İlahə Şəms
  
  
   Ana
  
   «Saçların ağarır» demirəm sənə,
   Tanrı qanunundan bu bir pay, ana.
   Məndə ağarsaydı, başqa məsələ -
   Deyərdim: «çarə et buna, ay ana!»
  
   Mən nə karə - sənə çarə eyləyim,
   Daş qaydanı parə-parə eyləyim,
   Müdrik rəngi neçə qarə eyləyim,
   Bahar ana, payız ana, yay ana!
  
   Nə yaxşı ki, hələ qışa çox qalıb,
   «Qocalmış»a, «qarımış»a çox qalıb,
   Əcəl adlı quzğun quşa çox qalıb,
   Hələ nəsil dəryasına çay ana!
  
   Laylaların ülvi bəstə - soy neyim,
   Nəsihətin badam, püstə - qoy yeyim,
   Başını qoy sinəm üstə, qoy deyim:
   «Mənim bəyaz, bədirlənmiş Ay anam!»
   Zaman nə tez gəlib keçdi, bilmədim,
   Sənə ağbirçək don biçdi, bilmədim,
   Anam ikən nənə seçdi - bilmədim,
   Nəvələri qara saçtək say, ana!..
  
  
   Ata
  
   Atam mənim - şərəfim-şanım mənim,
   Bu dünyada dayağımsan, dayağım.
   Canındandır - can ata, canım mənim,
   Həyat dərya - mayağımsan, mayağım.
  
   Sən atmazsan, dünya məni atsa da,
   Doğudan batıya bəşər batsa da,
   Gözsən mənə - dünya-aləm yatsa da -
   Sən həmişə oyağımsan, oyağım!
  
   Sınanmısan ailən üçün neçə yol,
   Sınmamısan bircə kərə, bircə yol,
   Çox keçmisən çənli dağlar, haça yol
   Sən Koroğlusayağımsan, sayağım!
  
   İlahəyəm, İlahidən sonrakı
   Varlıq Sənsən - bu canımın zat-pakı.
   Bu nüvədə, bu soyadda, addakı
   Baş şəcərə bayrağımsan, bayrağım!..
  
  
   Məktəb illəri
  
   Necə odlayırmışsan o günləri
   Ki, hələ də altı qordu küllərin.
   Biz vurub, bölüb, çıxanda dünləri
   Sən toplayırmışsan hey niskilləri -
   Məktəb illəri...
  
   Hər saatın, hər dəqiqən xoş idi,
   «Bayram» idi - hansı dərsin «boş» idi.
   «Adı çıxan» hər bir kəs çaş-baş idi -
   Saxlamaq olmazdı ötən dilləri -
   Məktəb illəri...
   Bəzən beynimizə şeytan girərdi,
   Müəllimlər heç bilməzdi neylərdi,
   «Dəymiş» oğlanları dərsdən eylərdi -
   «Ölmüş» qızılların şirin dilləri -
   Məktəb illəri...
  
  
   Tələbəlik həyatı
  
   Nağıl dərsi nəydi, əzbər dərsi nə,
   Vüsal avandına, hicran tərsinə,
   Hazır olmayanda dilbər dərsinə -
   İrəli getməzdi günü, saatı -
   Tələbəlik həyatı...
  
   Üçdə vercəyi yox, beşdə alcağı,
   Ən ağır «hədiyyə» kursda qalcağı,
   Barmağın gicgahda - fikrə dalcağın -
   «Xozeyka» harayı bürər həyəti,
   Tələbəlik həyatı...
  
   Heç görməzsən rahat imtahanını,
   «Qeyri-kafi» - boyat imtahanını,
   Vecə almaz həyat imtahanını,
   Bəzən kinli dəvə, bəzən toy atı -
   Tələbəlik həyatı...
  
   Sevgilərin dəc-dəcəllik vədəsi,
   Oğlanların bir-birinə hədəsi,
   Yarlı qızın yarsız qıza ədası,
   «Nərmə-nazik bayatıymış, bayatı» -
   Tələbəlik həyatı...
  
  
   Müəllim ürəyi
  
   (Sevimli müəlliməm Sarabəyim Mayılovaya )
  
   Sən gündüz günəşi, Sən gecə ayı,
   Dünyamın elm-həyat müəlliməsi!
   Tanrının şagirdə ən gözəl payı,
   Anlamağın toy-büsat müəlliməsi!
  
   İşıqlı yol açdın gələr dünyama,
   Ağzından nur saçdın bilər dünyama,
   Hikmət səpdin kamaldilər dünyama -
   Yurdun ana, azad müəlliməsi!
  
   Sənin elmin dəryalardan dərindi,
   Sənin kölgən güllü yazdan sərindi,
   Bu yazdığım Sənin yüzdə birindi,
   Vətənimin yaşat müəlliməsi!..
  
  
   Yetim yazıq neyləsin...
  
   Ay atalı, analı gül balalar,
   Dünyada ölüm də, olum da haqdır.
   Ey nəsil-hasarlar, ailə-qalalar,
   Yetimi də anın - qarnınız toxdur...
  
   Yetim quzum, yayın qaynar, qışın qar,
   Tale fərsiz çoban, dünya - canavar.
   Nə ata var, qadam, nə də ana var -
   Taleyin nişangah, qismətin - oxdur...
  
   Hanı o güc - bu gedişi əyləsin,
   Bir qılınc ki, bu gərdişi teyləsin,
   Ay böyüklər, bu uşaqlar neyləsin -
   «Gəl-gəl» deyən çörək verəndən çoxdur...
  
   Yavrum, ac qalanda, iştah azanda,
   «Gözlərin qalmasın iki qazanda».
   Məktəbə gedəndə - yazı yazanda
   Yazarsan ki; «yazıya pozu yoxdur».