D.Merejkovski
  
   (ixtisarla)
   
   Lev Tolstoy bütünlüklə nəhəng fitri qüdrətdir. Burada ahəngdarlıq pozulub. İki yazıçı həyata kənardan baxır. Biri səssizcə rəssam məharəti ilə, digəri mənəviyyat zirvəsindən.
   Dostoyevski bizə daha yaxın, daha doğmadır.
   O bizim aramızda- bu qüssəli, soyuq simalı şəhərdə yaşayıb. O həyatın mürəkkəbliyindən və həllolunmaz müşküllərindən bizim də çəkdiyimiz əziyyətlərdən, əsrin bəlalarından qorxmayıb.
   Dostoyevski bizi Turgenevə xas poetik əlçatmazlıqdan, yaxud Lev Tolstoy tək ruhani təkəbbürü ilə yox, sadəcə dost, tay-tuş kimi sevir.
   O, bütün düşüncələri və sarsıntıları ilə birgə bizimkidir. Bizimlə eyni qabdan su içsə də, lap zəhərlənsə də, o, nəhəng və qüdrətlidir. Tolstoy “xəbis” ziyalı mühütinə həddindən artıq nifrət bəsləyir, günahkar insanların zəiflikləri onu iyrəndirir. Dostoyevski isə bəzi hallarda bizə birgə yaşadığımız, sevdiyimiz doğma və dost saydığımız adamlardan da yaxın olur.
   O, ağrını, xəstəliyi bizimlə paylaşır, təkcə xeyirdə yox,şər işlərdə də yanımızda dayanır.İnsanları da ki, öz zəiflikləri qədər heç nə birləşdirə bilməz. Dostoyevski ən məhrəm düşüncələrimizdən, qəlbimizin ən gizlin istəklərindən xəbərdardır. Dostoyevskini oxuyarkən onun “çoxbilmişliyi” özgənin qəlbinə nüfuzetmə bacarığı, adamı hər an təəccübləndirir.Onda elə mübhəm düşüncələrə rast gəlirsən ki, həmin fikirləri nəinki ən yaxın dostuna, heç özün-özünə açıb deməzsən.Ürəyimizdəkiləri oxuyan belə bir insan, hər halda yenə də bizi bağışlayır, “xeyrə üz tutun, Allaha, özünüzə inanın”- deyir. Bu isə gözəllik önündə yaranan heyranlıqdan, yabançı bir ruhaninin moizəsindən daha möhtəşəm və təsirlidir. Dostoyevskidə tam ahəngdarlıq, antik dövrə məxsus ölçü mütənasibliyi, “Atalar və oğullar”ın müəlliflərində bolluca gözə dəyən Puşkinsayağı gözəllik nişanələri yoxdur. Onda təbiətə sıx bağlılıq, Tolstoyda aşkar görünən təbii qüdrət diqqəti çəkmir. O, eləcə indi həyatın içindən çıxmış, bu saatca əzablardan keçərək, göz yaşları axıtmış insandır. Onun gözlərinin yaşı hələ qurumayıb, əlləri hələ də həyəcandan titrəyir. Dostoyevskinin əsərlərini oxumaq düzgün deyil, onları yaşatmaq, içərisindəki əzabları bölüşmək gərəkdir. Bundan sonra onlar yaddaşda əbədi yer tutar. Oxucunu əsərindəki hadisələrə cəlb etmək üçün Dostoyevski özünəməxsus bədii üsullara əl atır. O, qəhrəmanlarının əhval-ruhiyyəsində çox incə, az qala hissolunmaz psixoloji keçidlər yaradır. Məsələn, Raskolnikov cinayət törədəndən azacıq sonra, hələ heç kəs ondan şübhələnməmiş, polis məntəqəsinə gedib sahə nəzarətçiləri ilə üz-üzə dayanır. Burda da müəllif qəhrəmanın yaşadığı, ruhi halları ardıcıllıqla sıralayır. Raskolnikov polis məntəqəsinə daxil olarkən onu dəhşət bürüyür. Fikirləşir ki, yəqin əməlinin üstü artıq açılıb, ondan şübhələnirlər. Biləndə ki, şübhə hədəfi o deyil, ondakı əsəbi gərginliyi sevinc əvəzləyir, bir yüngüllük hiss edir. Elə buradaca onun sadəlöhvlüyü, gəvəzəliyi ortaya çıxır, ürəyindəkiləri kiminləsə bölüşmək, hətta açıb sahə nəzarətçilərinə demək istəyir. Bu coşqunluq da uzun çəkmir. Raskolnikov özünün adi ovqatına qayıdaraq, dərin qüssəyə qərq olur, onda yenidən əsəb və gərginlik baş qaldırır. O bir az əvvəlki hissiyatını rəzil bir duyğu kimi xatırlayır. Bayaqkının əksinə, indi Raskolnikova elə gəlir ki, əgər otaqda nəzarətçilər yox, lap ən yaxın dostları da olsalar, qəlbindəki boşluğun ucbatından onlara adam dilində bircə söz də tapıb deyə bilməz . Raskolnikov hiss edir və anlayır ki, daha bundan sonra heç vaxt heç kəslə səmimi ola bilməyəcək. Çünki artıq o - cinayətkardır. Bu an “əzablı, sonsuz tənhalığın və özgələşmənin tutqun təəssüratı onun ruhuna hakim kəsilir”.
   Kimliyindən asılı olmayaraq, istənilən oxucu bu saysız ruhi məqamlardan hansısa birini reallıqda yaşayıbsa, dərhal öz şəxsi həyatının məlum anlarına qayıdacaq, onları təkrar yaşayacaq. Müəllifə də elə bu lazımdır. Sonrakı məqamlar artıq yazıçının təxəyyülünün məhsulu yox, oxucunun öz yaşantılarının ifadəsi olacaq. Çünki arada qırılmaz bağlılıq, psixoloji vəhdət yaranıb. Dostoyevski oxucunun ürəyini ələ alır və qəhrəmanın əhval-ruhiyyəsinin ən dərin qatlarına enməyincə, onun hisslərini gerçək həyata bağlamayınca əl çəkmir. Tədricən oxucunun şəxsiyyəti qəhrəmanın obrazı ilə birləşir, təfəkkürü onun düşüncə tərzinə doğru meyillənir. İstəkləri eyniləşir. Dostoyevskinin əsərini oxuyan zaman əsas obrazların taleyindən kənar yaşantılara qapılmaq müşkülə çevrilir. Elə bil ki, təxəyyüllə gerçəklikliyi ayıran sərhəd ortadan götürülür. Bu, sadəcə qəhrəmanın halına acımaq deyil, onunla birləşib bütövləşməkdir. Porfiri qatillə salamlaşarkən əl uzatmağa tərəddüd edəndə adamın müstəntiqə acığı tutur, şübhələnməyinin müqabilində sanki ona qarşı şəxsi ədavət hissi ortaya çıxır. Yaxud Raskolnikov qana bulaşmış palatayla pilləkənlərlə yüyürüb rəngsazların işlədiyi mənzildə gizlənəndə keçirdiyi bütün müdhiş hissləri biz də yaşayırıq. Onun xilas olmasını, haqlı cəzadan tezliklə qaçıb qurtulmasını, Koxun və yoldaşlarının Raskolnikovu görməməsini, cinayətin üstünün açılmamasını ağrılı bir duyğu ilə arzulayırırq. Oxucu bu məqamda qəhrəmanla birlikdə, cinayətkar məzmun daşıyan bir psixoloji təcrübə keçir və kitabı kənara qoyandan sonra həmin qorxulu təəssüratdan uzun müddət ayrıla bilmir. Harmoniyadan, gözəllik və poeziyadan alınan zövq keçib gedəndir, bunların təsirinin tədricən yaddaşdan silinməsi mümkündür. Amma ruhun keçdiyi cinayətkar mahiyyətli təcrübəni ömür boyu unutmaq olmaz. Dostoyevski ürəklərdə əzab və sarsıntı kimi silinməz izlər qoyur. Dostoyevskinin digər bir bədii priyomu məfhumları qarşılaşdırmaq, təsirli və müdhiş, mistik və real anlayışların sərt təzadlarını ortaya qoymaqdır. Marmeladov ölümqabağı, artıq yarı huşsuz bir haldaykən miskin görkəmli balalarını gözdən keçirir. Nəzərlərini balaca Lindanın təəccüb və uşaqlara xas inadkarlıq yağan gözlərini atasına zilləmiş sevimli qızcığazının üzərində saxlayır. “A...a...- o, təlaş içində kəkələyib, qızcığaza işarə elədi. Nəsə demək istəyirdi. Hə, nə deyirsən? - Katerina İvanovna çımxırdı. - Ayaqyalın qalıb, onun ayaqları yalındır! Ata ifadəsiz, key nəzərlərini qızcığazın ayaqlarına yönəldib zarıdı. Saç-saqqalı çallaşmış keşiş hər nə lazım idisə, gətirib gəldi. Hamı kənara durdu. Tövbə ayini çox çəkmədi. Katerina İvanovla ilə uşaqlar diz çöküb dua edirlər. Elə bu dəm adamların arasından səssiz və ürkək hərəkətlərlə keçərək bir qız qabağa çıxır. Onun səfalət, ölüm və dəhşət yağan bu otaqda peyda olması qəribə təsir bağışlayır. Qızın paltarı üç qəpiyə dəyməz. Üst-başına küçə həyatından xəbər verən bəzək-düzək taxıb. Marmeladovun qızı Sonya əyninə ipək parçadan tikilmiş, biabırçı təəssürat oyadan, ətəyi uzun, əcaib görünüşlü paltar, ayağına işıldayan çəkmələr geyinib, başına gülünc formalı, parıltılı lələk taxılmış həsir şlyapa qoyub.” Bu təsvirlərdən dərhal sonra yazıçı ölüm yatağındakı adamdan, tövbə ayinindən söz açır.
   Dostoyevskinin romanlarında real və mistik məfhumların qarşılaşdırılması da eyni dərəcədə sadə xarakterlidir. Sennaya ətrafındakı dar döngələr, tozlu və üfunət qoxuyan Peterburq, polis məntəqəsi və sahə nəzarətçiləri, yoxsulluq, əxlaqsızlıq, böyük şəhərin hər gün qarşılaşdığımız bozumtul və ürəkbulandıran mənzərəsi, bütün bunlar qəflətən yuxuya bənzər bir tərzdə kabusa, qarabasmaya çevrilir. Müəllif həyatın dərinliklərində sirli, qaranlıq və nəhs hər nə varsa, onları qabardıb üzə çıxardır. O baş verənləri xırda təsadüflərin üst-üstə düşməsinin qəsdən faciəvi amillərin təsirinə salır.
   Böyük realist və bununla yanaşı, nəhəng mistik olan Dostoyevski gerçəkliyin şəffaf olduğunu hiss edir. O elə bil qəsdən yuxu ilə reallıq arasındakı sərhədləri uçurub dağıdır. Misal üçün küçədə Raskolnikova qatil deyən naməlum meşşan belə fiqurlardandır. Ertəsi gün həmin adam Raskolnikova sayıqlamanın məhsulu olan kabus təsiri bağışlayır. Amma sonra yenidən həqiqi subyektə çevrilir. Eyni hal Svid Riqaylovun birinci dəfə peyda olması zamanı da baş verir. Sonralar ən vacib bir tipə çevrilən bu yarım fantastik obraz naməlum meşşanla yanaşı, onun da mövcudluğuna inana bilməyən Raskolnikovun yuxularından, sayıqlamalarından meydana gəlir. O, öz yoldaşı Razumixindən Svid Riqaylov barədə soruşur: ”Yəni sən onu dəqiq gördün? Lap aydın gördün onu? Hə, hə, dəqiq yadımdadır. Onu min nəfərin içindən tanıya bilərəm. Adamların sifəti mənim yaxşı yadımda qalır. Hə, deməli, belə. Raskolnikov mızıldadı. Amma bilirsən, məncə, nəsə mənə elə gəliri ki, bu fantaziya, uydurma da ola bilər. Bəlkə də, həqiqətən, mənim ağlım çaşıb. O, qarabasma kimi görünüb.
   Həyatımızın təməlində mizan- tərəzi, haqq-ədalət yox, Allaha sevgi, mərhəmət hissi dayanır. Dostoyevski - insan əzablarının sonsuzluğuna dərindən bələd olan böyük realist, həm də ilahi məhəbbətin tərənnümçüsüdür. Onun “Cinayət və cəza”sı büsbütün məhəbbətdən yoğrulub. Məhəbbət bu əsərin hərarəti, ruhu və poeziyasıdır.
  
   Çevirəni:
   Seyfəddin Hüseynli