytis: - Biz filmə lazım olan Latın Amerikası epizodunu Sumqayıtda çəkdik. Dəniz sahilində çəkiləcək epizodlar var idi. Bu çəkilişlə bağlı unudulmayan bir xatirəm var. Amerika maşını ilə şəhəri gəzməyə çıxdıq. Yoldaşlar içdilər və məlum oldu ki, məndən başqa hamı içkilidir və kimsə maşını sürə bilməz. Mənsə həyatımda maşın sürməmişdim. Bakı-Sumqayıt yolunda avtomobili sürücülük vəsiqəsi və sürücü təcrübəm olmadan sürdüm və qaydanı pozdum. İndi şəhəriniz tanınmaz dərəcədə dəyişib. Bakını tanımaq olmur.
   Y.Budraytis: - Şəhər öz təmizliyi ilə məni heyran etdi. Gözəlliyi ilə, dənizi ilə gözoxşayan şəhərdir. İnsanların xoş münasibəti, hər şey çox gözəldir.
   R.Adomaytis: - Bakı yeni tikililəri, gözəl arxitektura nümunələri, səliqəsi və təmizliyi ilə heyranedicidir. Əlbəttə, o, əvvəllər də yaxşı idi, maraqlı idi, amma bu qədər gözəl deyildi. Gəldiyimizin ilk günü yağış yağırdı, sanki bura Baltika havasını biz gətirdik, amma sonrakı günlər hava yaxşılaşdı”.
   
   Fotolar
   
   Yaradıcılıq gecəsində Y.Budraytisin rol aldığı filmlərdən başqa, özünün çəkdiyi fotolar da nümayiş olundu. Bu kadrlarda müxtəlif filmlərin çəkilişləri zamanı lentə alınıb. Onların arasında Yevgeni Leonov, İnnokenti Smotkunovski kimi məşhur aktyorların nadir fotoşəkilləri vardı.
   
   İllər sonra sevgi etirafı
   
   Müsahibə-görüş tamaşaçıların sualları, xoş sözləri ilə bitdi. Sevimli aktyorlarına çiçəklər bağışlayan, avtoqraf alan tamaşaçıların arasında öz kumirinə illər sonra sevgi etirafı edən də oldu. Səhnəyə Y.Budraytis üçün göndərilən açıqcada tamaşaçı xanım onun az qala bütün filmlərini izlədiyini, vaxtilə hətta ona vurulduğunu yazmışdı. Səbəbkarlar tamaşaçıların suallarına ətraflı cavab verdilər. Söhbət əsnasında Y.Budraytis rus yazıçısı İ.Buninin hekayəsi əsasında film çəkdiyini də söylədi.
   Sonda məşhur sənətkarlar - Litva aktyor məktəbinin görkəmli nümayəndələri belə bir görüşün təşkilatçılarına dərin minnətdarlıqlarını ifadə etdilər.
   
   Aliyə