Fərid Hüseyn
   
farid-001@inbox.az
   
  

   Düşüb əlimdən sındı
   Eyib göstərən güzgü.
   “eybi yoxdur” dedilər.
    * * *
   Qatil dedilər mənə
   Bir-iki ümid öldürmüşdüm.
   Bir-iki arzu doğuldu ürəyimdə
   “Ana” demədilər.
    * * *
   Dilimi dişlədim.
   Bir-iki sözüm kəsildi.
    * * *
   Hara aparır bizi,
   Ayaq adlı bu maşın?
    * * *
   Sən günəşsən mən ayam
   Çoxdandır görüşmürük.
   Neyləyək, düzgün bölünməyib
   Məhəbbətin iş saatları.
    * * *
   Arxamca su atan qız,
   Ayağımın izlərini yuyur
   Ömrünün çığırlarından.
    * * *
   Dünən bir ulduz axdı,
   Sən də öldün mənimçün.
    * * *
   Avtobusda yatan fəhlənin
   yuxusunun adı - YORĞUNLUQ.
    * * *
   Daha mən danışmıram.
   Qoy gözlərin ürəyini boşaltsın.
    * * *
   Bir saat əvvəl əzizlənən uşaq,
   Bir saat sonra döyüləndə
   Anladı ki, sevgi müvəqqətidi.
    * * *
   Doqquz iqlimi var ölkəmizin,
   Amma hərdən havam çatmır.
    * * *
   İnsanın taleyi alnına yazılıbsa,
   Falçılar niyə, ovcuna baxırlar, Nitşe?!
    * * *
   Xanım sözündə XAN var.
   Bəy sözündə ancaq BƏY var.
   Deməli xanımlar adlarında da
   Kişi daşıyırlar.
    * * *
   Səhvimi bağışlayasan deyə
   Mesaj yazdım
   Mesajdasa adını kiçik həriflə
   Bağışla...
    * * *
   Əgər bu şəhərdə,
   sevdiyin qızın yaşadığı evin yerini bilmirsənsə,
   Bütün pəncərələrdən sual yağacaq gözlərinə,
   “Görəsən, o haradadır”.
    * * *
   İşıqlar mərtəbə-mərtəbə dırmanır binaya,
   Hər mərtəbə işığın bir pilləkənidi
    * * *
   Avtombil qəzasında ölmüş
   Bu cavan oğlanın qəbri.
   Qəbiristanlığın yanından sürətli keçən
   Avtomobillərdən nigarandı.
    * * *
   Üstündə səməni çürüyən qəbir,
   Novruz bayramın mübarək olsun!
    * * *
   Dünyanın ən sözəbaxan uşaqları
   Balaca qızların kuklalarıdır.
   O kuklalarsa qızların analıq arzusudur.
    * * *
    Alnımızda qırış,
   əlimizdə çat.
   Alnımızda güllə,
   Əlimizdə avtomat
    * * *
   Sən üstümə su töküb sevinirsən ki,
   onu islatdım.
   Mənsə, fikirləşirəm ki,
    yuyuldu günahlarım.
    * * *
   Hamıya qartopunu
   yavaş atırsan,
   Mənə, çatandasa,
   elə bil şeytana daş atırsan.
    * * *
   Dünyanın mübarizəsiz qəhrəmanları - ağaclar
   sizi doğulduğunuz gündən torpağa gömürlər
    * * *
   Başını o gecə çiynimə qoydun
   Duydum məhəbbətin ağırlığını
    * * *
   Mənim gözlərimdə çox uçurum var.
   Mənim gözlərimdən çox insan düşüb.
    * * *
   Mən deyirəm:
   Yaxşı ki, ona oxşayan qızlar çoxdu bu şəhərdə
   O, deyir:
   Yaxşı ki, ona oxşayan oğlanlar yoxdu bu şəhərdə.
   Biz bir-birimizi belə sevirik.
   Məktubları tullama ha!
    * * *
   Telefonsuz vaxtlarımızın mesajlarıdı onlar
    * * *
   Yazdığım məktubları heç bilmirsən hardadı.
   Eybi yox incimirəm,
   sözlərim yadındadı!
    * * *
   Yayda qar arzulamaqdı səni sevmək
   elə mən də qar arzulayıram.
    * * *
   Qadının dırnaqları arasındakı çirk,
   dünyanın kirliliyindənxəbər verir..
    * * *
   Ağ bənizli qızın qara bəxti,
   dünyanın ən əcaib təzadı.