Mayın 16-da Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində görkəmli dövlət xadimi, akademik Vəli Axundovun (1916-1986) 100 illik yubileyi ilə bağlı ixtisasartırma kursunda olan dinləyicilər üçün lektoriya təşkil edilib.
Mərkəzin Sistemli təhlil və proqram təminatı laboratoriyasının müdiri Nərmin Gəncəliyeva çıxış edərək Vəli Axundovun həyat və fəaliyyətindən söz açıb, onun elmi və ictimai-siyasi fəaliyyəti ilə müasir Azərbaycan tarixində dərin iz qoyduğunu bildirib.
Qeyd olunub ki, Vəli Axundov 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi kimi respublikaya rəhbərlik edib. Görkəmli tibb alimi həmçinin respublikada səhiyyə işinin böyük təşkilatçılarından biri olub.
Lektoriya zamanı dinləyicilərə Vəli Axundovun həyat və fəaliyyəti haqqında təqdimat nümayiş etdirilib. Təqdimatda Ümummilli lider Heydər Əliyevin, akademik İsmayıl İbrahimovun və Vəli Axundovun qızı Nigar Axundovanın fikirləri, xatirələri əksini tapıb.