Bu günlərdə Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Firuz Mustafanın eyniadlı pyesi əsasında hazırlanan “Pələng ili” tamaşasının premyerası keçirildi. İkihissəli dramın quruluşçu rejissoru Ağalar İdrisoğludur.
   
   Pyesdə insan mənəviyyatının ekologiyasında gedən aşınmalar mahiyyətcə müxtəlif qütblərdə dayanan adamlar arasında baş verən konflikt fonunda göstərilir. Hadisələr təbiət qoynunda cərəyan edir. Gənclik illərindən dost olan Nihad, Tumas və Çinar öz həyat yoldaşları ilə böyük şəhərin səs-küyündən, gündəlik gərginlikdən uzaq bir yerdə istirahət etmək qərarına gəlirlər. Onları səfalı bir guşədə meşə gözətçisi Ağa qarşılayıb müşayiət edir. Əvvəlcə hər şey öz qaydasında gedir, hamı deyib-gülür, yeyib-içir, şənlənir, hər kəs öz iş-gücündən söhbət açır.
   Amma hadisələrin sonrakı gedişində sakit vəziyyət tədricən dəyişir, hər bir obrazın daxili aləmi, ambisiyası üzə çıxır. Meşədə qəfil pələng peyda olur. İndi hərə öz canının hayındadır. Bayaqdan bəri bir-birinə can deyən dostları indi bir məsələ düşündürür: necə xilas olmalı? Səmimi, şən bir ab-hava ilə başlayıb, yaltaqlıq və şəxsi mənafeyi güdmək istiqamətində irəliləyən hadisələr ayrı-ayrı xarakterlərin daxili aləmini, iç üzünü göstərir.
   Premyeradan əvvəl çıxış edən millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov dramaturqun yaradıcılığı və əsərlərində fəlsəfi baxışların dərinliyindən söz açdı. “Əsərin səhnə variantından nə dərəcədə razı qaldınız” sualını cavablandıran müəllif isə bildirdi ki, tamaşanın yaxşı alınması üçün bütün heyət öz bacarıq və gücünü sərf edib: “Düzü, heç zaman rejissorların işinə müdaxilə etmirəm. Bu gün bir rejissor, sabah digər rejissor əsərə quruluş verə bilər. Hərənin də öz fantaziyası, öz yozumu var”.
   Quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova olan tamaşada rəqslərin quruluşu və plastika Vüsal Mehrəliyevə məxsusdur. Səhnə əsərində rolları Xalq artisti Tariyel Qasımov, əməkdar artistlər Elşən Rüstəmov, Vahid Əliyev, aktyorlar Kərəm Hadızadə, Sabir Məlikov, Məhərrəm Musayev, Ədalət Əbdülsəməd, Nuriyyə Əliyeva və başqaları canlandırırlar.
   
   Lalə Azəri