Noyabrın 17-də Mingəçevir Dövlət Dram Teatrında yerli yazarlardan Əşrəf Əsgərovun “Təbəssüm” melodramı tamaşaçılara təqdim olundu. Səhnə əsərinin rejissoru Xalq artisti Zülfüqar Abbasov, rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Xeyirlə şərin mübarizəsindən bəhs edən tamaşanın baş qəhrəmanı Təbəssüm adlı gənc müəllimədir.
   Təbəssüm (Pərvanə Qurbanova) təyinatla Mingəçevirə gəlir, buradakı təhsil sistemində müxtəlif xarakterli adamlarla rastlaşır, təqiblərə məruz qalır, bütün bunlarla yanaşı, sənətini sevir və finalda nakam məhəbbətinin xatirəsini özündə yaşadan söyüd ağacının altında onu sevən iş yoldaşı, gənc müəllim Zeynalla (Asim Əmirov) birgə həyatında yeni bir səhifə açır.
   Tamaşanı baxımlı edən cəhətlərdən biri də Asim Məmmədovun oynadığı Xasay rolu idi. Aktyor həyatda tez-tez rastlaşdığımız ikiüzlü, vəzifəpərəst, yaltaq adamların prototipini bacarıqla yaradıb.
   Mingəçevirin 64 illiyinə həsr edilmiş səhnə əsəri şəhərin 70-80-ci illərini göz önündə canlandırır. Dekorasiya və geyimlər yaşlı nəsil tamaşaçılara həmin dövrü nostalji hisslərlə xatırladır. Tamaşada gənc aktyorlar Eyvaz Əliyev, Sevinc Şirinova, Firuz Hacıyev, Ceyhun Əhmədov, Günel Əhmədova, İlqar Rəhimov da maraqlı oyunları ilə yadda qaldılar.
   
   Esmira Hacıyeva