Aydın Qurbanoğlu
  
  
   Qarabağda
  
   Bənövşələr dərilmədi -
   Dərilmədi, həşəm oldu, soldu bu il.
   Dərilibən yaylıq üstə sərilmədi,
   Boynubükük qaldı bu il.
   Qarabağda lalələrə qan çiləndi,
   Mürgü döyən şaman ruhum
   qamçılandı.
   Bu, Tanrının cəzasıydı -
   çəkməliydik.
   Süsən sünbül əvəzinə bu torpağa
   Bir az da qan əkməliydik.
   Qan ruhdu, qan duyğudu, qan sayğıdı.
   Qan uduşdu, qurtuluşdu -
   «Alqanına şərbət təkin yalanan» mənəm,
   Yallanan, yalmanan
   Sənsən - başa dırmaşan.
    1992-ci il
   Oğlum!..
  
   Qalx, oğlum!
   Boy ver bənövşəcə,
   şaqqılda ildırımca,
   qamçıla fələkləri!
   Püskür yer altından, yanar dağım!
   Torpağı dağa döndər.
   «Gün aydın» göndər -
   Tuncaya, arkadaşlarına.
   Bir dəli nərə çək,
   Qatıl sıralarımıza;
   Yağmalanıb ulu yurdum,
   Vətən dardadı, oğlum!
   Səbrin hardadı, Ayxan,
   Qalx!.. Qurbanın olum.
  
  
   Ay aşıq, bir ağ işıq çal
  
   Ay aşıq, bir ağ işıq çal,
   Ordan yaşıl tel götürüm.
   Boyanım, yamyaşıl olum,
   Bu dünyadan əl götürüm.
  
   Telli sazın hər nəğməsi
   yaşıl işıq.
   Bu nəğmə Tanrının səsi.
   Xoruz banı,
   dan ulduzu,
   Sabahın nazlı gəlişi,
   Qız gülüşü,
   yaşıl işıq.
   Təzə-tər şehli qımışıq,
   Narın çiskinə bənzərim.
   Dünyanı yandırar, yaxar,
   Sədd pozar,
   sərhədd yıxar bir qımışıq.
   A qardaş, oxusun ürək,
   Ay çoban, dillənsin tütək,
   Ay aşıq, bir bayatı çək.
  
   * * *
   Ay aşıq, bir ağ işıq çal,
   Bənövşəyi tel götürüm.
   Qaydala «El havası»na, -
   Bu dünyadan əl götürüm.
  
   Haydı,
   Tülkü, çaqqal ümidinədi
   aslanlı meşələr.
   Boynu bükük qalıb
   qızbənövşələr
   kol dibində çıraq-çıraq.
   Haydı, dayanaq
   Əl-ələ, çiyin-çiyinə,
  
  
   * * *
  
   Ay aşıq, bir ağ işıq çal,
   Ordan bomboz tel götürüm.
   Keç «Bozuğu Koroğlu»ya
   Bu dünyadan əl götürüm.
  
   Bu dünyanın
   Özünə də doy gələrəm,
   Boz ağızlı qurdlar ilən.
   Boz ağızlı igidlərlə
   Boz oğlanlı yürdlar ilən.
   Boz atlar ilən.
  
   * * *
  
   Ay aşıq, bir ağ işıq çal,
   Ordan gömgöy tel götürüm.
   «Göyçəgülü» çiçəklənsin,
   Bu dünyadan əl götürüm.
  
   Ağ alaçıqdan, ağban otaqdan,
   Göy çəmənlərdən
   Göyərən yaşımda.
   Göy dağların
   Gömgöy bulud papaqları başımda.
   Boylanardım
   Dünyanın göyçək gölünə
   İrəli ellərimizin
   Göyçə gölünə.
   Tutardım ürəyimi
   «Göyçəgülü»nə.
  
  
   * * *
  
   Ay aşıq, bir ağ işıq çal,
   Ordan sarı tel götürüm.
   Bir ağız «Sarıtel» oxu,
   Bu dünyadan əl götürüm.
  
   «Ay duman, gəl, get bu dağlardan»
   Güneylər sarala qalsın.
   Sığallansın sarı gəlin
   Saçın ucun hörməsin.
   Ay duman, gəl ört bu dağları,
   Onu heç kəs görməsin.
   Günəşlər sarala qalsın.
  
   «Ay sarı köynək» deyəndə
   Ağ simlər necə saralır,
   Bax, gör Ələsgər sevgisi
   Simlərə necə sarılır.
  
  
   Dünyanı verin körpələrə
  
   Ömründə ürəksiz gülmür körpələr,
   Hələ dil açmayan «dilbir» körpələr,
   «Mənim», «sənin» sözü bilmir körpələr
   Dünyanı verin uşaqlara!
  
   Göbələk buludlar haqlar dünyanı,
   Bağrının başından oxlar dünyanı,
   Körpə təbəssümü saxlar dünyanı,
   Dünyanı verin uşaqlara!
   Hər körpə yol üstə çiçəyə dönsün,
   Ac qurd da görəndə ipəyə dönsün,
   Lalələr çəməndə örpəyə dönsün,
   Gülləri verin uşaqlara!
  
   Güllər sığallansın, sətir gətirsin,
   Ağaclar yazbaşı çətir gətirsin,
   Yel əssin, bağlardan ətir gətirsin,
   Yelləri verin uşaqlara!
  
  
   Aşıqsayağı
  
   Bulud saçlarına dönüm, dolanım
   Ərisin buludda olub-olanım.
   Tutaş kipriyinlə dumanı dara
   Bir yaz çiskinində ruhumu ara
   Tapılmaz, bir özgə yerdə tapılmaz.
  
   Nəmli kipriklərin bulud saçağı
   Bir yağışa düşdüm ilin bu çağı.
   Alovdu bu yağış, oddu bu yağış -
   Göydən günəşi də yudu bu yağış -
   Çatılmaz, yağmurda ocaq çatılmaz.
  
   Ağ üzün çoxuna qara saç oynar,
   Külək saçlarında gizlənpaç oynar.
   Qaranquş kipriyin qanad açmasa,
   Bənövşə gözlərin ətir saçmasa,
   Açılmaz, çəməndə çiçək açılmaz.
  
   Çəkək qayğısını çiçək dünyanın,
   Araz körpüsünü keçək dünyanın,
   Bu dünya sevgidən qurulmayınca
   Damcılar gözümdə durulmayınca
   İçilməz, çaylarda sular içilməz.
  
   Bir yanda bulaqlar qaymaq bağlayıb,
   Bir yanda dodaqlar qaysaq bağlayıb,
   Bilmirəm, Tanrının istədiyi nə?
   Ay saçır, gün saçır istədiyinə
   Saçılmaz, könlümə işıq saçılmaz.