Ötən həftəsonu A.Şaiq adına Dövlət Kukla Teatrında italyan yazıçısı Karlo Kollodinin məşhur əsəri əsasında hazırlanan «Pinokkionun sərgüzəştləri» tamaşasının premyerası keçirildi. Tamaşaya gürcü rejissor Yelene Matsxonaşvili quruluş verib. Rəssam (Vaxtanq Koridze) və bəstəkar (Şalva Matsxonaşvili) Gürcüstandan dəvət olunub.
   
   Səhnə əsərində ilk nəzərə çarpan dekorasiyanın rəngarəngliyi, xoş enerji ötürən rəng uyumu idi. Kiçik pərdə açılır və bu məkan gah Pinokkionun evi, gah da marionet teatrı olurdu.
   Tamaşanın müəllifləri nağılın bütün süjetini yox, bəzi əsas məqamları seçib səhnəyə gətirmişdilər. Usta Ceppeto (Mansur Mansurov) taxtadan kukla düzəldir və onu Pinokkio adlandırır. Tamaşanın əsas personajlarından olan Pişik və Tülkü Pinokkionu - bu taxta adamcığazı marionet teatrına aparmaq istəyirlər: «Bu elə bir yerdir ki, orda səni qərar vermək kimi əzablı bir işdən azad edirlər, qərarı sənin yerinə ipi əlində saxlayanlar verir».
   Pinokkio razılaşır və teatrda Qala adlı bir marionet kukla ilə tanış olur. Qala özü haqqında mahnı bəstələdiyinə görə mənfəətgir teatr direktoru onu qutuya saldırıb.
   Pinokkio Tülkü və Pişiyi aldadıb marionet teatrından qaçır.
   Bu əhvalat uşaqlarda azadlıq, sərbəstlik hisslərini aşılayır. Bəzən təkrarlanan xırda bir element onları həyəcanlandırır və güldürür - Pinokkionun burnunun hər dəfə divara ilişməsi kimi.
   Pinokkionu canlandıran aktyor Elnur Abbasquliyev onu çevik, uşaq təbiətli və ağıllı bir oğlan kimi təqdim edir. O, sərgüzəşt axtarmır, sərgüzəştlər onu təqib edir. Pinnokio teatrdan qaçıb məktəbinə davam edir və tamaşa onun Qalaya çiçək bağışlaması ilə bitir.
   Hiss olunur ki, müəlliflər məzmunu maksimum sadələşdirmiş və görüntünün pozitivliyinə can atmışlar. Vizuallıq tamaşanın qavranılmasında ilk şərtdir və tamaşa müəllifləri bu şərti qoruyublar.
   Uşaq nağılı üçün vacib bir cəhət də unudulmayıb - sehr. Pinokkio sehrli çubuqla canlanır, sehrli çubuqla xəstəlikdən sağalır. Musiqi və mahnı parçaları dinamikliyi artırır və uşaqların bu sahədə qavrayışlarını itiləşdirir.
   Personajların heç biri aqressiv simalı deyil. Yalnız Tülkü və Pişik öz əməlləri ilə hiyləgər cizgilər qazanır. Rəssam personajları sanki şarj estetikasında təqdim edib.
   Beləliklə, Dövlət Kukla Teatrı balaca tamaşaçılarına daha bir dünyəvi nağıl personajını hədiyyə etdi. Onların nağıl qəhrəmanları sırasına Pinokkio da qoşuldu. 

   A.Dadaşova