Dünyada hələ də qadın-kişi yazarları deyilən bir ayrıntı mövcuddur. Ayrıca olaraq ədəbiyyatda qadın mövzusu var. Ədəbiyyat tarixinə nəzər salsaq görərik ki, qadınların ədəbiyyata gəlişi və qəbul olunması heç də asan olmayıb. Kifayət qədər faktlar var ki, qadın öz yazdıqlarını meydana çıxarmaq üçün kişi ləqəblərindən istifadə etməyə məcbur olub. Ümumiyyətlə, qadınların yazıçı obrazı əsasən 20-ci əsrdən ciddi fakt olaraq qəbul edilməyə başlayıb. Onların ədəbiyyata daxil olması susqun, qapalı, əzilmiş qadın obrazını dəyişdirdi. Müasir qadın maarifçi də olmaq istəmir. Həmçinin müqəddəs ana, sadiq xanım, romantik sevgili rolu da kişi yazarların onların boylarına ölçdüyü obrazlardır. Qadın kişilər tərəfindən qurulan dünyanın yenidən kəşf etməklə onu öz baxış bucağından keçirməyə çalışır. Qadın öz varlığını sübut etmək üçün əsərlər qələmə alır. Qadın yaşamaq mübarizəsinə ədəbiyyatın da gücünü qatır. O daha Mopassanın “Çöldə” əsərində təsvir edildiyi kimi gözəl, lakin hissiz bir varlıq hesab edilən qadın deyil.
   
   Şekspirin bacısı
   

   Virciniya Vulf 1882-ci ildə Londonda dünyaya göz açmışdır. Yazdığı modern romanlarıyla bu qadın dünya ədəbiyyat tarixinə öz adını yazdırıb. 20-ci əsrin ən yaxşı romanları içində onun yazmış olduğu “Dəniz fənəri”, “Yakobun evi” ,”Pərdə arxası”, “Özünə aid bir ev”, “Gecə və gündüz”, “Dalğalar” tipli əsərləri modern nəsr nümunələri hesab olunur.
   Virciniya Vulfun qadın yazarların manifestinə çevrilmiş «Özünə aid bir otaq» əsərində Şekspirin bacısı ilə bağlı bir hissə var. Virciniya Vulf burada Şekspir səviyyəsinə çatacaq bir qadının olmayacağını iddia edən bir keşişin iddialarına cavab verir. Doğrudan da, qadına nə vaxt cəmiyyət həyatında kişilərlə bərabər rol oynamaq imkanı verildi ki, onların dühası, görkəmli qadın yazar meydana çıxmadı?
   Bu qadın yazarlarından biri və bəlkə də ilkini Virciniya Vulf oldu.
   
   Romanlar ustası
   
   1941-ci ildə depressiyaya düşmüş Vulf intihar edir.
   V.Vulfun ölümündən sonra onun 26 dəftərlik gündəliyi tapıldı. Bu dəftərlərdə yazıçının 27 il boyunca düşündükləri, həyatının müxtəlif anları, yazacağı əsərlərin mövzuları və sairə geniş şəkildə qeyd edilib. Bu qeydlərdə yazıçı, həm də bir insan olaraq cəmiyyət həyatını, insan yaşamını və bu üzdən özünün qarşılaşdıqlarını açıq şəkildə göstərir, təhlil edir, nəticə çıxarır. Bu gündəlik həm də bir qadının cəmiyyət həyatına baxışlarıdır. Burada o, axtarır, qadının kimliyini ortaya çıxarmaq istəyir. Gündəliklər tapıldıqdan sonra kitab şəklində çap edilir. Kitab haqqında belə deyilir:
   “Bir qadın dəyişmək istəyirsə, mütləq bu gündəlikləri oxumalıdır”.
   
   Şeir kimi “Dalğalar”
   
   1931-ci ildə “Dalğalar” adlı romanını yazan Vulf əsərdə 3 kişi və 3 qadının uşaqlıqlarından yaşlılıq dövrünə qədər həyatlarını təsvir edir. Burada kişilərin iç dünyasına da baş vurulur. “Şeir olmayan bir şey nə üçün ədəbiyyata gəlməlidir” deyən yazıçı bu romanını dalğa səsinə uyğun, esse-şeir üslubunda qələmə alıb. Onun ikinci əsəri olan “Gecə və Gündüz” romanı modern üslubundan fərqli olaraq klassik realizmə söykənilməklə yazılıb. «Gece və Gündüz» Virciniya Vulfun ikinci romanıdır. Əsərdə dövrün atmosferi, baş verən hadisələr real qələmlə təsvir edilir. Hadisələr Birinci Dünya müharibəsi dövründəki Londonda baş verir. Burada qadın haqları, sinfi fərqliliklər,mücadilələr, ümidlər obrazların xarakterik xüsusiyyətləri ilə çuğlaşmaqdadır. Katirina, Meri, Ralp kimi modern düşüncəli insanlar romanda fikir və ruh düşüncəsinin simvolları olaraq göstərilir.
   “Pərdə arxası” romanında isə yazıçı insanın məhz pərdə arxasındakı real həyatını göstərmək istəyir. Qapalı salonda seyrçi olan insanlar, görəsən, bəs nə üçün özlərinin səhnə arxasındakı gülünc həyatlarını görmək istəmirlər? Sadəcə, yaşamaq instiktlərinə görəmi? Romanda iki dünya müharibəsi arasındakı vaxt da simvolik surətdə göstərilir. Məhz bu vaxt ərzində insanlar, sadəcə pərdə arxasında yaşamlarını davam etdirmişlər.
   “Yakobun evi”ində isə İngiltərəni Birinci Dünya müharibəsinə sürükləyən cəmiyyət dəyərlərinin aparıcı daşıyıcılarından olan Yakobun elə bu müharibənin qurbanına çevrilməsindən bəhs edilir. Bu kontekstdə həm də ölümündən sonra Yakobun evində, yaşamış olduğu cəmiyyətdə yaranan boşluq nəzərə çatdırılır. Roman ümumilikdə müharibə qurbanlarına həsr edilib.
   
   Vulf və Azərbaycan
   
   Əlbəttə, özümüzü İngiltərə kimi böyük ölkələrlə müqayisə etmək fikrindən uzağam. Lakin bu bir faktdır ki, bizim ədəbiyyatda bir qadının yaşamı, özü də cəmiyyət həyatının bütün konturları, təsirləri fonunda edilməyib. Konkret desək, ədəbiyyatımızın qadını yoxdur. Bədiiləşmiş qadın obrazına rast gəlmirik. Olan isə, sadəcə qapalı, sanki məxsusi düşüncəsi, xarakterdən məhrum obrazlardır. Anarın məşhur Təhminə obrazının məşhurluğunun yeganə səbəbi də məhz bunda idi: bizim cəmiyyətdə ilk dəfə olaraq qadın dünyası ədəbiyyatda özünə yer tuturdu. Çox təəssüf ki, bu missiya davam etmədi. Və bunu davam etdirəcək qadın yazarlarımız da yetişmədi. Bizim qadın yazarlar da, əslində kişiləri təqlid etməklə məşğul oldu. Halbuki, ilk növbədə onlar qadın dünyasını, həyatını təhlil etsəydilər, ədəbiyyatımıza daha xeyirli olardı. Bu gün Azərbaycan qadınının problemləri ilə məşğul olan dövlət orqanı, ictimai təşkilatlar da var. Lakin bu problemləri önə çəkəcək yazar yoxdur. Bu yaxınlarda Varisin qadınlarımızım bir qisminin həyatından bəhs edilən kitabını oxudum. Burada qadınlar, sadəcə statistik insan kimi təsvir edilir. Məhz qadın yazar bizim cəmiyyət qadınının problemlərini yazmalıdır, qadının bədii obrazını ortaya qoymalıdır ki, necə deyərlər, kişi yazarlar da bunula hesablaşsınlar. Adicə bir mövzu məsləhəti. Qadın yazarlarımız (elə kişi yazarlar da daxil) qoy təsvir etsinlər: bir qadın Qarabağda gözünün qarşısında yenicə qurduğu yuvanın-tikib başa çatırdıqları evin yanıb kül olması mənzərəsini necə yaşaya bilərdi? Məncə, kişilərə qoşulub eyni tipli vətən şeirlərindənsə, qadın həyatını daha ciddi surətdə ədəbiyyatımıza gətirəcək qadın yazara ehtiyac var. Məncə, bu baxımdan V.Vulfdan öyrənmək lazımdır. Eyni zamanda, qeyd edim ki,bu yazıçının adı bizdə tanınsa da, əsərlərinin dilimizə çevrilişi, demək olar ki, yoxdur.
   
   S.Arran