Dekabrın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirilib. İttifaqın sədri, Xalq artisti Azərpaşa Nemətov tədbiri açaraq ədibin yaradıcılığının bəzi məqamlarını diqqətə çatdırıb. Qeyd olunub ki, Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır.
   Sənətşünaslıq doktoru Məryəm Əlizadə Hüseyn Cavidin dramaturgiyasından söz açıb. Onun sözlərinə görə, ədibin fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı manerası, forma baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da güclü təsir göstərib, “Cavid teatrı” kimi səciyyələndirilib. Onun dramaturgiyasında dövrün ümumbəşəri, ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri öz əksini tapıb.
   Nizami adına Ədəbiyyat İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya üzrə fəlsəfə doktorları Rasim Nəbioğlu, Cavidə Məmmədova, xalq artistləri Şəfiqə Məmmədova, Cənnət Səlimova mütəfəkkir dramaturqun ideya və düşüncələrindən bəhs ediblər. Bildirilib ki, Cavidin yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri İblis surətində ümumiləşdirilib, işğalçı müharibələrə lənət yağdırılıb.
   Tədbirdə görkəmli rejissor Mehdi Məmmədovun quruluşunda “İblis” tamaşasından fraqmentlər göstərilib, şairin sözlərinə yazılmış mahnılar səsləndirilib.