İlahə Şəms
   
   Xəyalımın qonağı
   
   Tək-tənhayam sənsiz olan otaqda,
   Sənsizlikdən gözüm dolan otaqda,
   Gəl aşkar ol, gəl gəz-dolan otaqda -
   Xəyalımın qonağı.
   
   Qalma mənim üçün röya olaraq,
   Bir «sayə» olaraq, «guya» olaraq,
   Zuhur eylə eşqə maya olaraq -
   Xəyalımın qonağı.
   
   Sən Tanrıdan mənə sirdaş gəlmisən,
   Nabələd eşqimə yoldaş gəlmisən,
   Haçan deyəcəyəm: «ay xoş gəlmisən» -
   Xəyalımın qonağı?!
   
   Sən düşmürsən tərcümeyi-halıma,
   Son qoymursan könül qeylü-qalıma,
   Daim dustaqsanmı bu xəyalıma -
   Xəyalımın qonağı?!.
   
   İllərdi ki, heç ürəkdən gülmürəm,
   Könlümdəki qəm tozunu silmirəm.
   Biz tanışıq - bir adını bilmirəm -
   Xəyalımın qonağı...
   
   
   Sevgidir...
   
   Niyə bu sevdadan dönə bilmirəm,
   Qalxdığım zirvədən enə bilmirəm,
   Yanıram, yanıram, sönə bilmirəm -
   Bu, sevgidir, qadası...
   
   Dilimin ucunda alovlu bir söz,
   Deyəndə alovdur, deməyəndə köz,
   Elə ilk baxışda dörd olursa göz -
   Bu, sevgidir, qadası...
   
   Çalınmadan səsi gələn ney nədir,
   İçilmədən məst eyləyən mey nədir,
   Əzrayılsız canı alan şey nədir -
   Bu, sevgidir, qadası...
   
   Ayaq yorulanda ürək yürüyər,
   Ətri bütün kainatı bürüyər,
   Bircə an olmasa, dünya çürüyər -
   Bu, sevgidir, qadası...
   
   Yar yoxdusa, bütöv deyil, yarısan,
   Gəncsənsə də, ta qocasan, qarısan,
   Barsız ağac, bal-pətəksiz arısan -
   Bu, sevgidir, qadası...
   
   Əgər ürək için-için yanırsa,
   Bir baxışdan bütöv dastan qanırsa,
   Bostanı bağ, bağı bostan sanırsa -
   Bu, sevgidir, qadası!..
   
   Gecənin hər biri ilə uzanar,
   Gözlər yol götürüb milə uzanar,
   Sözlər qol götürüb dilə uzanar -
   Bu, sevgidir, qadası...
   
   Hansı yarın yarı varsa, yarısın,
   Hansı gənc ki vurulmayıb, qarısın,
   Hansı göldə sona yoxsa, qurusun -
   Bu, sevgidir, qadası...
   
   Gedim görüm subay qızlar neyləyir,
   Bir yarsız var - sızlar-sızlar, neyləyir,
   Sevməsəniz onu sizlər - neyləyər?
   Bu, sevgidir, qadası...
   
   O cavan oğlanın gülünə dəymə,
   Karıxsa - qımışma, dilinə dəymə,
   Qırx gündür yanır o, külünə dəymə -
   Bu, sevgidir, qadası...
   
   Aləm eşqsiz qış, eşq ilə yaydı,
   Fələk elə saydı, mən belə saydım,
   O nədir ki, - dilbilməzə də aydın -
   Bu, sevgidir, qadası...
   
   Hər tale qismətin baxtına baxar,
   Hər sevən şahənşah taxtına qalxar,
   O hiss ki səni bir dərya tək çalxar -
   Bu, sevgidir, qadası...
   
   O nədir ki, göz ilə görmək olmur,
   O nədir ki, könülsüz dərmək olmur,
   Ölüncə imtahan da vermək olmur -
   Bu, sevgidir, qadası...
   
   
   Mənim payım...
   
   Acı bir ağlamaq keçir qəlbimdən,
   Daş-divara qarışıb hay-harayım.
   Haçan ki baxıram qəm pəncərəmdən,
   Görürəm, görünmür heç mənim payım...
   Bu gün niyə belə qoxur bu aləm,
   Sanki quşlar oxur mənimçün ələm,
   Qarşımda kağızla küsülü qələm -
   Yazıram, yazılmır heç mənim payım.
   
   Göylər mənim üçün çiskin ağlayır,
   Ürəyim barışmır, küskün ağlayır,
   Həyatım həyatdan bezgin ağlayır,
   Yozuram, yozulmur heç mənim payım...
   
   Nə var, nə deyirsən, ay könlümdəki,
   Haray könlümdəki, hay könlümdəki,
   Səndən sonra tənha, tay könlümdəki -
   Bir boşluq, bir viran, heç mənim payım!..
   
   
   Yarımçıq nəğmə
   
   Niyə qaldı bu yazımız yarımçıq,
   Sındı sözlər, oldu alayarımçıq,
   Yıxdı evimizi fələk-yalançı -
   Bir də qura bilərikmi o evi?
   
   Gündüzlər gecəyə qovuşdu bizsiz.
   Yollar yoğruldular bir «qoşa iz»siz.
   O yanda işıq yox, bu yan səmirsiz -
   Heç öldürə bilərikmi o divi?
   
   Yaman sevib-sevilirdik bir zaman,
   Yadındamı o ali vaxt, sirr zaman,
   Şəkilçilər dəyişsə də hər zaman -
   Biz qaytara bilərikmi o «sev»i?..
   
   
   Sonluğudur
   
   Gül qız seçər baftalığı,
   Yaşın doqquz-onluğudur.
   Yaşıl parça koftalığı,
   Qırmızısa donluğudur.
   
   Əli, Vəli, Pirvəlilər,
   Hamısı eşqdən dəlilər.
   Dildəki «bəli-bəli»lər -
   Qəlbdəki vurğunluğudur.
   
   On beş yaşdan ötmələri,
   Dillərdə «yar» bitmələri,
   Öz evindən itmələri -
   Yargildə durğunluğudur.
   
   Ay - eşqin baxış nöqtəsi,
   Çay səsi sevgi diktəsi.
   «Oyy», «uyy» nişan işarəsi,
   Toy hicranın sonluğudur...