İskəndər Etibar
  
   Şamaxı nəğmələri
  
   Şamaxı
  
   Gözəlliklər içində
   Çiçəklənən şəhərim
   Küləkləri, yelləri
   Çiçək yeyən şəhərim,
   Şamaxı.
  
   Şamaxı çinarları,
   Çiyin verib göylərə,
   Enə bilmir göy yerə,
   Şamaxı.
  
   Tənəklərin
   Düzüm-düzüm düzlənib
   Qoşunlayıb yamacı.
   Elə bil ki, sürüşüb
   Dağların yaşıl tacı,
   Şamaxı.
  
   Axşam olcaq,
   Buludlanır göylərin,
   Küləyin cana yayır,
   Çiçəklərin cövhərin,
   Şamaxı.
  
   Sərin havan
   Şəkərdimi, baldımı?
   Ürək açan gözəllik
   Danışmayır, laldımı?
   Səni sevən İskəndər
   Yaddaşında qaldımı,
   Şamaxı?
  
   1.08.09.
  
   Bu axşam
  
   Bu axşam yenə də qara buludlar
   Şəhərin üstündə çətirlənibdir.
   Hələ üzülməyib günəşin əli,
   Üfüq dodaq kimi sətirlənibdir.
   Hücum mövqeyində
   Durub buludlar.
   Atəş dəqiqəsi nizamlanıbdır,
   Tətiyi çəkəcək hansı saniyə?
   Şimşək atəşini saçacaq bulud.
   Gözlənən hədəfi izləmək üçün,
   Haradan haraya qaçacaq bulud?
   Şimşəyi boşalan bulud yerləri,
   Əsgər atıb qaçan səngərə dönüb.
   Asfalt küçələrdə sellər oyanır.
   Evlərin tinindən küçələr boyu
   Sükut boylanır.
   Evin damağında ötən navalça
   Yağışa köklənib daşır, kükrəyir.
   Navalça suları,
   Beyində iz açan nəğmələr kimi
   Çağlayır torpaqda iz aça-aça.
   Su əl verir sulara,
   Vüsalın fərəhindən
   Tələsir dənizə su uça-uça.
   Hələ yol uzundu, mənzil uzaqdı,
   Dənizə tələsən ümidli sular.
   İstəyir hələ də yağış bitməyə
   Axı hələ güc gərək
   Göy dənizə yetməyə.
  
   9.08.09.
  
   Yağışdan sonra
  
   Yay gecəsi
   Gurultulu yağışdan sonra
   Nur geyinib
   Göyün aylı gecəsi.
   Baxın,
    göy yağışdan öncəki
   O qəzəbli göy deyil.
   Hamarlanıb dağ-dağ,
    təpə-təpə buludlar.
   Göyün üzü
   Səhra kimi düm-düzdü.
   Şıdırğı yağışda çimən ağaclar,
   Baxın, hamamdan gələn
   Gəlin kimidi.
   Bu gecəni duyanlar
   Lalə, qızılgül nədir,
   Başı, qanqalı sevir
   Dağ elə gözəlləşib,
   Yüngülləşib,
   Götür, daşına çevir.
  
   9.08.09.
   
   Yağışlı gecədən gələn səhər
  

   Yağışın nəfəsi təzə kəsilib,
   İslanıb üst-başı
   Gələn səhərin.
   Nəfəsi soyuqdu, bir az da sərin
   Yağış damcılayır yarpaqlar hələ.
   Buludların
   Atəşindən dəng olan
   Ağaclar, çiçəklər
   Sükut əmir bu səhər.
   Rahat nəfəs alır ciyərlərimiz.
   Pis niyyətli adamlardan
   Maşınların ciyərindən
   Hələ damcılamır
   Səhərə zəhər.
   Nəhəng dağlar, qocalar
   Körpə təbəssümlüdür.
   Pardaxlanan qızılgül
   Hələ yağış yüklüdür.
   Komadakı qaranlıq
   Hələ güdür işığı,
   Elə bil ki, tülküdür
  
   10.08.09.
  
   Bu gecə
  
   Bu gecə,
   Gör necə
   Yağış yağır gizlicə.
   Göy də elə bilir ki,
   Qaranlıqdı, görən yox,
   Hamı yatıb, bilən yox.
  
   Ağaclar, yollar çimir
   Torpaq doyub su içmir.
   Sular axır səllimi.
   Suya həsrət dərədə
   Su kükrəyir, seldimi?
  
   Dağlarda yaşayanlar
   Ətəkləri düşünür.
   Gurladıqca dağ çayı
   İnsan olan üşünür.
  
   Şamaxı, 11.08.09.
  
   Bu yağış
  
   Buludların
   Göydə başı hərlənir
   Şimşək çaxır,
   Göydən göyə nur ələnir.
   Arabir,
   Buludların yaxasından
   Düymə-düymə
   Yağış qırılır.
   Günəş itib,
   Günün günorta vaxtı
   Hava qaralır.
  
   Bu yayın istisində
   Bulud yağışlayacaq?
   Ovuc-ovuc dərələr,
   Nəlbəki, gölməçələr.
   Yağış yığacaq?
   Kərpickəsən kişilər
   Allahından inciyib
   Göyü qarğışlayacaq?
  
   Bu yağış
   Yalandımı, doğrumu?
   Dərələrdə sellənib
   Qamarlayıb kimisə
   Aparacaq oğrumu?
   Biçilməyən sünbülü
   Vağamlayıb tökəcək?
   Əkinçiyə, çobana
   Dağ üstə dağ çəkəcək?
   Daşa çırpıb quzusunu,
   Siləcəkmi çobanın
   Ürəkdə arzusunu?
   Bu yağış
   Yalandımı, doğrumu?!
  
   1.08.09.
  
   Yağışlı balaca böyüklər
  
   Göy o qədər dolub ki, bax,
   Boşalmadı sübhə kimi -
   Yerlə göyün arasında
   İmzalanan sülhə kimi.
  
   Gecə keçib yarıdan
   Gürşad yağır aramsız.
   Dünya deyil eyninə
   Kimi yaşayıb haramsız?
  
   Yağış yağır iynədəki sap kimi,
   Gözəyir torpağın söküklərini
   Elə məharətlə görülür bu iş,
   Heç kimə görünmür tikiş yerləri.
  
   Buludlar örpək kimi
   Yel əlində əsirdi.
   Elə ki, şimşəklədi,
   Ov tutan aslan kimi
   Nəriltisi kəsildi.
  
   Yaralı qoz ağacı ilə söhbət
  
   Qoz ağacı,
   Nə gülürsən
   Gördüyünə acı-acı?
   Bu, insandı
   Yox olarsan
   Baxsa sənə qıyğacı.
   Sərhədləri adlama
   Sözünü fəryadlama.
   Fikir vermə adama
   Odlayır ətəyini,
   Sızıldayır köklərin.
   Selbələyir qozunu,
   Sevinir əməlindən.
   İnsan təzə deyil ki,
   Belədi təməlindən.
   Alov qarsıb
   Ətəkdə yarpaqları,
   Əsəbi görünürsən
   Körpətək hönkürürsən.
   Hələ payız gəlməyib
   Köynəyini sökürsən.
   Söymə, söymə istidə
   Kölgənə sığınanı.
   Ömrü, günü həyata
   Öd kimi sağılanı.
   Unutma, səni əkən,
   Becərən də insandı.
   Ürəyinə dağ çəkən,
   İnsan yox,
   İnsanlığa nöqsandı.
  
   12.08.09.