“Fyodor dayı, Toplan və Məstan” tamaşası balacalara sevinc bəxş etdi
   
   Uşaqlıq illəri sovet dövrünə düşmüş tamaşaçılar “Fyodor dayı, Toplan və Məstan” cizgi filmini yaxşı xatırlayırlar. Uşaqlıqda küsəndə çoxumuzu zarafatla bu qəhrəmanların yaşadığı Prostokvaşinoya “göndərirdilər”. Bunu niyə xatırladırıq? Çünki Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıya qastrol səfərinə gəlib və noyabrın 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında balacalara “Fyodor dayı, Toplan və Məstan” tamaşasını hədiyyə etdilər.
   
   Qəhrəmanlar həmin idi, Poçtalyon Peçkin də, “Fyodor dayı” da, Məstan da, Toplan da. Hərçənd cizgi filmi ilə müqayisədə azca süjetdə dəyişiklik etmişdilər. Bu, Eduard Uspenskinin “Fyodor dayı, Məstan və Toplan” pyesinin səhnə həlli idi. Nağıl janrında olan tamaşanın rejissoru A.Radoçonski, rəssamı V.Litvinov, geyim üzrə rəssamı T.Kolesnikova, baletmeysteri L.Kameletdinovadır. Rolları Kirill Sobolyov, Yekaterina Sneqiryeva, Yelena Romaşkina, Yevgeni Pşeniçnıy, İqor Petruxin, Anna Maksakova, Stanislav Juravlyov, Yuri Aşayev və başqaları ifa etdilər.
   Əlvan rəngli dekorlar tamaşaya müsbət bir aura gətirmişdi. Bu dekorlarda şəhər və kənd təsvir olunmuşdu. Ortada isə uşaq rəsmlərinin ayrılmaz obrazı Günəş balaca tamaşaçılara gülümsəyirdi. Əhvalat iki dəlisov qız və bir oğlan olmaqla üç personajın iştirakı ilə göstərilirdi. Süjet çoxumuza tanışdır. Tamaşanın qəhrəmanı “Fyodor dayı” ləqəbli balaca oğlana evdə pişik saxlamağa icazə vermirlər. O da Matroskin adlandırdığı pişiyi götürüb daim mübahisə edən ata-anasını tərk edərək Prostokvaşino kəndinə yollanır. Burada Toplan (Şarik) da onlara qoşulur. Onlar xəzinə axtarıb tapır və arzularını həyata keçirirlər. Pişik süd sevdiyindən özünə inək alır, Toplan ov silahı istəyir, «Fyodor dayı» isə traktor alır. Əhvalatda Peçkin familiyalı poçtalyon da iştirak edir. Balaca Fyodorun sərgüzəştləri ata-ananın Peçkinin məktubuna əsasən gəlib oğlanlarını Prostokvaşinoda tapması ilə bitir. Tamaşa xeyli vaxt alsa belə, yüksək temporitmi, yüngüllüyü, rahat və axıcılığı ilə keçən zamanı hiss etdirmədi. Musiqi tərtibatı, geyimlər, rəqslər bu ritmi, dinamikanı qorumaq üçün mükəmməl seçilmişdi. Aktyorların plastikasını isə xüsusi qeyd etmək lazımdır. Tamaşa sanki uşaq dünyasından qopmuş bir səhifədir. Hər şey bu uşaq dünyasına hesablanıb, rəngarənglik, məzəlilik, əhvalatın oynaq mütəəssirliyi uşaqlara təqdim olunan bu gözəl dünyanın keyfiyyətləridir. Səhnə əsəri zalın canlı reaksiyaları, gur alqışları ilə qarşılandı.
   Tamaşadan sonra jurnalistlər üçün mətbuat konfransı keçirildi. Konfransı Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov açaraq teatr əlaqələrinin əhəmiyyətindən danışdı, Həştərxan teatrının səfərindən məmnun olduqlarını dilə gətirdi.
   Həştərxan teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Yuri Koçetkov onlara göstərilən qonaqpərvərlikdən razılığını ifadə edərək yaradıcı kollektivlər arasında əməkdaşlığın önəmini vurğuladı. O, Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı haqqında ətraflı məlumat verərək kollektivin repertuarında dünya və rus klassikasından nümunələr olduğunu dedi: «Molyer, Şekspir, Kalderon kimi klassik dramaturqların əsərlərini də tamaşaya hazırlayırıq. Pyes seçimində azadıq və “xaltura” pyesləri teatra yaxın qoymuruq”.
   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Ağaxan Salmanov isə ötən əsrin əvvəllərində mövcud olmuş Bakı-Həştərxan teatr əlaqələrini xatırlatdı. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov tamaşa haqda xoş sözlər söylədi.
   Qeyd edək ki, Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının “Fyodor dayı, Toplan və Məstan” tamaşası bu gün (16 noyabr) də nümayiş olunacaq.
   
   Aliyə