Orxan Pamuk

   roman (1992-1994)  

 

   Əvvəli ötən sayımızda
  
   Qaranlıq səkilərdə, iri zibil qabları vardı, palçıqlı divarın dibi ilə sürətlə yeridim və hər addım atanda yeni dünyanın reallaşdığını gördüm. Uşaqlıq vaxtlarında gördüyüm çinar və qovaq ağacları həmin çinar və qovaq ağacları idi, amma məni onlara bağlayan xatirələrin, yadda qalan günlərin gücü yox olmuşdu. Yorğun ağaclara, ikimərtəbəli tanış evlərə, təməlindən, quyusundan başlayaraq ta damının kirəmitinə qədər necə hazırlandığını uşaq vaxtı görmüşdüm sonra da içində oynadığım kirli binaları həyatımın ayrılmaz hissəsi kimi yox, haçansa necə çəkdirdiyimi yaddan çıxardığım bir şəkil kimi baxdım. Kölgələri, pəncərələri, bağçadakı ağacları, ya da giriş qapısına yazılmış hərfləri nişanları ilə tanıyırdım, amma tanıdığım şeylərin təsirini daxilimdə heç hiss eləmirdim. Əvvəlki dünya orda, qarşımda, küçələrin içində idi. Tanış baqqal vitrinləri, Ərənköy stansiyasının işıqları, hələ də yanan çörək sobası, meyvəsatanın meyvə qutuları, əl arabaları, “Həyat” şirniyyat evi, köhnə yük maşınları, müşəmbələr və qaranlıq, yorğun insan üzləri gözümün qabağına gəlirdi. Gecə işığında yavaş-yavaş titrəyən bütün bu kölgələrə qarşı, ürəyimin bir hissəsi buz bağlamışdı. Orda da günah kimi gizlədiyim kitabı aparırdım. Məni mən eləyən bütün bu tanış küçələrdən, islanmış ağacların kədərindən, səkilərdəki su yığınından, asfaltda əks olunan neon hərflərinin və meyvə-tərəvəz satanın, qəssabların dükanının işıqlarından qaçmaq istəyirdim. Zəif külək əsdi və kitabın mənə verilən bir sirr olduğunu yəqinləşdirdim. Qorxuya qapıldım, hər hansı bir adamla danışmaq istəyirdim.
   Məhəllədəki dostlarımın bəzilərinin hələ axşam yığışıb kart oynadığı, televiziyada futbol yarışına baxdığı, bir-birləri ilə görüşmək üçün gəldikləri dayanacaq meydanındakı “Gənclər” çayxanasına girdim. Arxadakı stolda atasının ayaqqabı təmiri dükanında işləyən bir tələbə ilə həvəskarların stadionunda futbol oynayan başqa bir qonşu televizorun ağ-qara işığının altında söhbət eləyirdilər. Qarşılarında oxuna-oxuna səhifələri bir-birindən aralanmış qəzet, iki çay stəkanı, siqaretlər və baqqaldan alıb stolun altında gizlətdikləri bir pivə şüşəsi gördüm. Kiminləsə xeyli, bəlkə də saatlarla danışmaq istəyirdim, amma başa düşürdüm ki, o adamlarla danışa bilməyəcəyəm. Qəfil az qala gözlərimdən yaş axıdacaq qədər güclü bir kədər içimi bürüdü, qürurla səksəndim, ayıldım. Ruhumu açacağım adamları kitabdakı dünyada yaşayan kölgələrin arasından seçməli idim.
   Beləliklə, öz gələcəyimə tamamilə sahib olmaq istədim, amma bilirdim ki, indi mənə yalnız kitab sahibdir. Kitab daxilimə təkcə bir sirr və günah kimi hopmaqla kifayətlənməyib, məni yuxu kimi, bir növ lallığa məhkum eləmişdi. Mənimlə danışa bilən, mənə oxşar adamlar, ürəyimdə səslənən yuxunu tapacağım ölkə, kitabı oxumuş başqa adamlar haradadırlar?
   Dəmir yolunu keçib ara küçələrə girdim, tökülərək asfalta yapışmış sarı yarpaqları əzdim. Qəfil daxilimdə dərin bir optimistlik baş qaldırdı. Həmişə belə sürətlə yerisəm, heç dayanmasam, səfərə çıxsam, sanki kitabdakı dünyaya çatacaqdım. İçimdə işıltısını hiss elədiyim yeni həyat uzaq bir yerdə, bəlkə də əlçatmaz bir ölkədə idi. Amma irəlilədikcə ona yaxınlaşdığımı, ən azından əvvəlki həyatımın arxada qaldığını hiss eləyirdim.
   Qumsallığa çatanda dənizin qapqara görünməyinə təəccübləndim. Niyə bu günə qədər gecələr dənizin bu qədər qaranlıq, qatı və qəddar olmağına fikir verməmişdim? Sanki nəsnələrin də, dili var idi, kitabın məni bürüyən müvəqqəti səssizliyində bu dili az da olsa, eşidirdim. Xəfif-xəfif dalğalanan dənizin ağırlığını, eynən kitabı oxuyanda qarşılaşdığım geriyə qayıdışı olmayan öz ölümüm kimi qəfil hiss elədim, ölümün bəxş elədiyi “Hər şey sona çatdı” duyğusunu yox, həyata təzəcə başlayan adamın marağı daxilimdə tərpənirdi. Qumsallıqda o baş, bu baş yeridim. Uşaq vaxtı məhəllədəki dostlarımla cənub fırtınasından sonra küləyin gətirib yığdığı konserv qablarının, rezin topların, butulkaların, çimərlik ayaqqabılarının, paltarasanların, lampaların, plastik oyuncaqların içində xəzinənin sehrli bir əşyasını, yaxud bilmədiyimiz işıltılı və yeni bir şey axtarırdıq. Qəfil inandım ki, kitabın işığından işıqlanmış baxışımda köhnə dünyanın və həmin dünyanın hər hansı bir əşyasını tapıb araşdırsan, o əşya uşaq vaxtı axtardığım şeyə çevriləcək. Eyni zamanda kitabın məni dünyada tək qoyduğuna olan inam hissi mənə elə güc gəldi ki, elə zənn elədim ki, qaranlıq qəfil dənizdən qalxaraq məni qoynuna çəkib udacaq.
   Təşvişə düşdüm, sürətlə yeridim, amma bunu hər addımımda yeni bir dünyanın reallaşdığına görə yox, tez otağımda kitabımla tək qalmaq üçün edirdim. Sürətlə yeriyəndə özümü hələ indidən kitabın fışqıran işığından yaradılmış adam kimi görürdüm. Bu da məni sakitləşdirirdi. Atamın yaşıdı, Dövlət Dəmiryolu İdarəsində işləyib müfəttişliyə qədər yüksələn yaxşı bir dostu var idi. “Dəmiryolu” jurnalına dəmiryolu haqqında məqalələr yazırdı, eyni zamanda yazdığı və şəkillər çəkdiyi uşaq romanları “Yeni gün uşaq macəraları” seriyasından nəşr olunurdu. Dəmir yolunda işləyən Rıfqı əminin mənə bağışladığı “Pertev və Peter” yaxud “Kamer Amerikada” adlı kitabları oxuduğum vaxtlar da qaça-qaça evə qayıdıb kitab oxumaq istədiyim vaxtları xatırladım, amma o uşaq kitablarının hamısının sonu var idi. Orda üç həriflə eynən filmlərdəki kimi “Son” yazılırdı və o üç hərifi oxuyanda getmək istədiyim sehrli diyarın dəmiryolçu Rıfqı əminin uydurduğu bir məkan olduğunu kədərlə anlayırdım. Oxumaq üçün evə qaçdığım kitabın isə tamamilə həqiqət olduğunu bilirdim, buna görə də kitabı daxili dünyamda gəzdirirdim. Bu səbəbdən də, iti-iti yeriyirdim, nəmli küçələr mənə yalan və kiminsə məni cəzalandırmaq üçün verdiyi ev tapşırığı kimi görünürdü mənə. Mənə elə gəlirdi ki, kitab dünyada nə üçün yaşamağım haqqında danışırdı. Dəmiryolunu keçdim, məscidin yanı ilə yeriyəndə az qala suya düşəcəkdim ki, birdən görüb tullandım, ayağım ilişdi, səndələdim, yıxıldım və bədənim bütövlükdə palçığa batdı. Tez qalxaraq yoluma davam eləyəcəkdim. Bu vaxt “Aman yıxılacaqdın, balam”, -dedi. Yıxılıb palçığa batdığımı görən qoca dedi: “Heç nə olmadı ki?”
   “Olub”, dedim. “Dünən atam ölüb, bu gün basdırmışıq. Axmaq idi, həmişə içirdi, anamı döyürdü, bizim burda yaşamağımızı istəmirdi, mən bir neçə il Viranbağda yaşamışam”. Bu Viranbağ da hardan ağlıma gəlmişdi? Bəlkə qoca da danışdıqlarımın yalan olduğunu başa düşürdü. Birdən özümü çox ağıllı hiss elədim. Dediyim yalana, kitaba, yoxsa qocanın üzünün qızardığına görə, bir sözlə, nəyə görəsə öz-özümə dedim: “Qorxma, qorxma, get! O dünya kitabdakı dünyadı, əsl dünyadı!” Amma qorxurdum.
   Niyə görə?
   Ona görə ki, kitabı oxuyub həyatı alt-üst olan mənim kimilərin başına gələnləri eşitmişdim. Fəlsəfənin əsaslarını oxuyub elə oxuduğu hər sözə haqq qazandırıb səhəri gün Yeni İnqilabi Proletarlara qoşulub üç gün sonra da, bank soyanda tutulub on il həbs olunanların hekayələrini eşitmişdim. Yaxud “İslam və yeni əxlaq”, “Qərbləşmə xəyanəti” kimi kitablar oxuyub bir gecə də meyxanadan məscidə keçən və buz kimi soyuq xalçaların üstündə, gül suyunun qoxusu içində əlli il sonrakı ölümü səbrlə gözləyənlər haqqında da bilirəm. “Eşqin azadlığı” və “Özümü tanıdım” kimi kitablara aludə olanları da tanımışdım. Bunlar daha çox bürclərə, yaradılışa inanan insanlar idilər, amma onlar da ürəklə “Bu kitab bir gecə də bütün həyatımı dəyişdi” deyirdilər.
    Əslində, məni düşündürən bu qorxunc mənzərənin səfaləti deyildi, mən tənhalıqdan qorxurdum. Mənim tək axmağın böyük ehtimalla son fikri belə də ola bilərdi, - kitabı səhv başa düşmüşdüm, səthi olmaqdan yəni, hamı kimi olmadığıma görə, eşqdən boğulub və hər şeyin sirrini bilərək bu sirri heç bilmək istəməyənlərə danışıb gülünc olmaqdan, həbsə düşməkdən, dəli kimi görünməkdən və nəticə etibarı ilə, dünyanın mənim zənn elədiyimdən də, zalım olduğunu bilməkdən və gözəl qızlara özümü sevdirə bilməməkdən qorxurdum. Çünki əgər kitabda yazılanlar doğrudursa, həyat o səhifələrdən oxuduğum kimidirsə, elə bir dünyanın mövcudluğu mümkündürsə, onda niyə hələ hamı məscidə gedir, çayxanalarda niyə boş-boş söhbət eləyirlər və niyə hər axşam darıxmamaq üçün televizora baxırlar, əlbəttə, bütün bunlar başa düşüləsi şeylər deyil. Küçədə də baxmağa televizordakı kimi maraqlı şeylər ola bilər. Məsələn, maşın sürətlə keçər, at kişnəyər, yaxud sərxoş bir adam qışqıracaq deyə bəzi adamlar pərdələrini tam çəkməzlər.
   Yarı çəkilmiş pərdənin arasından içinə xeyli baxdığım evin ikinci mərtəbəsinin dəmiryolçu Rıfqı əminin olduğunu nə vaxt hiss elədiyimi bilmirəm. Həyatımın bir kitabla başdan-ayağa dəyişdiyi günün axşamı bəlkə də, inistinklə ona salam yollayardım. Fikrimdə qəribə bir istək yaranmışdı, atamla axırıncı dəfə onun evinə getdiyim vaxt gördüyüm ev əşyalarını bir də görmək istəyərdim. Qəfəsdəki sarıbülbülləri, divardakı barametri, xüsusilə çərçivəyə saldırılıb asılmış qatar şəkillərini, yarısına likor dəstləri, minatür vaqonlar, gümüş bir qəndqabı, dəmiryolunun xidmət medalları, digər yarısında da, qırx-əlli kitab yerləşdirilmiş vitrinli büfet və üstündə də, istifadə olunmamış samovarı, stolun üstündəki kartları görmək istəyirdim. Yarısı açılmış pərdədən onu görmürdüm, amma televizorun işığını görürdüm.
   Qəfil hara gəldiyimi bilməyərək qaranlıq binanın bağçasını səkidən ayıran divara çıxdım və Rıfqı əminin dul arvadı Ratibə xalanın başını və televizoru gördüm. Ərinin boş kreslosuna 45 dərəcə çevrilib, oturub televizora baxanda eynən anam kimi başını çiyninə qoymuşdu, amma anam kimi paltar toxumaq əvəzinə, fıs-fıs siqaret çəkirdi.
   Gecə anam yatandan sonra stulda dimdik oturub, qollarımın, dirsəklərimin, əllərimin arasında dayanan kitaba baxanda məhəllənin və şəhərin sönmüş işıqlarını, boş və nəmli küçələrinin hüznünü, bir-iki vaxtsız qarıldayan qarğanı, ən axırıncı şəhər ətrafı qatarlarından sonra keçən uzun yük qatarlarının səbirli taqqıltısını, gecə vaxtı bizim məhəllənin özəlliyini qoruyan hər şeyi, yavaş-yavaş, həyəcanla, çoşquyla, xoşbəxtliklə unutduğum və özümü bütünlüklə kitabdan fışqıran işığa verdim. Beləliklə, həyatımın və xəyallarımın yaratdığı kino qapıları, sinif yoldaşlarım, gündəlik qəzetlər, limonadlar, futbol yarışları, sinif sıraları, gəmilər, gözəl qızlar, arvadım, iş stolum, kiçik dərdlərim, çatdıra bilmədiyim ev tapşırıqları, köhnə pencəklərim, üzüm, gecə köynəyim, aldığım jurnallar, siqaretim, hətta düz arxamda olan ən etibarlı vəfasızlıq üçün məni gözləyən yatağım tamamilə fikrimdən çıxdı. Mən orda, o işıqdan düzəldilmiş ölkədə idim.
  
   Türkcədən uyğunlaşdıran:
   Fərid Hüseyn