Amerikanın "World Literature Today" jurnalında Afaq Məsudla müsahibə dərc olunub. Yazıçının “Qəza” hekayəsi də jurnalda dərc olunub.
   Hekayə həm də jurnalın internet ünvanında yerləşdirilib.
   Müsahibəyə ön sözdə deyilir:
   "Bu gün hər hansı azərbaycanlıdan, qadın yazıçıların adını soruşun. Ən çox Afaq Məsudun adı çəkiləcək. Bəlkə də yalnız onun.
   1957-ci ildə Bakıda anadan olan Məsudun yaradıcılıq həyatı ölkəsinin XX əsrin sonlarında yaşadığı gərgin siyasi dəyişikliklər arasında körpü salır. O həm Azərbaycan qadınlarının müstəqilliyini, həm də hələ də onları məhdudlaşdıran şərtləri təmsil edir. Feminist olduğunu inkar etsə də, onun “Qəza” kimi (WLT-nin bu aydakı sayında dərc olunur) hekayələri Sovet rejimindən əvvəl və sonra kişilərin hökmran olduğu bir cəmiyyətdə qadınların əziyyətli və təzyiq altındakı həyatını əks etdirir. Müəllifin sözlə dediklərinə və demədiklərinə görə, olduqca heyranedici bu hekayə gündəlik həyatın daxili dərinliklərinə nüfuz edir, fərdi psixologiyanın ekzistensial suallarını araşdırır. Məsudun xarakterləri kiçik bir ev, mənzil və ya qonşuluq ərazi daxilində dar məkanda hərəkət edirlər. Buna baxmayaraq, bir-birinə çox yaxın olan məhəllələr, insanlar bir- birilərindən təcrid olunmuş şəkildə yaşayırlar. (Bu isə Sovetlərin həmrəylik və qardaşlıq fəlsəfəsinə tamamilə ziddir). Ümumi qənaət isə budur ki, sözün əsl mənasında yaşadığımız, qüdrətli olduğumuz yeganə məkan, nə qədər kiçik olsa da, öz beynimizin içidir".