Xose Orteqa Qasset

 

   Əvvəli ötən sayımızda
   
   Bizim qənaətlərimizin hər hansı komponenti nə qədər dərin və əzəlidirsə, bir o qədər onunla az məşğul oluruq, sadəcə olaraq biz onu qavramırıq. Biz onunla yaşayırıq, o bizim hərəkət və ideyalarımızın əsasıdır. O sanki, bizim arxamızda, yaxud ayağımızın altındadır, ayağımızın durduğu bir qarış torpaq kimidir; deməli, biz onu görə bilmərik, elə bu səbəbdən rəssam da onu kətana köçürə bilməz.
   Biz yeni rəsmin qarşısında onu anlamadan çaşqın vəziyyətdə dayandıqda mənəvi zəminin, ruhi əsasın mövcud olmasını başa düşürük. Buna oxşar hadisə otuz il əvvəl El Qrekonun tablolarına münasibətdə də baş vermişdi. Onu dərk etməyi arzulayanlara, bu əsərlər arzuların dəyib parçalandığı əlçatmaz sahil qayalıqları kimi görünürdü. Müəyyən bir anda Müşahidəçi onunla El Qrekonun rəsmləri arasında keçilməz uçurum olduğunu hiss edirdi; amma xoşbəxtlikdən, rəsmlərə bir-bir baxdıqca gözlənilmədən onlar sanki öz qapılarını taybatay açmağa başladı. Bu, Müşahidəçinin, El Qrekonu öz rəsmləri üzərində işləyərkən idarə edən, kətanın səthi altında gizli, səssiz və dərin qənaətlərin yaşadığını dərk etməsi nəticəsində baş verdi.
   Yaradıcılığı prinsipial “gizli” olan El Qrekonun əsərlərini yüksək dərəcədə fərqləndirən nəsnə keçmiş dövrün istənilən incəsənət əsərini az yaxud çox dərəcədə xarakterizə edir. Yalnız əşyaların dərinliyinə varmaq kimi incə qabiliyyətdən məhrum insanlar düşünə bilərlər ki, onlar çoxdan ötüb-keçmiş dövrlərin bədii əsərlərini çətinlik çəkmədən anlaya bilərlər. Əslində isə, bu əsərlərin əsasını təşkil edən fərziyyə və təsəvvürlərin gizli sisteminin rekonstruksiyası tarixçi və ya filoloqun gərgin əməyi nəticəsində mümkündür...
   Keçmiş incəsənəti bugünkü incəsənətdən ayırmaq məcburiyyəti şıltaqlığımız ucbatından deyil. İlk baxışdan bu incəsənətlər həm maddi əsaslarına görə, həm də oyatdıqları hisslərə görə həmcins görünürlər; lakin elə səthi analizdəcə onların bir-birindən fərqləndiyi üzə çıxır, əlbəttə o şərtlə ki, tədqiqatçı faktları göstərəndə yalnız boz rənglə kifayətlənməsin. Başqa dövrlərin incəsənətindən zövq almaq - əsl zövq deyil. Burada bir qədər istehza da var. İş ondadır ki, biz rəsmlə özümüz arasında rəsmin yarandığı dövrün həyatını, başqa sözlə, o dövrün insanını qoyuruq. Öz dünyagörüşümüzü tərk edib başqa dövrün dünyagörüşünə yollanırıq və beləliklə saxta, uydurulma şəxsiyyətə çevrilirik: bax, həmin bu saxta şəxsiyyət keçmiş dövrün incəsənətindən zövq alır. Şəxsiyyətimizin bu cür ikiyə bölünməsi şüurumuzun ironik halını xarakterizə edir. Bu “arxeoloji” zövqün təmizləyici analizini davam etdirdikcə, qəfildən aşkar edirik ki, biz əslində əsərin yox, o əsərin yarandığı dövrün, həyatın “dadına” baxırıq. Daha ciddi desək, bizim tədqiqat obyektimiz sanki, öz həyati atmosferinə bürünmüş incəsənət əsəridir. Deyilənləri primitiv incəsənət nümunəsində aydınlaşdırmağa çalışaq. Uzaq keçmiş zamanların rəsmlərini “primitiv” adlandırmaqla, biz əsərin müəllifinin ruhunu öz ruhumuzdan daha az mürəkkəb hesab edərək, onun ruhuna, şüuruna istehzalı mərhəmət göstəririk. Bu zaman bizim zövq almağımızın səbəbi də aydınlaşır; biz bir anın içində öz həyatımızdan daha asan, daha geniş və əlçatmaz varolma üsulunun olduğunu dərk edirik, bu həyat bizi öz axınına cəlb edir, bizə hakim olur və bizim ona hökm etməyimizə icazə vermir. Psixoloji nöqteyi-nəzərdən buna oxşar şey körpə ilə ünsiyyətimizdə də baş verir. Körpə indiki zamana aid varlıq deyil: körpə gələcəkdir. Onunla nə öz səviyyəmizdə, nə də onun səviyyəsində uyğunlaşa bilmədiyimizdən, biz mexaniki olaraq o dərəcədə körpələşirik ki, qeyri-şüuri surətdə uşaq kimi kəkələməyə çalışırıq, səsimizə incə, melodik ton veririk; bütün bunları qeyri-nizami can atdığımız təqlid, yamsılamaq idarə edir.
   Mənə etiraz edib deyə bilərlər ki, keçmiş dövrlərin təsviri sənətində zamana tabe olmayan hansısa plastik dəyərlər mövcuddur və bunları yeni, müasir dəyərlər kimi qəbul edib əbədi zövq almaq mümkündür. Bununla bağlı bəzi rəssamların və onların pərəstişkarlarının təsviri əsərin hansısa hissəsini təmiz şablon kimi saxlamaq arzusu, başqa sözlə, ədəbiyyat yaxud fəlsəfə adlanan mənəvi mürəkkəblikdən azad etmək istəyi səciyyəvidir.
   Şübhəsiz ki, ədəbiyyat və fəlsəfə plastikadan çox fərqlənir, lakin hər ikisinin üslubu, özünəməxsus ruhu var. Bu ruhla ünsiyyət prosesindəki çətinliklərdən qurtulmaq xətrinə nəyisə sadələşdirməyə çalışmaq əbəsdir. Çünki nə təmiz şablon, nə də mütləq plastik dəyərlər mövcud deyil. Bunların hər ikisi müəyyən üsluba məxsusdur, ondan asılıdır, üslub isə mühüm həyati təsəvvür və anlayışlar sistemindən törəyir. Ona görə də istənilən dəyərlər, xüsusi ilə də zamana boyun əyməyən kimi hesab etdiklərimiz, başqa dövr incəsənət əsərlərinin yalnız azacıq hissəsini təşkil edir və bu dəyərlər asanlıqla arxa plana itələdiyimiz özünəbənzər digər dəyərlər çoxluğundan zorla qoparılmışdır. Öz gözəlliyini doğrudan da saxlayıb korlanmayan rəsm əsərinin bəzi xüsusiyyətlərini tam aydınlığı ilə üzə çıxarmağa çalışmaq ibrətamiz olardı.
   Çətin və təhlükəli dövrümüzdə baş verənlərdən nəsə mühakimə edilməyə layiq deyilsə, bu, Avropada ibarələrə əl atmadan yaşamaq cəhdinin yarandığından, daha dəqiq desək, həyatın mənasını sözlərdə görməmək arzusundan doğub. İncəsənətin əbədiliyinə inam, yüzlərlə yaxşı kitaba, yüzlərlə yaxşı rəsmə pərəstiş etmək - bütün bunlar keçmiş zamanlarda, burjuaziya incəsənət və ədəbiyyatla ciddi məşğul olmağı özünə borc bildiyi dövrlərdə təbii idi. Indi isə incəsənətə daha “ciddi” iş kimi baxmırlar, ona pafosdan və ciddilikdən arınmış, gözəl və əyləncəli oyun kimi yanaşmağa daha çox üstünlük verirlər və hesab edirlər ki, kim həqiqətən incəsənət vurğunudursa, onun əlçatmaz xırdalıqlarından, gözlənilməzliklərindən zövq alırsa, yalnız onun incəsənətlə məşğul olmaq ixtiyarı vardır. Nəhayət, kim incəsənətin qayda-qanunlarına şüurlu olaraq prinsipiallıqla əməl edirsə, incəsənətlə məşğul olmaq yalnız onun haqqıdır. Əksinə, boş-boşuna incəsənətin əbədiliyindən danışmaq heç nəyi aydınlaşdırmır və heç kimi qane etmir. İncəsənətin əbədiliyi haqqında müddəa mütləq həqiqət kimi təsbit edilmiş digər müddəalarla ifadə olunmur: bu, çox incə problemdir. Yalnız öz allahlarının mövcudluğuna qəti əmin olmayan ruhanilər üçün, bu allahları uca epitetlərin boğucu dumanı ilə əhatələmək bağışlanasıdır. İncəsənətin belə şeylərə ehtiyacı yoxdur - onun üçün günün günorta çağı, dilin dəqiqliyi və azca da xoş yumor lazımdır.
   “İncəsənət” sözünü zamana görə dəyişdirməyə çalışaq. İndiki zaman üçün o bir məna, keçmiş dövr üçün başqa məna verir... Başqa dövrlərin incəsənət dəyərlərini kiçiltməkdən söhbət getmir. Onlar heç yana qaçmır. Amma, hətta onlar çoxluq təşkil etsələr də və doğrudan gözəl olsalar da, buna baxmayaraq bu incəsənət bizə donuq, monoxrom, həyatımızla bilavasitə bağlılığı olmayan kimi görünür, başqa sözlə, sanki mötərizəyə alınaraq həqiqi yox, kvazi incəsənətə çevrilir. Əgər bu çevrilməni bizi ağrıdan itki kimi qəbul ediriksə də, bu, itki ilə yanaşı böyük fayda qazandığımızı dərk etməməyimizdəndir. Keçmişi qəti şəkildə indidən ayırmaqla, biz keçmişə məhz elə keçmiş kimi canlanmağa imkan veririk. Həyatımızın ötüb keçdiyi bir ölçü sistemi, yəni indiki zaman ölçüsü əvəzinə, biz bir-birindən həm təsəvvürcə, həm də hissiyyatca xeyli uzaq olan iki ölçü əldə edirik. Bu əməliyyatın sayəsində insanın aldığı zövq sonsuz genişlənir, çünki insanın tarixi qavrama həssaslığı və qabiliyyəti də artır, kamilləşir. Yeni və köhnəni eyniləşdirəndə, həyat mənzərəsi də monoton görünür. Bizim indiki həyatımız sonsuza qədər çoxalan müxtəlif həyati perspektivlərlə, onların dərinliyi ilə xarakterizə olunur, çünki bizim dünyagörüşümüz də dərinləşir və mahiyyət kəsb edir; özündən əvvəlki dövrə nisbətdə biz keçmişin istənilən dövrünə yeni həyati başlanğıc kimi baxırıq. Yeniliyi görmək isə uzağın ötəsindəki uzağı görmək bacarığımızdan, bəsirətsizlikdən və bugünkünü dünənki ilə zibilləməkdən qurtulmağımızdan asılıdır. Haqqında yalnız indinin terminləri ilə danışılması mümkün olan təmiz estetik zövq öz nigah lojasını zamanın döngələrində quran böyük tarixi zövqlərlə tamamlanır. Bax, bu, Pyer Luinin öz gənclik illərində əlləşdiyi əsl volupte nouvelle-dir.
   Ona görə də burda deyilənlərə etiraz etməyə dəyməz; yanlış fikirlərdən uzaq olmaq və problemi bütün mürəkkəbliyi ilə dərk etməyə çalışmaq daha düzgün olardı. Bu gün bədii sahədəki işlərin vəziyyəti, - elə başqa dövrlərdə olduğu kimi, - yalnız estetik faktorlardan asılıdır kimi illüzor təsəvvürlərdən xilas olmaq lazımdır. İncəsənətə olan məhəbbət və nifrət dövrün mənəvi keyfiyyətlər toplusundan asılıdır. Beləcə, bizim keçmiş dövrlərin incəsənətinə olan münasibətimizdə ürəyimizin incəsənətdən uzaq olan guşələrində doğulan tarixi dəyərlər gur səsini ucaldır.
   Aydın dərk etmək lazımdır ki, dağa baxarkən biz onun yalnız dəniz səviyyəsindən yuxarıdakı hissəsini görürük, ümumilikdə isə, dağın böyük hissəsi bu səviyyədən aşağıda yerləşir. Beləcə rəsm də tamaşaçıya bütünlüklə açılmır, aydın olmur, onun yalnız o düvrün təsəvvürlər səviyyəsindən yuxarı qalxan hissəsi dərk olunur. Rəsm yalnız öz sifətini göstərir, onun gövdəsi isə zaman axınına düşüb yoxluğa yuvarlanır.
   Beləliklə, keçmiş incəsənətin müasir incəsənətdən ayrılması zövqə görə deyil. Mahiyyətcə, Velaskesi köhnəlmiş kimi qəbul edə bilməmək, əksinə onun tablolarından “arxeoloji” zövq almaq adəti, eyni zamanda estetikanın sirlərinə bələd olmamaq deməkdir. Bunu qeyd etməklə, demək istəmirəm ki, qədim rəssamlarla bizim aramızdakı mənəvi distansiya həmişə eyni cür qalır. Məsələn, burda adıçəkilən Velaskes daha az “arxeoloji” rəssamlardan biridir. Düzdür, bunun səbəbini araşdırsaq, görərik ki, onun rəsmlərinin bu xüsusiyyəti onun üstün cəhətlərindən deyil, əksinə nöqsanlarından yaranıb.
   Keçmiş incəsənətdən aldığımız zövq, estetik zövq deyil, həyati zövqdür. Əksinə, müasir incəsənətdən həyati zövq yox, estetik zövq alırıq.
   Keçmişin indidən radikal surətdə ayrılması faktı bizim dövrümüzü tam xarakterizə edir və bizdə elə şübhə oyadır ki, bu illərdə yaşadığımız xüsusi həyəcan hissinin günahkarı məhz odur. Qəfildən Yer kürəsində özümüzü daha çox tənha hiss etdik; anladıq ki, ölənlərimiz zarafat deyil, gerçəkdən ölüblər və daha bizə heç nə ilə kömək edə bilməzlər. Varislik, ənənə ruhunun son qalıqları da yoxa çıxdı. Modellər, normalar və qaydalar daha bizə xidmət etmir. Biz öz problemlərimizi keçmişin aktiv köməyindən məhrum halda, incəsənət, elm yaxud siyasət, fərqi yoxdur, mütləq aktuallıqla həll etməyə məcburuq. Avropalı tənha qalıb, onun yanında tarixin “çayına gedənlər” yoxdur; Peter Şlemil kimi, avropalı da öz kölgəsini itirib. Bu, məhz günorta çağı baş verən hadisədir.
   
   1) Hələ dadılmamış ləzzət, zövq (fransızca) P.Luinin XIX əsrin 90-cı illərindəki əsərləri - “Astarta”, “Leda”, “Ariana”, “Nil sahilində ev” nəsr və poemaları mürəkkəb simvolikaya və müəllifin zəngin erotik fantaziyaya malik olması ilə fərqlənirdi.
   2) Peter Şlemil - A. fon Şamissonun “Peter Şlemilin qeyri-adi tarixçəsi” povestinin qəhrəmanı (1814). Kölgəsini itirmiş insan haqqında danışan yazıçı alman xalq kitablarının nağıl motivlərindən istifadə edərək eyni zamanda öz şəxsiyyətini itirmək təhlükəsi altında olan müasir insanın psixoloji durumunu açır.
   

   Çevirdi: Samir BULUT