Fərid Hüseyn
  
Farid-001@inbox.az
  
   Esse
  
   Qız: Bunlar nə gözəl güllərdi.
   Oğlan: Sən güllərdən daha gözəlsən.
   Bilirəm həmişə belə olur, həmişə qızlar güllərdən daha gözəldi. Yuxarıdakı dialoq hər vaxt baş tutub, bundan sonra da belə olacaq. Heç bir oğlan həqiqəti deməyib hələ. Mən bilirəm…
   Bilirəm Koroğlu həmişə qalib gələcək, dəlilərini döyüb sonra dost olacaq. Nigar xanım vəfalıdır deyəcəyik. Mən də bu fikirlə razıyam. Amma Qır atdan ötrü Nigar xanımın Koroğludan küsməsinə, onu yamanlamasına nə deyək? Nədənsə, əşyalar insanlardan daha qiymətli olur. Nə isə biz yalanları da “brendləşdirmişik”.
   Koroğlu döyüşün şirin yerində sazı sinəsinə basıb, görək nə dedi: Ay bədbəxtlər, döyüşündə ortasında saz olar? Düşmən söz qanan olsaydı, elə müqavilə bağlayardıq, razılaşardıq da!
   Mən bilirəm yenə oğuz eli iki yerə parçalanacaq, yenə Dış oğuz namərd çıxacaq. Yenə Dədə Qorqud gəlib ad qoyacaq. Məni bir sual düşündürür həmişə. Buğac buğanı öldürməmişdən əvvəl adı nə imiş, o bədbəxti necə çağırırdılar? Bu ölkədə qəhrəman olmayan yox idimi? Nə isə, dastan-fantastik janrın özəl semantikasına qarışmayaq.
   Mən bilirəm, yenə Dəli Domrullar var, amma daha Əzrail onun sinəsinə çökə bilmir. Çünki Dəli Domrullar Əzraili çoxdan “görüblər”.
   Servantes “Don Kixot”u yazaraq ispan xalqını cəngavərlik romanından ayıra bildi. Amma bizi qəzəldən, klassikadan ayıra bilən olmadı. M.F.Axundov bu səbəbdən Füzulini sevmirdi. Düşünün: xoşbəxt sevgililər bir-birini həmişə bağda görür, yüz faiz də bahar çağı olur. Həmin bədbəxtlər ayrılanda mütləq payız - xəzan olmalıdır. Ümumən, məhəbbət qəzəllərinin əksərində belə olur. Bu işin bir tərəfidi. Şablonlaşmış fəlsəfədi… Gəlin, işin digər tərəfinə baxaq. Deməli, bu başı örtüklü, ayağı çarıqlı sevgililər ən azı üç-dörd ay görüşürlərmiş. Bahardan payıza qədər. Bu gün də belədi. Sevgililər milli parkda, hotel otaqlarında görüşürlər, qəzəlbazlarsa hələ bağdan, şeyda-bülbüldən yazırlar. Həmin qəzəlbazların əksəri bülbüllə, alabaxtanı seçə bilmirlər, tanımırlar. Amma mən bilirəm, yenə bizimkilər bağda görüşəcəklər, yenə yazıq pərvanə bəxtəvər şamın başına fırlancaq.
   – ... Böyük şairdi, bu xalqın poetik yaddaşı durduqca onun şeirləri unudulmayacaq.
   Keçirilən yubileylərin ən axmaq cəhəti odur ki, yazarlar bir-birinin üzünə baxaraq yalan deyə bilirlər. Yubilyar tədbirə adi yazar kimi qatılır, gedəndə N. Hikmət, Ç.Miloş kimi yola salırlar. Yazıq yubilyarı yubileyində də aldadırlar. Mən bilirəm, yenə belə olacaq, məhz belə...
   Allah adamları dünyadan “DELETE” eləyir. Amma biz özümüzü “Format” eləyəndə onlar yadımızdan çıxmır.
   Allah sənə rəhmət eləsin, M.F.Axundov. Sən bizi Şərqdə avropalı etmək üçün nələr etmədin?! Amma biz yenə fatmanisələrlə evləndik, burnumuz qanayanda həkim tapmayıb dəlləyin üstünə qaçdıq. Poçta məktubu atıb evimizə gələ bilmədik. İndi də banklardan kartla pul çıxara bilmirik. İndi də televizorda falımıza baxırlar, arxadan atılan daş topuğa dəymir daha, əziz və hörmətli Nəcəf bəy Vəzirov!
   Bizim axırımız necə olacaq... hələ də “bacarana baş qurban” kimi atalar sözlərini şüar eləmişik. Salam Sarvanın fiziki hələ də gerçəkliyini saxlayır: “gəl sənə təsəlli verim, darıxma düzəlməyəcək”. Amma biz Nazim Hikmətə daha çox inanırıq “Gözəl günlər görəcəyik, cocuqlar, günəşli günlər görəcəyik”.
    “Düşündüyün kimi danışırsansa, danışdığın kimi varsansa, deməli, azadsan”, bu sözləri Çingiz Əlioğlu deyir. İndi, ey oxucu, özün düşün sən azadsanmı? Azadsansa lap yaxşı, Allah işini avand eləsin. Azad deyilsənsə, sənə dua etməyəcəyəm, çünki artıq Allah səni cəzalandırıb. Amma çoxlarının azadlıq dirəkləri məhəlləllərindən uzaq deyil. İnsanlar hələ bir-birinə “suuussss” deyib yaşayırlar.
   Azadlığı olmayan adamları ölkədən “Backpace” ilə bir-bir pozmaq lazımdır. Bizdən sonrakılar yazıqdı...
   Pullu adamların adını hər yerdə böyük hərflə yazacaqlar, onlar üçün hər vaxt ”CAPS LOCK” düyməsi işləkdir. Mən bilirəm Hacı Qara xəsisdir, Şeyx Nəsrullah isə “Allah adamıdı”.
   Qəribədi əvvəllər şeyxlər din adamı olurdular, indi meyxana əhlidirlər. Ömrün dayanacağında gözləyirəm: görəsən, daş nə vaxt gələcək başıma?
   Meyxana artıq bədiyyə oldu, rep də dini mətn olacaq, bilirəm. Çünki hər şey yaxşıya doğru gedir. Mən bilirəm ,hər şey yaxşı olacaq. “Gözəl günlər görəcəyik, cocuqlar, günəşli günlər görəcəyik”.