Noyabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rudjero Leonkovallonun “Payatsı” operasının premyerası olub. İkipərdəli operanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Səhnə əsərinin musiqi rəhbəri və dirijoru Xalq artisti Yalçın Adıgözəlov, quruluşçu rəssamlar - Əməkdar rəssam Tahir Tahirov və Əməkdar incəsənət xadimi Ağarəhim Əliyevdir. Tamaşada Ukraynanın Əməkdar artisti Yekaterina Straşenko (Nedda), Azərbaycanın xalq artistləri Azər Zeynalov (Kanio), Əvəz Abdullayev (Tonio) və başqaları çıxış ediblər.
   Sevgi və qısqanclıqdan, “sevgi üçbucağı”nın dəhşətli faciəsindən bəhs edən “Payatsı” operasının ilk tamaşası 1892-ci ildə Milan teatrında keçirilib. Həmin vaxtdan əsər dünyanın bir çox aparıcı teatrlarının repertuarında yer alıb.
   Operanın Bakı premyerası tamaşaçılar, o cümlədən Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin münsiflər heyəti və müsabiqənin iştirakçıları tərəfindən maraqla qarşılanıb.