Çox illər əvvəl - 1985-86-cı illərdə Gədəbəy rayonunda nəşr olunan “Tərəqqi” qəzeti redaksiyası nəzdində fəaliyyət göstərən “Şəlalə” ədəbi birliyinə bir qız gəlib-gedirdi. Birliyin məşğələləri ayda bir dəfə keçirilirdi. Ayda bir dəfə o qızın da yeni yazdığı şeirləri dinləyirdik. Onun şeirləri də özü kimi sadə, səmimi idi. Şeirlərini böyük maraqla, hətta qibtə hissi ilə dinlədiyimiz bu qız Qaramuradlı Məlahət Yusifqızı idi.
  
   Həmin illərdə yazdığı şeirlər Məlahət Yusifqızının ilk qələm təcrübələri deyildi. Onun şeirləri artıq respublika səviyyəli dövri mətbuatda dərc olunmuş, imzası oxucu yaddaşında öz təsdiqini tapmışdı. Ədəbi ictimaiyyətin nəzərində ümidverici gənclərdən sayılırdı. Nə yaxşı ki, Məlahət bu ümidləri doğrultdu.
   Qaramuradlı Məlahət Yusifqızı haqqında həmişə söz düşəndə “istedadlı şairədı”, “yaxşı şeirlər yazır” deyib kifayətlənmişəm. İndi isə onun yaradıcılığı barədə beş-üç kəlmə danışmağı özümə borc bilirəm. Bu bir tərəfdən onun yaradıcılığına olan hörmətimlə bağlıdır, digər tərəfdən Məlahətin 50 yaşın əlindən tutması ilə.
   Fikirlərimi bölüşmək üçün Məlahət Yusifqızının “Qədərində götür” adlı kitabında təqdim olunmuş şeirlərindəki bəzi məqamlar üzərində dayanacağam. Məlahət haqqı haqqın özü kimi dərk edən, mənsub olduğu xalqın haqqını, bu xalqın içərisində hər bir fərdin haqqını tanıyan və tanıtdıran bir qələm sahibidir. Üç şeirdən götürülmüş aşağıdakı deyimlərə baxaq:
  
   Qarğanmış bir millətin
   Tanrıya alqışlarıdı yazılarım
   Havayı söyləmədim.
   Su torpaqda durulan kimi
   Məndə durulub
    təmizə çıxdı dərd.
  
   Və yaxud
  
   Bir rəssam tapın -
   Sərgi salonlarında haqq olub
   Yeri olmayan bir rəssam.
   Çözüb tapsın
   Düşdüyüm zindanın rəngini.
  
   Və ya
  
   Dözülməzə dözməkdi
   ən böyük günah.
   Haqq! Haqq! Haqq!
  
   Şair haqla haqsızlığın nə olduğunu dərk edəndə, dərdin hardan başlayıb harda qurtardığını duyanda bu cür danışa bilər.
   Məlahətin yaradıcılığında əvvəldən axıra qədər vətəndaşlıq mövqeyi, vətəndaşlıq hissinin ifadəsi qırmızı xətt kimi seçilir. “Neçə ildi qaçırıq” şeirində:
  
   Yeni sərhədlər çəkilib
   Ağdamdan üzü bu yana.
   Qırılan yollar
   Üzümə qaydır
   Davakar uşaqlar kimi.
  
   “Torpağa qoyma məni” şeirindən bir parçaya diqqət yetirək:
  
   Ərlik, qeyrət ucundan
    cəbrə çatacağamsa,
   Yiyəsiz ömrü qərib
    qəbrə atacağamsa,
   Düşmən tapdağı altda
    itib batacağamsa,
   Torpağa qoyma məni.
  
   “Bəri gəl, oğul, hey!...” şeirində
  
   Ha baxdım yollara,
   Yol qırıq, yol qara.
   Bəxt çilik, dil para,
   Kimindi, ay Vətən?! -
  
   deyən Məlahət Yusifqızı Vətənə sevgisini bu cür ifadə eləyir. Ürəyində Vətən eşqi olmayan insan yüz il qələm çalsa da, belə səmimi misralar yaza bilməz.
   Kitabda verilmiş şeirlərdə azadlıq ruhu çox güclüdür. Azadlıq istəyi bütün yaşda insanın daxili tələbatıdı, mənəvi ehtiyacıdı. Məlahətin şeirlərində bu istək öz azadlığından başlayaraq bütöv xalqın, bütöv məmləkətin azadlığı arzusuna qədər böyüyür, genişlənir və bütövləşir. Bu istək bəzən dərdə, həsrətə, bəzən gileyə çevrilir, oxuduğumuz misralarda deyildiyi kimi: “Rezin kəmərə döndü Araz, Gözü hədəqəsindən çıxana qədər sıxdılar Azərbaycanı”. “Azadlıq qalxdı od qiymətinə və mazutlu əski Kimi tıxandı bu məmləkətin boğazına”. “Vay o gündən ki, bozqurdu, yalquzağı Sümsük ola millətin”. “Varlığın 40-cı otağı baş, başın 40-cı otağı Köləlik” və s.
   Yaddaşını itirən keçmişini tanımır, keçmişini tanımayanın gələcəyi olmur. Keçmişini tanımaq özü-özünü tanımaqdır. Özü-özünü tanımamaq hardasa milli mənsubiyyətini tanımamaqdır. Cünki bütün bitənlər, bitib ucalanlar, ucalıb əzəmətli olanlar kökün üstə dayanır, kökü tanımaq üçün yaddaşı qorumaq gərəkdi.
   Məlahətin yaradıcılığında bizi yaddaşı qorumağa səsləyən misralara daha çox rast gəlirik:
  
   Qəzəbim çox, əllərim boş,
    yalındı axı!
   Yaddaşım üstdən xırman, yol
   Salındı axı!
   (“Alınmaz qaladı Şuşa”)
  
   Qaçıb qurtardıq
   Gerçəkliklərdən.
   Gəlişimiz yazıldı
   Yaşımıza toy tutduğumuz
    gündən.
   Düşmən çaldı.
   (“Düşmən çaldı”)
  
   Bu baxımdan Xocalı soyqırımı ilə bağlı yazılmış şeirləri həyəcansız, ağrısız oxumaq mümkün deyil:
  
   Başına yığıb ölü
   şəhərlərin ruhunu,
   “Ölüm gününü”
   Bizdə keçirməyə
   gəlmişdi Xocalı.
    (“Bizə gəlmişdi Xocalı”)
  
   Sabaha qaldı bu günün işi,
   Əlinə əsas verildi gələcəyin.
   Gor söyüşü hazır oldu bu günün.
   Necə ki Xocalı gedəndə,
   Goru çatlamışdı dünənin.
    (“Düz on ildi...”)
  
   Yaddaşımızı oyaq saxlayan, bizi keçmişə bağlayan, Vətənin dərdini diktə edən misralardı.
   Ümumiyyətlə, poeziyada, hər hansı bir şairin yaradıcılığında ənənəvi giley motivlərinə rast gəlmək olur. Çox vaxt bu giley ümumi xarakter daşıyır - taledənmi, dünyadanmı...
   Məlahətin bu məzmunda olan şeirlərində isə ümumilikdən qaçma, konkretlik müşahidə olunur. Bu onun şeirlərini fərqləndirir, öz rəngində göstərir. Nümunələrdən gördüyümüz kimi: “Arxam, köməyim dediklərim! Bağlandı yolum, gədiklərim. Baltanız xeyir”, “Yaşasın dost - düşmən, Yoxsa mən ölməz idim. Yaşasın yaşatdıqlarım, Məni öldürdülər!” “Önəmli deyil içimin özümu yandırmağı. Önəmli odur ki, çölüm yandırır özgəni”. “Özünü aldatmağa, dosta kəmənd atmağa, qardaşını satmağa, qaynayanlar var içimizdə”.
   Məlahət Yusifqızının şeirlərində məzmunla forma bir-birini tamamlayır, bütövlük yaradır. O, az sözlə böyük mətləbləri ifadə edə bilir. “Qorxuram qorxmadıqlarımdan” şeirini bütövlükdə oxuyaq:
  
   Olumlar tükəndikcə
   Güclənir ölümlər.
   Tükənmək bilmir ayrılıqlar.
  
   Hər dəfə öndəkindən
   Daha öləzi olur
   Gözümdəki yaşamaq həvəsi.
  
   Qorxuram aynaya baxmaqdan.
   Qorxuram gözlərimin
   Nə isə deyəcəyindən,
   Qorxuram qorxmadıqlarımdan.
  
   Bu sadə misralarda ifadə olunmuş hisslər hamımıza tanışdır, amma şeirdə bu duyğuların ifadə tərzi maraqlıdır.
   Mən Məlahətin yaradıcılığının bəzi məqamları üzərində dayandım. Onun şeirləri duyğu və fikir zənginliyi cəhətdən daha geniş danışmağa imkan verir.
   Yazıya bir çox illər öncənin xatirəsi ilə başlamışdım və bu xatirə köhnə olduğu qədər də kimlər üçünsə təzədir. O vaxtdan bəri 23-24 illik bir ömür yaşandığını indi anlayıram - yəni 50 yaş deyəndə. 50 yaş yubiley keçirmək, təbrik olunmaq, təltif olunmaq, dostlarla - doğmalarla sevincini bölüşmək üçün, hətta bura qədər keçilən yollara boylanıb qürur hissini yaşamaq üçün ən gözəl, ən layiqli vaxt ölçüsüdür. 50 yaşın mübarək Qaramuradlı Məlahət Yusifqızı!..
  
   Ramiz Kərəm