Onlar gənclərdir
      
   «Ulduz» jurnalının doqquzuncu sayı Gənc Ədiblər Məktəbinə həsr olunub. Bu il artıq jurnalın ikinci sayıdır ki, gənclərin ixtiyarına verilib. “Ulduz» jurnalının bu sayı mərhum şair Fərhad Metenin xatirəsinə ithaf olunub. Jurnalı Fərhadın “Bu şəhərin anatomiyası” və “Xocalı” şeirləri ilə açılır. Ardınca Feyziyyənin “İlhama məktub adlı” yazısı çap olunub ki, bu yazı da Fərhad Mete ilə bağlıdır. Fərhadla bağlı digər yazını Rəbiqə Nazimqızı yazıb. Hər iki yazıda Fərhadla bağlı maraqlı xatirələr var. Jurnaldakı bəzi hekayə və şeirləri saytlardan oxuduğum üçün və oxucuların çoxuna məlum olduğundan həmin əsərlərin adını verməklə kifayətlənirəm. 
      
   Zərdüştün “Möcüzə”, Nahid Hacıyevin “Yumulmayan gözlər”, Əli Əlioğlunun “Mənim teoremim”, Ziyad Quluzadənin “Empty”, Sevinc Mürvətqızının “Yanılma” hekayələri, həmçinin Elvin Bakiroğlunun, Kəramət Böyükçölün, Anar Aminin, Vüsal Nurunun, II Qismətin, Elnaz Eyvazlının şeirləri bizə yaxşı tanışdır. Ülkərin Uliyam Folkner, Con Steynberk, V.S Naypolun etdiyi tərcümələr, dəyərli nümunələrdir. Bundan başqa II Qismətin Xorxe Luis Borxes, Edqar Po, Şarl Bodler, Veronika Şofstal, Sunay Akın, Viktor Hüqo, Vilyam Şekspir, Herman Hesse, Henrik Nordbrandtdan tərcümə etdiyi şeirlər də müxtəlifliyi ilə seçilir. Başqa bir dəyərli tərcümə nümunəsi də Leyla Şərifovanın O.Henridən tərcümə etdiyi “Purpur paltar” hekayəsidir.
   Həmçinin jurnalda Qəndab Babayevanın xalq yazıçısı Anarla bağlı “Zamanla həmyaşıd” adlı essesi də işıq üzü görüb.
   «Ulduz»un bu sayındakı bəzi nümunələr haqqında düşünələrimi oxucularla bölüşmək istərdim.
   Günel Eminlinin süjetsiz hekayələri olduqca maraqlı göründü. Bu tipli hekayələr, adətən, ovqat yüklü olduğu üçün oxucunu yormur, bir anlıq yuxu gətirir. Birinci “Naxışsız çilçıraq” hekayəsi insan və cansız əşya münasibəti zəminində qurulub və çilçirağın dili ilə əsərin mənası aydınlaşır. Andersenin nağılları üslubunda yazılmış bu hekayə olduqca maraqlı sonluqla bitir. Məlum olur ki, əsərin qəhrəmanından gələn qoxu ətir qoxusu yox, “kin qoxusudur”... Bu hekayədə humanizimlə bağlı cəhəti vurğulamaq olar. “Kin qoxusu” gələn xanım digər insanlardan uzaqlaşır. Bu tipli hekayələrə xas olan «müsbət enerji” ənənəsinə xanım yazıçı, fikrimcə, əla riayət edir.
   Xəyalə Sevilin də jurnalda iki şeiri çap olunub. Xəyalənin birinci şeirinin ikinci və üçüncü misraları fikir baxımından çox maraqlıdır. Amma şeirin işləmə texnikası baxımından isə müəyyən problemlər (hamımızda olduğu kimi) var.
   
   Qara günün əlindən
   Axır qapqara olacam.
   Bir də baxıb görəcəksən
   Qaranlıqda yoxa çıxdım.

   
   İkinci şeir isə həcimli olduğuna görə, bu mətin daxilində şərh etmək düzü, bir qədər çətindi.
   Qılman İmanlının kitabındakı şeirləri ilə tanış olanda bəyənməmişdim. Ənənəvi üslub, poetik obrazlar və metafora sistemi (həmçinin stixiya) mənə, düzü, çox köhnə görünmüşdü. Bu qənaətimi kitabını oxuyarkən ürəyimdə bir də təsdiqləmişdim. Onun son yazıları əvvəlki təəssüratımı alt-üst etdi. Onun son şeirləri göstərir ki, o daxili stereotiplərini dağıdıb.
   
   Vaxtı böldüm ilə, aya.
   Günlərimi saya-saya.
   O dünyadan bu dünyaya
   Ölüm adlı iyə gəldim.

   
   Qılman İmanlının jurnaldakı “Ömür yeyirəm” və s. şeirləri, həqiqətən, orijinallığı oxunaqlığı, ilə seçilir.
   Ülviyyə Heydərovanın “Xəyanətin dostu” hekayəsi maraqlı polemikalar üstündə qurulub. Xüsusi dramatizm mühakimələri ilə başlayan hekayə iki nəfərin dialoqu axarında nəql olunur. Təhkiyə strukturu, janr quruculuğu da normaldır. Amma bəzi dilimizdə qarşılığı olan sözlərlə əvəzlənə biləcək obed, zavtrak podruqa kimi yad sözlərə də rast gəlinir. Hekayəni maraqlı edən başlıca cəhət ondan ibarətdir ki, ikili münasibət (dialoqlar) zəminində yaranan fərdilik oxucunu yormur. Görkəmli alim Rəhilə Qeybullayeva 1997-ci ildə İstanbulda nəşr olunan “Edebi nesr sujesində dinamiklik ve sabitlik” kitabında bir neçə müəllifdən stat gətirərək qeyd edir ki, janr dominantı olaraq dört əsas nəsnə var. Təsvirin mövzusu, hadisənin tərzinin prinsipi, problemlər (bədbəxtlik və tənhalıq hissi), nəsrin hansı janrda yazılması. Bu dörd amili nəzərə alsaq, Ülviyyənin hekayəsində hadisə tərzinin prinsipi (ailə xoşbəxtliyi qazana bilməyən kişinin özgə qadınla münasibəti) təsvirin mövzusu (kişi və qadın münasibətinin izahı) uğurlu hesab oluna bilər.
   Bundan başqa jurnalda Aytən Təhmasibin, Xudabaxış Əliyevin, Elnura Cavadzadənin şeir və hekayələri də oxucuların ixtiyarına verilib. Gənc Ədiblər Məktəbinin üzvləri üçün “525-ci qəzet” “Kaspi”, “Mədəniyyət”, “Yeni Azərbaycan”, “Ədalət” qəzetləri və “Ulduz” jurnalı olduqca geniş imkan yaradıb və gəncləri ictimaiyyətə təqdim edilməsində misilsiz xidmət göstərirlər. Bu baxımdan bu günün yaradıcı gəncləri çox şanslıdırlar...   

  Fərid Hüseyn