Əbdülmalik Bahori
   
   Əbdülmalik Bahori ədəbiyyatın bütün janrlarını çiynində daşıyan yazıçı pleyadasına aid olan yazıçılardandır. O, şair, nasir, dramaturq, publisist və tərcüməçidir. Ə.Bahorinin ilk şeiri 60 il bundan qabaq çap olunub. Həmin vaxtlardan onun şeirləri, povestləri, dram əsərləri oxucular tərəfindən böyük rəğbət qazanıb. Ə. Bahori haqlı olaraq Tacikistan fantastik nəsrinin patriarxı adlandırılır. Onun yaradıcılığının bir hissəsini dünya ədəbiyyatından tərcümələr təşkil edir. Ədibin fəaliyyəti Tacikistan Respublikasının ən yüksək mükafatı - Rudak, mükafatı ilə dəyərləndirilib. 
   

   Hekayə

   Validjon dünyada, nə olursa olsun, heç bir futbol yarışını qaçırmayan futbol azarkeşlərindəndir. Oyun keçiriləcəyi elan olunan kimi, o hər şeyi atıb stadiona qaçır. İndi o, stadionun qərb tərəfindən on beşinci cərgədə oturub, əllərini səbirsizcə ovuşduraraq futbolçuların oyununu diqqətlə izləyir. Validjonu futbol oyunu zamanı izləmək maraqlıdır. Topu baxışları ilə izləyərkən, xoruz kimi boynunu qabağa dartır, gah gözlərini qıyır, gülməli şəkildə yerində yırğalanır.
   Validjonun bir tərəfində yaşlı biri, digər yanında isə qısa saçlı bir qız oturub. Validjon oyunla maraqlandığı üçün yanındakılara fikir vermir.
   Futbolçuların sahədə ora-bura qaçdıqlarını görəndə Validjon sağa-sola əyilir baxır. Onun üzünün cizgilərindən, mimikasından azarkeşin nə hisslər keçirdiyini - ümid, sevinc, məyusluq və hətta qəzəb - müəyyən etmək olar.
   Gözlənilmədən Validjon yanında oturanın dizinə zərbə endirdi və onun etirazedici baxışlarına əhəmiyyət verməyərək dəhşətli şəkildə çığırdı:
   -Eh, belə məqamı qaçırdı. Mənsə düşündüm ki, qol vuracaq!
   Sonrakı anda Validjon dərindən nəfəs alaraq, yenidən yanında oturan yaşlı adamın dizinə vurdu.
   - Hə, hə, - onun güclü səsi ətrafa yayıldı - Tez ol! Özün apar, özün! Zərbə vur! Eh, qapının üstündən keçdi...vay-vay!
   Oyun yenidən başladı, amma Validjon sakit ola bilmirdi.
   - Avaralar! Guya qaçmaq öyrəniblər. Boş qapıya qol vura bilmirlər..Eh..
   Yaşlı adam yanında oturan səs-küylü yoldaşa bildirdi:
   - Özünü nə hesab edirsən, sakitcə futbola baxa bilmirsən?
    Validjon, deyəsən, indi anladı ki, stadionda yeganə azarkeş deyil.
   - Bağışlayın, əmi - əlinin içini bağrına sıxaraq dedi. Elə həmin dəqiqə var səsi ilə bağırdı:
   - Hakimlər yalançıdırlar. Altı nömrəli oyunçunun əli topa toxundu!
   O hiddətlənərək elə əl elədi ki, yanındakı yaşlı və qısa saçlı qız yerlərindən dik atıldılar.
   - Yaxşı, yaxşı! - yaşlı adam deyindi - İndiki zamanın azarkeşləri kobud, bayağırdırlar!
   - Boş pəyə, vurağan inəkdən yaxşıdır- utancaq tərzdə qız əlavə etdi.
   Belə ki, onlar Validjonun vecinə deyildilər. O, gözlərini çəkmədən sahədə baş verənləri izləyirdi. Gözlənilmədən yorulmaz azarkeş “ura” sədaları altında papağını çıxardıb havaya atdı.
   - Küncdən zərbə! Eşidirsiz? Küncdən, - gah yaşlı kişini, gah da qızı dartışdıraraq, sevinclə qışqırdı - Artıq qol olacaq!
   - Siz sakitləşəcəksiz, ya yox? - Validjonun səsini kəsmək üçün qız qışqırdı - İnsanlar stadiona istirahət etməyə gəlirlər, siz neyləyirsiz?
   - Bacı, mən sevincdən beləyəm, sevincdən - Validjon başını çevirərək bildirdi və birdən qızı yavaşca çimdiklədi.
   - Dələduz! - qız dedi - Əsl xuliqan!
   - Düzdü, xuliqan, - Validjon başını çevirərək təsdiqlədi - O ki badalaq gəldi. Doqquzuncu. Özünüz gördünüz!
   Bu vaxt bizim komandamız qonaq komandanın qapısına qol vurdu. Stadion dəniz kimi coşdu. Hamı yerindən qalxdı, əllərini yelləməyə başladı.
   Sevincdən özündə olmayan Validjon birdən yanındakı qızı qucaqladı və öpdü. Qız isə əvəzində ona sillə vurdu.
   Səs-küy yatdıqdan sonra, Validjon incimiş şəkildə qızdan soruşdu:
   - Niyə məni vurdunuz?
   - Niyə?! Qız hiddətindən bilmədi nə desin.
   - Axı qol vurmuşdular - yaşlı kişi gülərək köməyə gəldi.
   - Mənim papağım hanı? - Validjon birdən ayılaraq soruşdu.
   - O, evinizə gedib, - kimsə zarafat etdi.
   - Heyif, tapılmayacaqsa, dünən almışdım. Amma əla qol idi! Vay -vay..
   İkinci hissədə Validjon tək oturmuşdu. Yaşlı adam və qısa saçlı qız başqa yerdə əyləşmişdilər.
   
   Tərcümə edəni:
   Turan