Nərmin Hüseynzadə
   
   
   Əsir əsr
   
   XXI əsr…texnologiya, inkişaf, inteqrasiya daha nələr,nələr...
   Zaman keçir, hər şey dəyişir,yeniləşir. Bizə isə yalnız leksikonumuza gəlmiş yeni çətin-çətin sözləri əzbərləmək qalır. Başa düşməsək belə, qonşudan geri qalma məsəlini əsas tutaraq, dilimizə, ağzımıza yatmayan sözləri işlədirik...
   Yeni-yeni xəstəliklər meydana gəlir.Ömründə donuz əti yeməyən müsəlman donuz qripinə tutulur, toyuqlar qriplərini insanlara keçirir, hətta öldürür.
   İndi ölüm də gülməli olub. Əvvəllər döyüşlərdə ölərdi insanlar, indi isə donuz, toyuq yeyənda ölürlər... Düzü biabırçılıqdı.
   Geyimlərimiz, yeməyimiz, danışığımız, gülüşümüz, oturuşumuz-duruşumuz, hər şeyimiz büsbütün dəyişib, müasirləşib. İndi idman üslubunda geyinib, başa papaq qoymaq, gözə sifətimizin tən yarısını örtən eynək taxmaq dəbdədir. Artıq ev yeməkləri dəbdə deyil, qocalar demişkən, “qutuda” yeməklər satırlar indi. Heç ürəklə gülə də bilmirəm, deyirlər, güləndə cəmi ikicə dişin görünməlidir, zamanın tələbi belədir. Hələ ki, alışa bilmirəm bu qeyri-adi tələblərə...
   Hər şeyin günahkarı isə XXI əsrdir! XXI əsr dedim, bir hadisə yadıma düşdü. Doqquz il bundan qabaq, yəni XXI əsr təzəcə gələndə bu münasibətlə keçirilmiş tədbirlərin birində yaşlı bir kənd nümayəndəsinə söz verirlər danışmağa. Mətni vərəqdən güclə oxuyan baba XXI əsr sözünü xı-xı-I kimi oxumuşdu. Çox gülmüşdüm o zaman. Ancaq yazıq uzaqgörən insanmiş. XXI-əsr elə xıxııı oldu... Bu uşaqların leksikonunda heç də yaxşı söz deyil məncə... nə isə...
   Bəlkə, elə belə yaxşıdı,sadəcə mən çıxa bilməmişəm rayon ab-havasından. Zamansa öz işini görməkdədir.Məni gözləyəsi deyil ki…
   
   Yeni dünyam
   
   Bu gecə özümə yeni bir dünya qurdum yuxumda. Qıpqırmızı, göz qamaşdıran dünya! İnsanları da özü kimi fərqli idi dünyamın. Onlar danışa bilmirdilər, gözlərindən anlayırdılar bir-birilərini. Ona görə də yalansız idi dünyam.Gözlər, qəlbin aynasıdır, qəlb isə yalan deməz heç vaxt!
   Dünyamda bir-birinə sevgi ilə baxan gözlər,məhəbbətlə döyünən ürəklər də vardı. Xəyanətsiz idi dünyam!
   İsinmək üçün məkan, ocaq axtarmırdı insanlar. Hamı məhəbbəti, baxışları ilə isidirdi bir-birini. Xoşbəxt idi dünyamın insanları, ancaq mən xoşbəxt ola bilmədim öz dünyamda. Çünki sizin dünyanız özü kimi məni də çirkinləşdirmişdi artıq. Mən gözümlə yox, dilimlə danışıram dil isə yalana tərəf qaçır çox zaman...Qırmızı, xoşbəxt dünyamda qara nöqtə kimi görünürdüm uzaqdan.Çünki mənim onların sevgi dolu gözlərinə dikilmiş gözlərim kiməsə kin və nifrətlə baxıb nə vaxtsa. Ona görə anlamırdım onları....
   Kaş ki, mən öz dünyamı anamın bətnində olarkən, sizin dünyanızın havasını udmamış, suyunu içməmiş yalanlarıyla zəhərlənməmiş quraydım. Çox təəssüf...
   Zəngli saatın səsi qaytardı məni real həyata. Ancaq dünyamın nurlu işığı hələ də gözlərimdədir.
   
   Xəyal
   
   Pis olmasa yaxşının qədri bilinməz deyiblər. Təsəlli etdim bu sözləri özümə. Hər pisliyi gördükcə yaxşını tapacağıma inandırdım özümü. Beləcə, öyrəşdim pisliklərə...
   Əvvəllər düşünəndə belə sarsıldığım hadisələr indi başıma gəlsə də, daha məni təəccübləndirmir. Bəzən böyüməkdən qorxuram. Çünki uşaq olanda ətrafımda baş verən dəhşətli hadisələrə biganə qalmağı bacarırdım. Bəlkə də, dərk edirdim, təsirlənirdim, ancaq “uşaqlıq” sözünün arxasında gizlənirdim. Problemimsə, ancaq oyuncaqlarım,saçsız qalmış gəlinciklərimlə idi...
   Təəssüf ki, indi nə “yeniyetməlik”, nə də gənclik sözləri kömək etmir mənə problemlərdən, ikiüzlü insanlardan, yalanlardan qaçmaq üçün. Əksinə, zaman keçdikcə daha çox qarşılaşıram belələri ilə. Beləcə də böyüyürəm.
   Bilmirəm, bəlkə də, bu, həyatın qanunudur. Axı, pis olmasa, yaxşının qədrini bilmərik...
   İşə bir bax, qədim Yunan filosofu Diogen kimi, gündüzün günorta çağı əli çıraqlı “İNSAN” axtarıram. Yalansız, xəyanətsiz, ruhoxşayan, gözəlliklərlə, yaxşılıqlarla dolu olan MƏKAN axtarıram!..