Qərb agentliklərinin məlumatına görə, sağlığında vurğunu olduğu Roma şəhərini öz əsərlərində dönə-dönə tərənnüm edən, italyan xalqına sevgi və sayqılarını bildirən dünyaşöhrətli rus yazarı Nikolay Vasilyeviç Qoqolun 200 illik yubileyi münasibətilə İtaliya paytaxtında keçirilən festival başa çatıb. İtalyan mətbuatının yazdığına görə, Qoqolun “əbədi şəhər” adlandırdığı Romada dahi sənətkara olan böyük ehtiram və məhəbbət bu gün də yaşamaqdadır. Təsadüfi deyil ki, burada keçirilən “Qoqol-200” adlandırılan festival günlərində böyük ədibin italyan dilinə tərcümə olunmuş əsərləri, o cümlədən “Qoqol dünyası” adlı silsilə tədbirlər, “La Sapiensa” universitetində düzənlənən elmi konfrans, şəhərin ən məşhur muzeylərində yaradılmış ekspozisiyalar italyanların Qoqol yaradıcılığına olan dərin marağının təzahürüdür. Qəzetlərin yazdığına görə, festivalın ən yaddaqalan və daha çox tamaşaçı cəlb edən bölmələrindən biri “Qoqol Romada” adlanır. Moskvadakı Mərkəzi muzeyin yardımı ilə Romanın San Salvatore - in Lauro məbədindəki muzeydə yaradılmış xüsusi ekspozisiyada ölməz ədibin həyat və yaradıcılığını əks etdirən 160-a yaxın eksponatın sərgiləndiyi bildirilır. Yerli mətbuatın yazdığına görə, muzeydəki “Qoqol teatrı və rus avanqardizmi”, “Qoqol Sergey Alimovun illüstrasiyalarında”, “Qoqol və Roma” ekspozisiyaları da italyanları heyran edib. “Qoqol - 200” festivalı günlərində Roma şəhərindəki məşhur “Burkardo” teatr muzeyi kitabxanasında da bir sıra olduqca maraqlı və yaddaqalan tədbirlərin keçirildiyi bildirilir. Bu ərəfədə həmçinin Roma şəhərinin məşhur kinoteatrlarında Qoqolun əsərləri əsasında çəkilmiş “Viy”, “Taras Bulba”, “Ölü canlar” və digər məşhur kinofilmlərin nümayişi də italyanlar tərəfindən xüsusi maraqla qarşılanıb.