Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Postsovet dramaturgiyası - senzuradan sonrakı dövrdə əsas istiqamətlər” adlı beynəlxalq dramaturgiya forumunda ölkəmizdən Akademik Milli Dram Teatrının mətbuat katibi, teatrşünas Elçin Cəfərov və dramaturq İsmayıl İmanov iştirak ediblər. Foruma postsovet məkanına daxil olan ölkələrdən teatrşünaslar, teatr tənqidçiləri, dramaturqlar qatılıb. Tədbir çərçivəsində müasir dramaturqların əsərlərindən ibarət toplu dərc olunacaq. Topluda ingilis və gürcü dillərində dərc olunan pyeslər Gürcüstanın teatr ictimaiyyətinin açıq müzakirəsinə çıxarılacaq. Forumda ayrı-ayrı müəlliflərin pyeslərinin, o cümlədən Azərbaycanın Xalq yazıçısı Elçinin “Şekspir” və İsmayıl İmanovla Natella Osmanlının birgə yazdıqları “Lift” pyesinin teatrlaşdırılmış oxunuşu keçirilib. Elçin Cəfərov forumda “Azərbaycan teatrının kökə qayıdışı və müasir dramaturgiyada əsas tendensiyalar” mövzusunda məruzə ilə çıxış edib. 

   Lalə Azəri