Borevin məşhur «Estetika» kitabında deyildiyi kimi «...Həyatdakı çirkin hadisələr də bədii əsərdə təsvir olunur, estetik zövq verir. Bu zövqün əsasında sənətkarın ustalıqla təsvir edə bildiyi gerçəklik predmetlərini dərketmə sevinci dayanır...» Bu baxımdan yazıçı Mahirə Abdulla əsərlərində düşmən xislətinin eybəcərliyini, həmçinin öz daxilimizdə olan çatışmazlıqları xüsusi bacarıqla qələmə alıb. Düzdür buna görə ona bəzi «əxlaq polisləri» ağız büzüb. Çox güman, onların ədəbiyyat qanunlarından xəbəri yoxdur. Ədəbiyyat həyatı əks etdirirsə, burada bütün yolların düz, hər şeyin gözəl olduğuna inanmaq yalnız sadəlövhlük olardı. Ancaq baxır bu nahamar yolları, həyatın eybəcərliklərini necə qələmə alırsan. Daha gözəlliyi də eybəcərlik kimi qələmə verən üzdəniraq yazarlar kimi yox...
  
    Yazıçının əsəri ilə yanaşı, onun müsahibələri, özünəməxsus fikirləri də oxucu üçün maraqlı olur. Bu baxımdan tanınmış qəzetlərdən birində gedən müsahibəni maraqla oxumağa başlamışdım ki, birdən müsahibin «səmimi» etiraflarına çatanda həmin yazıçı da, onun əsərləri də, hələ onunla belə «maraqlı» söhbət edən yazar da bir oxucu kimi gözümdə bir heçə döndü. Bu cür qeyri-etik və məntiqsiz sözləri «Mədəniyyət» qəzetində dilə gətirmədən sadəcə bir şeyi söyləyə bilərəm. Belə vulqar, küçə uşaqlarının söyüşündən betər bu cür yazılardan iyrəndik, yetər!..
   Xatırladım ki, bir qədər əvvəl elə bu mövzu ilə bağlı ədəbiyyatçıların fikirləri ilə sizi tanış etmişdik. Onda mətbuatda gedən iki cavan yazarın biabırçı söhbəti məni buna vadar etmişdi. İndi isə...Sonra da deyirik ki, cavanlar elə yazır, belə yazır. Əgər qələmi hələ püxtələşməyən cavan belə səhv edirsə, bəs onda 60-70 yaşında olan yazıçıya nə deyəsən?! Oxucunun əsəbləri ilə oynayan və onu bataqlığa sürükləyən bu dəhşətli mərəz bir qrup yazar arasında getdikcə dəb halını alır...Görünür onlar da elə özləri üçün yazırlar. Bir xanım yazardan eşitdim ki, orta yaşlı bir kişi ona şeir kitabını bağışlayıb. Xanım da elə marşruta əyləşən kimi həvəslə kitabı əlinə alıb ki, yəqin maraqlı şeirlərlə rastlaşacaq. Amma elə ilk səhifədən şairin son dərəcə iyrənc, ucuz, güya sevgi şeiri kimi (tində dayanıb ən kobud sözlərlə qızlara sataşan avaralar kimi) təqdim etdiyi mənasız quraşdırmalarını oxuyan andaca kitabı avtobusdan tolazlayıb. Bir dəfə də mənə görkəmindən şəxsiyyətli birinə bənzəyən başqa bir şair kitabını bağışladı. Kitabı vərəqlədiyimə peşman oldum. Səthi, adi düşüncə ilə yazılmış sevgi «şeirləri». Dəhşətlisi o idi ki, müəllif bütün abır-həya sərhədlərini keçmiş, nəticədə çox bəsit, məntiqi olmayan, mənasız mənzərə yaratmışdı. Görəsən, o cür şairlər kitablarını xanımlarına və qızlarına necə bağışlayırlar. Yaxud bir başqası onların xanımlarına və qızlarına belə ucuz pornoqrafik şeirlərini bağışlasaydı, razı qalardılarmı? İddialı, özündən razı olan bu yazarlar SÖZÜN xəzinə olduğunu haradan anlasınlar. Bilirəm, indi bəziləri düşünəcək ki, bu fikirlərin müəllifinin kompleksi var, geridə qalıb və s. Onlara da bəri bəşdan cavab verim ki, əxlaqsızlıqla (bu da bir əxlaqsızlıqdır) müasir olmaqdansa, elə geridə qalmaq yaxşıdır.
   Yeri gəlmişkən, onu da deyim, onların sırasında xanım yazarların da öz «çəkisi» var. Beləcə «qabağa gedən» bu sahədə məşhur birisini xeyli bundan əvvəl ANS kanalında hansısa proqrama dəvət etmişdilər. Sırf belə yazılarına görə. Xanım üzünə məsum bir ifadə verərək bildirdi ki, ondan başqa bütün xanım yazarlar səmimi deyil və o hər şeyi olduğu kimi qələmə alır. Onun nə yazdığını təkrarlasam, yəqin ki, bu yazı başqa qəzetlərdə olsa da «Mədəniyyət» qəzetində əsla getməz. Həmin verilişdə xanımın həmkarı daha da irəli gedərək it, pişik sevgisini yüksək «sənətkarlıqla» qələmə alan şair başladı xanımı tərifləməyə...
   Yadımdadır ki, ədəbi dərgilərdən birində çalışan xanımın yazısı təsadüfən belə bir müəlliflə yanaşı getdiyinə görə xəcalət çəkdiyini deyirdi. Az qala dünyada nə varsa hamısına ədəbsiz yozum verən bu «tanınmış» yazarlar görünür ədəbiyyatın «ədəb» sözündən götürüldüyünü heç xatırlamaq istəmirlər. Unutmayaq ki, bütün zamanlarda ədəbiyyat ədəbə və əxlaqa xidmət edib. Bundan sonra dabu missiyanı daşıyacağına şübhəniz olmasın.
  
   Mina RƏŞİD