Bəhram Ruziməhəmməd
   
   Sadə şeylər haqqında
   
   Xoşbəxtlikdən
   Quşlar öz caynaqlarını
   Yumruq kimi sıxa bilmirlər.
   Yalnız öz dişlərinə arxalanır
   Ovunun üzərinə atılan pələng.
   Bu nəhəng yumruq,
   Bu çəkicəbənzər yumruq
   
   Təkcə insanın alnına yazılıb,
   Bu yumruğun altında
   Oyuncağa çevrilir.
   Öz ovunu parçalayan pələng...
   
   Qabdakı alovun ləçəyi
   Qarın soyuğunu udaraq
   Mənə ötürür,
   Mənsə tamaşa edirəm ona.
   Əlimi tutanda
   qabdakı tonqalın alovuna
   hər dəqiqə daha çox donur ovuclarım...
   
   Nədəndi, küçük hürəndə
   ehtiyatlanır yolçu...
   Axı - eyni səs
   pişiyə miyoltutək
   pələngə - nəriltitək xasdır.
   O günahkar deyil ki, hər dəfə
   nəfəs almaq istəyəndə belə
   ağzını açan kimi
   daima oradan
   eyni səs çıxır:
   «hav... hav... »
   
   Nifrətin izahı
   
   Əgər mənim kirpiklərim
   ox kimi nişan alacaqsa,
   mən kirpiklərsiz qalmağa razıyam.
   
   Sinəsindən yapışaraq yıxılan
   və yıxılarkən
   gülümsəməyə macal tapmayan
   birisini görəcək mütləq
   mənim kirpiksiz gözlərim.
   

   Üçlüklər
   
   Məndən «ürəyin nə istəyir» deyə soruşur
   qurbağalarla bir yerdə yaşayan
   qızıl balıq.
   
   * * *
   Dincəlmək istədi
   lakin səhərə qədər
   qar adamı kimi əridi tufan.
   
   * * *
   Əlləşdirdilər nəğməni
   və barmaqlardan düzəldilmiş
   qəfəsə sıxışdırdılar.
   
   * * *
   Zülmətin qaranlıq qucağında
   qar kimi ağarır buxar gəmisi.
   Dəniz qan və süd rənglərində dalğalanır.
   
   Eşkobil Şükür
   
  
 Ən qədim nəğmə
   
   Ulduzlar titrəyir lal bir heyrətlə,
   Göylərin halı da acınacaqlı.
   Qızın sinəsində ay parıldadı
   Ondan geridə də sonsuz qaranlıq.
   
   Mərmər ağ bədəni üstündə qızın
   Mirvari bərq vurur, parıldayaraq.
   Səs-küylə bölünür gümüşü şüa
   Minlərlə tük arasında qalaraq.
   
   Ulduzlar titrəyir lal bir heyrətlə,
   Göylərin halı da acınacaqlı.
   Qızın sinəsinin üstünə düşüb
   Ayın paralanmış iki parçası.
   
   Mən öz ürəyimi daşlara açdım
   
   Mən öz ürəyimi daşlara açdım
   Bir düşünün, parçalandı o daşlar.
   Mənim gözlərimdən su içmək üçün
   Baxın a, sırayla ötürdü quşlar.
   
   Elə ki, yuxumu suya danışdım
   Baxın a, qəfildən düşdü soyuqlar.
   Dilimi kömürlə damğalamaqçün
   Dəhşətdi, od tutub alışdı sular.
   
   Yağışa söylədim mən öz ağrımı
   Köndələn yağışlar, şırnaqlar kəsdi.
   Gülləri yığmaqçün mənim ovcuma
   Bir dəstə qız çəmənzara tələsdi.
   
   Mən Aya söz açdım məhəbbətimdən,
   Ay da bədirləndi, ay da qızardı,
   Doymaq üçün nəğməsiylə qəlbimin
   «Ah! Ah!» kəlmələri artdı, uzandı.
   
   Siracəddin Səyyid
   
   
Dəvə qəbirləri
   
   «Ey sarvan» - deyə
   bir səda yayılır
   Sədi qəzəllərinin səhrasından.
   
   «Ey sarvan...» - deyə
    bir səda dolanır qum üzərində...
   «Karvan yoxdur» - deyə
   gülür yoxsul
   
   «Ey sarvan...»
   şəhərlər yanır,
   karvansaralarda tüstü.
   
   Səhralarda hücum çəkir karvanlara
   qasırğa
   qasırğa
   qasırğa.
   
   ...bunlar nə təpədi, nə barxana
   gömülmüş dəvələrdi
   dəvə qəbirləridi...
    Mən doğulanda
   
   Mən doğulanda
   mənim anam-bahar çoxdan var idi.
   Dünyada artıq var idi ildırımlar.
   Mənim qardaşlarım olan onlar
   tonqallar yandıraraq
   dağları dolanırdılar.
   
   O gün nə qədər daş dil açdı
   ola bilər yalnız mənə tanış oan bir dildə
   üzü qırışlı qayalar göz yaşı axıtdı.
   
   Hansı hərfi ilk dəfə dediyim yadımda deyil.
   (Nə vaxtsa bu barədə qardaşlarım danışarlar)
   Mən doğulan gün - nə böyük xoşbəxtlik!
   Ağaclardan cəsədlər deyil
   süd cürdəkləri asılmışdı...
   
  
 Soban Burinin oğluna nəsihəti
   
   Sənin gözlərində mən özümü görürəm
   Yumruqlarında yumruğumu
   Sənin çiyinlərin mənim cavan çiyinlərimdir
   Sənin qəzəblərində mənim qəzəbim və ehtirasım...
   Əgər sənə tapşırıramsa öz sürümüzü,
   Deməli, qorxmadan qocalmaq olar!
   Al götür, mənim dəyənəyimi, oğul
   Canavarlar yaxşı tanıyır onu!
   Götür və unutma ki,
   Bu təpələr bu dağlar sənin vətənindir!
   Bu sürü də sənin vətənindir
   Qoru onu.
   Canavarlar məni yaxşı tanıyır
   Onlarla üzbəüz gələndə
   Mən qurd kimi döyüşmüşəm...
   Sona qədər itlərə etibar eləmə.
   Axı onlar da yuxulayır hərdən
   O zaman sən özün köpəyə çevril-
   Mənim balam, heç vaxt
   Quzu xislətli olma!
   
   Çevirəni: Günel Mövlud