Rejissor Şamil Nəcəfzadənin quruluş verdiyi "Qala" bədii filmi 27 avqust-7 sentyabr tarixlərində ABŞ-da keçiriləcək 33-cü Monreal Dünya Film Festivalında iştirak edəcək. 
   Rejissorun bildirdiyinə görə, əsər sözügedən festivala göndəriləndən sonra festivalın direktoru «Qala»nın baş prodüseri Xamis Muradova məktub göndərərək filmin seçim turundan keçdiyini bildirib: «Monreal Amerikada keçirilən ən böyük festivallardan biridir. Düşünürəm ki, Azərbaycan filminin festivalın proqramına qəbul olunması belə hamımızın uğuru sayılmalıdır». "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan «Qala» film-pritçadır. Əlavə edək ki, ötən il bu film «Oskar» mükafatı uğrunda yarışan 67 filmin sırasına düşmüşdü.
   Festivalda iştirakla bağlı Ş. Nəcəfzadə bildirib ki, rəsmi dəvətə əsasən o bu festivala qatılacaq. Rejissorun Monreala səfər xərcləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödəniləcək.
   Maraqlıdır ki, həmin festivaldan sonra oktyabrın 2-də H. Əliyev Sarayında «Qala» filminin geniş təqdimatı olacaq.
    Qeyd edək ki, filmin baş prodüseri Xamis Muradov, prodüserlər Rauf Ataməlibəyov, Timur Vaynşteyn, ssenari müəllifləri Şamil Nəcəfzadə, Ramiz Rövşən, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssamlar Arif Məhərrəmov, Əziz Məmmədovdur. Baş rolları Rasim Balayev, Vidadi Həsənov, Yuliya Peresild, Məmmədağa Əlili ifa edirlər.
   
   Cabir