Sentyabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şəhid şair Ülvi Bünyadzadənin “Ömür yolu” adlı kitabının təqdimatı keçirildi. Tədbiri açan Səlim Babullaoğlu Ü.Bünyadzadənin yaradıcılğı haqqında danışdı. Millət vəkili Qənirə Paşayeva Ü. Bünyadzadənin gənc nəsil üçün örnək olduğunu qeyd edərək, mərhum şairin Gürcüstanda nəşr olunan kitabındakı andını oxudu. Sonra Rəşad Məcid, Arif Əmrahoğlu, Əkbər Qoşalı, Elçin Hüseynbəyli, Elxan Zal Qaraxanlı, Sevil Gültən və Fərqanə Mehdiyeva Ülvi Bünyadzadənin yaradıcılığı haqqında dəyərli fikirlər söylədilər “Ömür yolu” kitabı beş dildə nəşr olunub. Rus dilinə Səyavuş Məmmədzadə, ingilis dilinə Sevil Gültən, Türkiyə türkçəsinə “Kardeş kalemler” dərgisinin əməkdaşı, yazar İmdat Avşar, gürcü dilinə tərcüməni isə Oqtay Kazımov edib. Kitabda Almaz Ülvinin “Ölümün acığına” adlı məqaləsi də yer alıb. Bundan başqa, Ülvinin poemasından fraqmentlər rus dilində nəşr olunacaq Azərbaycan poeziyası antologiyasında da dərc ediləcək, həmçinin “Kardeş kalemlər” dərgisi növbəti ilin yanvarında nəşr olunacaq sayında Ülvinin əsərlərinin türk variantını nəşr edəcək. Kitab “Dünya ədəbiyyatı dərgisi”nin və AYB-nin tərcümə seksiyasının əməkdaşlarının əməyi sayəsində araya-ərsəyə gəlib. Qeyd edək ki, bu il Tiflisdə də Ü.Bünyadzadənin kitabı işıq üzü görüb. Bu kitab da “Ömür yolu” adlanır. Kitab gürcü və Azərbaycan dillərində nəşr olunub. Kitab millət vəkili Qənirə Paşayevanın “Dostluğun və oxşar taleyin nişanəsi” adlı giriş yazısı ilə açılır. Kitabda oxucular həmçinin şairin irsinin qoruyucusu, bibisi Almaz Ülvinin “Mənim Ülvi dünyam” adlı məqaləsi və ən sonda Ülvinin məşhur “Ömür yolu” poeması ilə tanış olurlar. Kitabda Ülvinin “And”ı və iyirmi yanvarla bağlı fotolar da öz əksini tapıb. “Qafqaz evi” tərəfindən nəşr olunan kitabın tərcüməçisi Oqtay Kazımov, redaktoru Şota İataşvili və Səlim Babullaoğludur.  

 Fərid