...yoxsa dili yaşatmaq naminə?
  
   Sənət yaranandan, sənətçi öz sənətkarlığını dərk edəndən bəri istedadının bəhrəsinin dəyərləndirilməsinə ehtiyac duyub. Bəlkə də qələm əhli arasında istedadı layiqincə qiymətləndirilənlər elə saray şairləri olub. Hərçənd tarix boyu, ən müxtəlif ictimai-siyasi formasiyalar zamanında şahlardan xüsusi ənam alan sənətkarlara birmənalı münasibət bəslənilməyib.
  
   Ola bilsin ki, ən müxtəlif mükafatlar, əsasən də öz ədəbi irsini bütün dünyada tanıtmış xalqların məşhur milli, dövlət mükafatlarının, eləcə də ən nüfuzlu fondların təsis etdiyi beynəlxalq səviyyəli ödüllərin meydana çıxmasının da bir səbəbi budur.
   Heç şübhə yox ki, həmin mükafatlar arasında ən sanballı mükafat (təkcə seçim vasvasılığına görə yox, həm də məbləğinə görə) Nobel mükafatı hesab edilir.
   Ədəbiyyat sahəsində Nobel mükafatı 1901-ci ildən verilir. Nobel fondunun qaydalarına görə, bu mükafat müəllifə yalnız sağlığında verilə bilər. Yalnız bir nəfər - İsveç yazıçısı Karlfeldt ölümündən sonra Nobel mükafatına layiq görülüb. Lakin onun adı bu siyahıya sağlığında salındığından Karlfeldtin ölümündən sonra laureat olması mükafatın statusunu pozmayıb.
   Qaydaya görə, yazıçı öz namizədliyini irəli sürə bilməz. Belə bir cəhddə bulunanların namizədliyinə mükafat komissiyası sadəcə, baxmır. Namizədin əsərini isə İsveç Akademiyasının 350 eksperti - İsveç, ingilis, alman, fransız və ispan dillərində oxuyur. Bəzi hallarda tərcümədən də istifadə edilir.
   Mükafatın 108 illik tarixi boyunca cəmi iki dəfə laureat ondan imtina edib. 1958-ci ildə ilk dəfə bu addımı atan görkəmli rus şairi Boris Pasternak olub. Bu addım siyasi motivli idi: «Doktor Jivaqo» romanı Nobel mükafatına layiq görülsə də, sovet hökuməti bu əsəri kommunizm ideyalarına zidd əsər kimi qarşılamışdı. Pasternak vətəndə rahat yaşamaq və doğmalarını təqibdən qorumaq naminə Nobel mükafatından imtina etmişdi. 1964-cü ildəsə Fransa yazıçısı Jan-Pol Sartr Nobel mükafatı laureatı adlanmaq istəməmişdi. Sartrın əqidəsinə görə, «yazıçının borcu - ona nüfuz gətirən hər şeydən tam azad olmaqdı».
   Nobel mükafatı Komissiyasının bir maraqlı qaydası da var. Təbii ki, laureat bir neçə namizədin arasından seçilir. İsveç Akademiyası isə namizədlərin tam siyahısını yalnız onların vəfatından 50 il sonra açıqlayır.
   Yeri gəlmişkən, 2008-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatı Fransa yazıçısı Jan-Mari Qustav Lö Klezioya verilib. O, müasir fransız ədəbiyyatının metri, dünyada ən çox oxunan və tərcümə olunan müəlliflərdən sayılır. İsveç Akademiyası bu qərarını açıqlayarkən Lö Klezionu insan təbiətini hakim sivilizasiyanın hüdudlarından kənarda öyrənən və vəsf edən müəllif adlandırıb.
   Lö Klezionun hələ layiq görülmədiyi Qonkur mükafatı 1903-cü ildən başlayaraq Fransada ən yaxşı roman müəlliflərinə verilir. Yazıçı Qonkur qardaşlarının şərəfinə adlanan bu mükafatın qalibləri hər il Qonkur Akademiyası üzvlərinin Parisdəki «Druan» restoranındakı məxsusi şam yeməyi zamanı keçirilən səsverməsinin nəticəsində elan edilir. Mükafatın rəmzi məbləği (hazırda 10 Avro) onun dəyərini qətiyyən azaltmır. Əksinə, Qonkur mükafatı alan romanın satışı ildırım sürətilə artır və öz müəllifini Fransa ədəbiyyatının ön cərgələrinə çıxarır.
   Qonkur Akademiyasına seçilən Fransanın on ən yaxşı ədəbiyyatçısı ildə cəmi 60 avro maaş alır. Akademiyanın hər üzvünün yalnız bir səsi var və o, bir əsərə səs verə bilər. Təkcə prezident iki səs hüququna malikdir.
   Nizamnaməyə görə, Qonkur mükafatı bir müəllifə yalnız bircə dəfə verilir. Yazıçı Romen Qari bu sıradan istisna sayıla bilər. O, ilk dəfə 1956-cı ildə laureat olandan 19 il sonra Emil Ajar adı ilə ikinci dəfə Qonkur mükafatına layiq görülüb. Qarinin mistik ədəbi saxtakarlığı mükafat veriləndən sonra üzə çıxıb.
   İspaniyanın «Migel de Servantes» mükafatı yaşına görə Qonkur mükafatından xeyli cavan olsa da, həm coğrafi, həm də maddi dəyər baxımından qonşuların məşhur mükafatından xeyli fərqlidir. Bu mükafatı ispan dilində yazan Kuba, Argentina, Meksika, bir sözlə, ispandilli Latın Amerika yazıçıları da ala bilir. Laureatın ədəbi istedadı 90 min avro ilə qiymətləndirilir.
   1976-cı ildən başlayaraq, İspandilli Ölkələrin Dilçilik Akademiyasının seçdiyi namizədləri İspaniya Mədəniyyət Nazirliyi «Migel de Servantes» ədəbi mükafatı ilə təltif edir. Mükafat hər il aprelin 23-də, Servantesin vəfatı günü öz sahibinə verilir.
   Akutaqava mükafatı bizim daha çox texniki nailiyyətlərinə görə tanıdığımız Yaponiyanın ən sanballı ədəbi mükafatlarından sayılır. Müasir yapon ədəbiyyatı klassikinin adını daşıyan bu mükafat həmişə ictimai əks-səda doğurur və hələ tanınmayan müəlliflərin oxucu auditoriyasını genişləndirir. Mükafatın əsas ideyası - hesab yarımilliyi dövründə əsərləri ədəbi jurnal və qəzetlərdə dərc olunmuş cavan yazıçıları həvəsləndirməkdir. Akutaqava mükafatı Yaponiyanın ən mühüm ədəbi mükafatı olmasa da, 1935-ci ildən bəri bu mükafata layiq bilinmiş Kobo Abe, Kendzaburo Oe, Kendzi Nakaqami sonradan müasir yapon və dünya ədəbiyyatının klassikləri kimi şöhrətləniblər.
   Mükafat ildə iki dəfə: yanvarda və iyulda verilir. Yalnız 1945-1948-ci illərdə Yaponiyanın II Dünya müharibəsindəki məğlubiyyətindən doğan sosial-siyasi böhran səbəbindən Akutaqava mükafatı kimsəyə verilməyib. Münsiflərin seçdiyi ən yaxşı gənc yazar «Yaponiya ədəbiyyatına yardım Assosiasiyası»ndan yadigar saat və bir milyon iena məbləğində pul mükafatı alır. Sonra onun əsərləri «Bunqey syudzyu» nəşriyyatında çap edilir.
   Yüz yaşını haqlayan Pulitser mükafatı (ingiliscə Pulitzer Prize). ABŞ-da ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində ən sanballı mükafatlardan sayılır. Bu mükafatın yaranma tarixi Nobel mükafatını xatırladır.
   1911-ci ilin oktyabrında dünyasını dəyişən macar mənşəli maqnat Cozef Pulitserin vəsiyyətinə görə, bu məqsədlə ayırdığı 2 milyon dollar vəsaitin əsasında mükafat fondu təsis edilir.
   Mükafat 1917-ci ildən başlayaraq hər il may ayının ilk bazar ertəsi Nyu-Yorkdakı Kolumbiya Universitetinin hamiləri tərəfindən verilir. Pulitser mükafatının məbləği 10 min dollardır. İngilisdilli mətbuatın cəmiyyət qarşısında xidmətlərinə, sensasion materialın sanballı təqdimatına, görkəmli araşdırmalara, sənətkarlığa, yerli xəbərlərin işıqlandırılmasına, milli mövzunun açılmasına görə, beynəlxalq reportaj, ən yaxşı oçerk, şərh, ədəbi tənqid, redaksiya şərhi, karikatura, foto-xəbər və bədii fotoya görə də Pulitser mükafatı almaq şansı var. Ədədiyyat sahəsində nominasiyaların sayı jurnalistikadakı qədər olmasa da, maraqlıdır. Amerikalı yazıçının, yaxşı olar ki, Amerika barədə yazdığı ən yaxşı bədii əsərin, Birləşmiş Ştatların tarixi barədə ən yaxşı kitabın, teatr üçün ən yaxşı dram əsərinin, amerikalı müəllifin bioqrafiyası və ya avtobioqrafiyasının, ən yaxşı şeirin və qeyri-bədii əsərin müəllifi də Pulitser mükafatı laureatı ola bilər.
   İngilis ədəbiyyatı aləmində ən nüfuzlu mükafatlardan biri də Buker mükafatıdır (ing. - Booker Prize). Bu mükafatı almağın da bəzi məhdudiyyətləri var. O, Böyük Britaniya Krallığı ölkələrində və ya İrlandiyada yaşayan müəllifə ingilis dilində yazdığı romana görə verilir. Qalib 50 min funt-sterlinq (2002-ci ilədək mükafatın məbləği 21 min funt idi) məbləğində çek alır. Buker mükafatı ilk dəfə 1969-cu ildə təqdim edilib. 2002-ci ildən başlayaraq «Man» şirkətlər qrupu Buker mükafatına sponsorluq edir. Buker mükafatının dörd lauretı - Uilyam Qoldinq, Nadin Qordimer, V.S.Naypol və C.M.Kuze sonradan ədəbiyyat üzrə Nobel mükafatına da layiq görülüblər. 1999-cu ildə C.M.Kutze mükafatın otuz illik tarixi boyunca ikinci dəfə Buker mükafatı alan ilk yazıçı oldu. Sonradan avstraliyalı yazıçı Piter Keri onun bu nailiyyətini təkrarladı.
   2008-ci ilin yayında Buker mükafatının qırx illik yubileyi münasibəti ilə «Bukerləri Bukeri» xüsusi mükafatının təsis edilməsi qərara alındı. Qalibi oxucuların İnternet səsverməsi müəyyən etdi. Onlar 40 il ərzində Buker mükafatı almış romanlardan birini seçməliydilər. Salman Rüşdinin «Gecəyarı uşaqları» romanı səsvermədə qalib gəldi, C.M.Kutzenin «Şərəfsizlik» və Piter Kerinin «Oskar və Linda» romanları müvafiq olaraq ikinci və üçüncü oldular.
   Maraqlıdır ki, Buker mükafatının 25 illiyi münasibətilə keçirilmiş analoji sorğuda da bizim daha çox «Şeytan ayələri»nin müəllifi kimi tanıdığımız Salman Rüşdinin «Gecəyarı uşaqları» romanı britaniyalı ədəbiyyatsevərlərin ən çox bəyəndiyi roman seçilmişdi.
  
   Gülcahan Mirməmməd
   
  

   Kitaba və müəllifə hörmət naminə
  
   Ümumdünya Kitab və Müəllif Hüquqları Günü 1996-cı ildən qeyd olunur. Bu barədə 1995-ci il noyabrın 15-də, YUNESKO-nun 28-ci sessiyasında qərar verilib.
   Həmin sessiyanın 3 saylı qətnaməsində deyilir ki, maarifçilik və mədəni ənənələrin dərk olunmasının inkişafı məqsədi ilə, həmçinin kitabın ən geniş bilik mənbəyi, bütün biliklərin ən etibarlı saxlanma üsulu olması nəzərə alınaraq belə bir əlamətdar günün təsis edilməsi qərara alınıb. Sənəddə göstərilir ki, həmin gün kitab sərgi və yarmarkalarının keçirilməsi daha məqsədəuyğun olardı.
   Bu qərar qəbul edilərkən əvvəllər də «kİtab günü»nü qeyd edən bir sıra ölkə və təşkilatların da təcrübəsi nəzərə alınıb.
   1996-cı ildən başlayaraq aprelin 23-ü “dünya ədəbiyyatının rəmzi bayramı” kimi qeyd edilir.