Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunan “Naxçıvan xanlığı” adlı kitab işıq üzü görüb. Rusiyanın Sankt-Peterburq və Moskva şəhərlərindəki arxivlərdə saxlanılan sənədlərə istinad olunaraq yazılan kitabın müəllifi Mehriban Ələkbərzadə, elmi redaktoru isə akademik İsa Həbibbəylidir. Kalbalı xan və Hüseyn xan Naxçıvanskilərin, eləcə də Mənsur ağa və Əşrəf bəy Kəngərlilərin həyat və fəaliyyətləri, döyüş yollarından bəhs olunan kitabda xanlıqların siyasi həyatı, Rusiya-İran münasibətləri nəticəsində ərazinin işğalı və digər məsələlər geniş tədqiq edilib. Kitabda həmçinin tarixi xəritələr, Naxçıvan xanları və onların ailə üzvlərinin fotoları da əks olunub.