Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günü ilə əlaqədar onun anadan olduğu Şəki şəhərində “Poeziya günü” keçirilib.
  
    Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının akt zalında tanınmış ziyalılar, şairlər, Milli Məclisin deputatları və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq, artıq Şəki şəhərindəki 1 saylı orta məktəbə B.Vahabzadənin adının verildiyini bildirib: “Tezliklə şəhərdəki parklardan birində şairin büstü qoyulacaq, ərazidə geniş abadlıq işləri aparılacaq. Tədbirlər planında, həmçinin hər il avqustun 16-da, şairin doğum günü Şəkidə “Bəxtiyar poeziya günləri”nin keçirilməsi də nəzərdə tutulub”.
   Tədbirdə Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov, deputatlar Aqil Abbas, Sabir Rüstəmxanlı, xalq şairi Zəlimxan Yaqub, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Adil Cəmil, professor Şirməmməd Hüseynov, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslan və başqaları çıxış edərək, Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı böyük xidmətlərindən danışıb, onun yaradıcılığının müxtəlif məqamlarına toxunub, şairlə bağlı xatirələrini bölüşüblər. Natiqlər şairin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəkidə belə bir ənənənin əsasının qoyulmasını olduqca vacib və əhəmiyyətli hesab ediblər. Gələcəkdə bu cür tədbirlərə türk dünyasının yazarları və tanınmış ədəbiyyat xadimlərinin də dəvət olunması təklif olunub. Çünki Bəxtiyar Vahabzadə təkcə Azərbaycan ədəbiyyatı və şeirinin deyil, bütövlükdə Türk dünyasının görkəmli isimlərindən biri idi.
   Şairin ailəsi adından professor Fərman İsmayılov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını dilə gətirib.