Samir Qulamovun adı bir çoxlarına teatrdan, bəzilərinə isə klip və kinodan məlumdur. O, özünü daha çox rejissor hesab edir. Samir əvvəlcə teatrda yenilikçi rejissor kimi tanındı. Hazırda rəhbərlik etdiyi “Artist” prodakşn onun quruluşu ilə “Ruhların qovuşan yeri” adlı yeni detektiv serialın çəkilişlərini davam etdirir. Bu işin əvvəlki seriallarımızdan fərqli olacağını yaradıcı heyətin necə həvəslə işlədiyindən sezmək olar. Bu barədə isə rejissorun özü danışdı.

   - Əvvəlcə ssenari barəsində qısa məlumat verərdiniz...
   - Ssenarini 3-4 il bundan öncə yazmışdım. Əvvəl adı “Yol” idi, çünki həmişə yollarda yazırdım. Bir ilə ssenarini bitirdim və Daxili İşlər Nazirliyinə təqdim etdim. Bəyəndilər, ancaq ssenarini daha da mükəmməlləşdirmək üçün mənə arxiv materialları təqdim etdilər. 1985-ci ildə uşaq evində böyüyən 11 yaşlı oğlanı Rusiyada kök salmış bir mafiya qaçırdır. Onu killer kimi böyüdürlər. Mau (ərəb dilindən tərcümədə “ölüm” deməkdir) ləqəbli killer Avropanın 26 ölkəsində axtarışda olur. Abdulla adında bir nəfəri öldürmək üçün killeri Azərbaycana göndərirlər. Burda isə Mau mühasirəyə düşür. Onun axtarışına 8 polis əməkdaşı və keçmiş polis kapitanı Səid Kərimov cəlb olunur. Killeri isə üzdən heç kim tanımır. O, tanınmış jurnalistin evinə daxil olur. Və onlar arasında sevgi yaranır. Mau haqda süjetlər hazırlayan jurnalist xanım onu həm də evində gizlədir.
   - Ssenarini yazanda serial üçün nəzərdə tutmuşdunuz, yoxsa...?
   - Yox əvvəl film çəkmək istəyirdim sonra materialların çoxluğu serialın daha əlverişli olduğunu gündəmə gətirdi. Mənə elə gəlir ki, son illər Azərbaycan filmlərində kişi obrazları çox azdır. Vaxtilə biz hamımız Babəkə, Nəsimiyə, Qaçaq Nəbiyə, Beyrəyə oxşamaq istəmişik. İndisə kinoda özümüzü bənzədəcək yeni bir qəhrəman görmürəm.
   - “Kurtlar vadisi” serialının bu fikrin formalaşmasında hər hansısa rolu olmadı ki?
   - Sözün düzü, həmin serialın iki-üç seriyasına baxmışam. Çox süni aktyor oyunu var.
   - Bildiyim qədər bir vaxtlar siz həmin serialın Azərbaycan versiyası üzərində işləmək istəyirdiniz.
   - Yox, qətiyyən. Bu ssenari mafiyadan bəhs etdiyinə görə “Kurtlar vadisi”nə oxşaya bilər, amma biz çalışırıq ki, daha çox rus seriallarına oxşasın. Serial tək arxiv materiallarından və dava-dalaşdan ibarət deyil, həm də bir insanın acı taleyindən bəhs edir. Fikir versəniz, məhz 80-cı illərdə uşaq evlərindən bu cür atasız-anasız böyüyən uşaqlar mafiyaya daha çox cəlb olunurdu. O vaxtla müqayisədə, indi vəziyyət daha yaxşıdır. Amma yenə də hamı bilməlidir ki, biz o uşaqların taleyinə biganə qalmamalıyıq.
   - “Yol” adını nə ilə əvəzlədiniz?
   - “Ruhların qovuşan yeri”. Onu da qeyd edim ki, seriala çox maraqlı sauntreklər yazılır. Musiqiləri Azərbaycanda və Gürcüstanda tanınan ”Nağd pul” qrupuna həvalə etmişik.
   - Tam olaraq filmi nə vaxt bitirəcəksiniz?
   - Çəkilişlərə fevralın sonlarından başlamışıq və artıq bir seriyanı bitirmişık. Çəkilişlərimiz Bakı, Sumqayıt və İmişlidə oldu. 4 seriya hazır olandan sonra film efirdə nümayiş olunmağa başlayacaq. Konkret hansı kanalda yayımlanacağını indidən deyə bilmərəm. Amma artıq bir neçə kanaldan dəvətlər almışıq və seçim edirik. 20 seriyanı tam olaraq üç aya bitirəcəyik.
   - Belə başa düşdüm ki, Rusiya mafiyası da serialda öz əksini tapacaq. Bəs aktyorları oradan dəvət etməyi düşünmürsünüz ki?
   - Hətta sizə deyim ki, Rusiya mafiyasından başqa, Türkiyə mafiyası da ssenaridə öz əksini tapıb. Ona görə həmin ölkələrdən də aktyorlar cəlb eləmək niyyətindəyik.
   - Gələk aktyor heyətinə. Maraqlıdır, Maunu kimə həvalə etmisiniz?
   - Killer obrazını “Bəyaz həyat” serialından tanıdığınız Kamal Dəniz canlandıracaq. Bundan başqa, Yalçın Balayev, gənc aktyor Elçin Məmmədov, dünya çempionları Vüqar Məcidov, Elçin Çobanov, Allahverdi Rüstəmovu da serialda görə biləcəksiniz. Mən populyar aktyorun arxasında gizlənən rejissorlardan deyiləm. Ona görə filmdə “Azdrama”nın aktyorlarına rast gəlməyəcəksiniz.
   - Aktyorluqdan rejissorluğa keçid eləməyinizin səbəbi nə idi?
   - Hər bir aktyorun içində rejissorluq olmalıdır, o, özü-özünün rejissoru olmalıdır. Rejissor musiqini, operatoru, aktyorları və digərlərini düşünərək, bütün komponentləri özündə birləşdirməyi bacarmalıdır. Mən birdən-birə kinoya gəlməmişəm. Aktyor kimi Eldar Quliyevin, Vaqif Mustafayevin və b. rejissorların filmlərinə çəkildim, tamaşalarda oynadım. Bəlkə də 1995-ci ildə ən çox kinoya çəkilən aktyor mən idim. Bu proseslərin içində bişdim. Sonra düşündüm ki, bəs bundan sonra məni kim çəkəcək? Elə rejissorların filmlərinə çəkildim ki, sonra həmin işlərimdən utandım. Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbinə daxil oldum. Tanınmış rejissorların master-klasslarında iştirak etdim. İndi daha çox dünya kinosundan öyrənirəm. Düşüncə tərzinə qədər dəyişməyə çalışıram.
   - Bizə çatan məlumata görə, Rusiyaya oxumağa da getməliydiniz...
   - Bütün sənədlərim hazır idi, amma Beynəlxalq Kino Məktəbinə daxil olandan sonra qərarımdan daşındım.
   - Gənc rejissor kimi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə müxtəlif teatrlarda tamaşalar hazırlamısınız. Nazirliyin gənclərə ünvanlanmış “Bu meydan, bu ekran” müsabiqəsində iştirak etmisinizmi?
   - Həmin müsabiqəyə iki layihə vermişdim- “Aktyor” və “Günəşə doğru yol”. Rüstəm müəllimin sözlərinə görə, “Aktyor” çox gözəl ssenaridir. “Günəşə doğru yol” isə mənim Beynəlxalq Kino Məktəbimə qəbul olunmağıma səbəb oldu. Yəni imtahan zamanı ssenari nəzərə alındı. Amma hər iki ssenari dediyiniz müsabiqədən keçə bilmədi. Səbəbi məlum deyil. Düşünürəm ki, bu, müsabiqənin münsiflər heyətinin zövqü ilə əlaqədardır.
   Əsas məsələ bizim kollektivin “Ruhların qovuşan yeri” ekran əsərini yüksək səviyyədə təhvil verməkdir. İnanıram ki, tamaşaçılar serialı bəyənəcəklər.
   
   Hazırladı: Aylin