Yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” pyesi Ukraynanın Krım Muxtar Respublikasının Simferopol şəhərində Krım-Tatar Akademik Musiqili Dram Teatrında tamaşaya qoyulub. Noyabrın 5-6-da premyerası baş tutmuş tamaşanın quruluşçu rejissoru Ukraynanın Əməkdar artisti Rinat Bektaşevdir. Tamaşaçıların hərarətlə qarşıladığı komediyanın növbəti premyerası noyabrın 20-də olacaq.
   “Varlı qadın” 110 yaşlı Krım teatrının Azərbaycan dramaturgiyasına üçüncü müraciətidir. Bundan əvvəl teatr Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını və Elçinin “Şekspir” əsərini (“Xəstə könül” adı ilə) tamaşaya qoyub.
   Xatırladaq ki, Əli Əmirlinin “Varlı qadın”ı ölkəmizin əksər teatrlarında, habelə Tacikistan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Özbəkistanın bir sıra teatrlarında tamaşaya qoyulub. Sentyabr ayında Başqırdıstanın Ufa şəhərində keçirilən V “Tuqanlıq” beynəlxalq teatr festivalında Dağıstanın Kumık Dövlət Musiqili Dram Teatrı kollektivinin hazırladığı “Varlı qadın” tamaşası iki nominasiya üzrə mükafata layiq görülüb.

   Təranə Vahid