Yaxın və uzaq adam Rza Bərahani: “Öz vətənimdən ötrü darıxsam da, sonra yenə də Amerikaya qayıtdım
      
    O, dünyada tanınsa da, Azərbaycanda o qədər də məşhur deyil. Əsərlərinin əksəriyyəti 15 dilə tərcümə edilib: ingilis, fransız, alman, rus, ispan, isveç və türk dillərində oxumaq olar. Ən əsası isə adı Nobel mükafatına təqdim olunanlar sırasındadır. Söhbət görkəmli şair, yazıçı, publisist və ədəbi tənqidçi Rza Bərahanidən gedir. 1935-ci ildə Güney Azərbaycanın paytaxtı Təbriz şəhərində anadan olub. Ədəbi nəzəriyyə və tənqid, poeziya və belletristikaya aid 50-dən çox kitabın müəllifidir. Əvvəllər Tehran, Texas, İndiana, Merilend, York, Yuta universitetlərində fəaliyyət göstərən Rza Bərahani hazırda professoru olduğu Toronto Universitetinin Müqayisəli Ədəbiyyatşünaslıq Mərkəzində mühazirələrlə çıxış edir. R.Bərahani indiyədək bir çox mükafatlara layiq görülüb. Bunların sırasında Kanada Milli Etnik Mətbuatı və Media Şurasının İnsan Hüquqları Mükafatı, Kanada Ədəbiyyatında Ömürlük Nailliyyət Mükafatı, İran Tənqidçiləri və Jurnalistləri Mükafatı, Toronto Universiteti Massey Kollecinin Risk Proqramında Alimlər Mükafatı, Amerika Yazıçılar Birliyinin Ümumdünya Azadlıq Mükafatı, Amerikanın Xarici Mətbuat Klubu Mükafatı və s. qeyd etmək olar. hesab edirk ki, bugünlərdə Bakıda qonaq olan yazıçı ilə müsahibə oxucularımız üçün də maraqlı olar.
   
   - Cənab Bərahani, yaradıcılığınız haqqında bizim bildiklərimizə nə əlavələr edərdiniz?
   - 74 illik həyatımın 55-ni ədəbiyyatla məşğulam. 12 roman müəllifiyəm. Əsərlərimin çoxunu fars və ingilis dillərində yazmışam. İngilis ədəbiyyatı oxumuşam və doktorluq işim də ingilis dilindədir. 18 il Tehran universitetində ədəbiyyat, ingilis ədəbiyyatı, ədəbiyyat tənqidlərindən dərs demişəm. Ən əsası isə İran ədəbi tənqidinin əsasını qoymuşam.
   Mənim romanlarım, şeirlərim, ədəbi tənqidlərim İranda xüsusi bir ədəbi hərəkat yaratdı. Azərbaycan, Tehran, Amerika, Nyu-York və şəhidlərlə bağlı əsərlərim var. Onu da deyim ki, modern və postmodern cərəyanında yazıram. Mən azərbaycanlı olduğum üçün qəhrəmanlarımın həyatı Azərbaycan şəhərlərindən və Tehrandandır. Türk və fars dillərinin bir-biri ilə toqquşması mənim romanlarımda xüsusi bir mövzudur. Təsəvvür edin ki, əsərlərimdə 70-80 ilin həyatını işıqlandırmışam.
   Sizə qeyri-adi bir hadisə danışım. 1976-ci ildə mən Nyu-yorkda idim. Birdən-birə şəhərin işıqları söndü və 4 gün o böyüklükdə şəhər qaranlığa qərq oldu. Uzaqda işıqlar görünür, bu tərəf isə qapqaranlıq. Bu qaranlıq içərisində böyük bir roman qəhrəmanları formalaşdırdım. Bu hadisədən düz 20 il sonra həmin qəhrəmanları əhatə edən əsərimi yazdım.
   - Yaşınız deməyə imkan verir ki, İranda cərəyan edən bir çox mühüm hadisələrin şahidi olmusunuz. Məsələn, Birinci Dünya müharibəsi, şah hakimiyyəti, İslam inqilabI və s. Bütün bunlar Sizin yaradıcılığınıza necə təsir edirdi?
   - Roman yazmaqla həyatın nə demək olduğunu ortaya qoyuram. Hər iki dövrdə- istər şah, istərsə də İslam inqilabından sonra həbsdə olmuşam. Şah hakimiyyəti dövründə Amerikada dərs deyirdim. Ölkəyə qayıdandan sonra məni həbs etdilər, işgəncə verdilər. Çünki elmi işimi Azərbaycan dilindən yazmışdım. Bu elə vaxtlar idi ki, Azərbaycan dilində danışmaq, məktəbə getmək və bu dildə təhsil almaq qadağan idi. Bundan əlavə şah hakimiyyəti dövründə mən ingilis ədəbiyyatı professoru olaraq Amerikaya getmişdim və Texas, Yuta universitetlərində dərs deyirdim. Bütün bunlara görə İrana qayıtdıqdan sonra məni həbs etdilər. Öz vətənimdən ötrü darıxsam da, sonra yenə də Amerikaya qayıtdım. Bu arada mən «Hakim mədəniyyəti və məhkum mədəniyyəti» adlı bir məqalə yazdım. Ordan çıxandan 1 il sonra yenə Amerikaya qayıtdım. Amma şah hakimiyyəti devrildikdən və şah İrandan çıxandan 4 gün sonra ölkəyə qayıtdım. Xomeyninin göstərişi ilə mənim işlədiyim universiteti bağlamaq istədilər, amma mən buna etiraz etdim. Beləliklə, məni yenə də həbs etdilər. Həbsdən qurtarandan sonra ailəmlə birlikdə Amerikaya getdim. Əgər getməsəydim məni edam edəcəkdilər.
   - Buna səbəb nə idi?
   - İranda yazarlarla bağlı bir qanun var. Biz, yəni «İran yazarlar klubu»nun üzvləri olan yazıçılar bu qanunun əleyhinə idik. Mən İrandan çıxandan sonra klubun üzvləri arasından 4-5 yazıçını öldürdülər. Ona görə də mən bir daha İrana qayıtmadım.
   - Qadın mövzusu sizin yaradıcılığınızda xüsusi yer tutur. Bu, hazırda Avropada dəb halını almış roman mövzusuna görədir, yoxsa..
   - Qadın amili mənim həyatımda xüsusi yer tutur. Ən başlıcası, mənim yazıçı olmağımda məhz qadın mühüm rol oynayıb. Qadınlarla bağlı əvvəlcə «Şəhrizad və onun yazarı» adlı əsər yazdım. Bu mənim tanıdığım xanımdır. Uşaqlıqda o mənimlə qardaşımı kitab mağazasına aparıb, Dostoyevskinin «Bəyaz gecə» adlı əsərini alıb verdi. O zaman 14-15 yaşlarında idim. Bu kitabı oxuduqdan sonra başa düşdüm ki, yazmalıyam. İranda türk dili qadağan olunduqdan sonra farsca yazmağa başladım. Ona görə də həmişə deyirəm ki, mən iki yad dili (fars və ingilis) oxumuşam və bu dillərdə yazıram. Sonra «Lilit» adlı qısa bir roman qələmə almışam. Bu qadın Adəm peyğəmbərin birinci xanımı olub. Roman feminizm mövzusundadır.
   Qadınların mənim şəxsi həyatımda xüsusi təsiri var. Düşünürəm ki, hər adamın nüvəsində bir qadın var. Dünyaya gəlmək, nəfəs almaq, dil açdığımız ilk kəlmələr.. bütün bunlar anamızdan gəlir. Biz dünyaya gəldikdə qadın iyini, qadın qoxusu alırıq. «Lilit»ə gəlincə, o, Adəmə tabe olmayan və öz hüquqlarını bilən qadın olub və hüquqlarının tapdanmasına etiraz edib. Mən bu qadını təqdir edirəm.
   Ümumiyyətlə, qadına hər zaman zülm edilib. Gərəkdir ki, bu zülm aradan qalxsın. 55 ildir ki, femnizm barədə oxuyuram. İndi amerikalı feministlərlə dostluq edirəm. Bəzən feminizmi səhv başa düşürlər. Feministlər kişilərin zülmünə, qadınların «başına vurmalarına» qarşı çıxırlar. Məsələn, uşaqlıqdan mənə elə gəlib ki, bizim ailədə birinci anam, sonra atamdır. Çünki atam anama çox böyük önəm verirdi. Hazırda mənim də ailəmdə xanımıma münasibət belədir. Hər üç oğlum analarını məndən çox sevib.
   Təəssüf ki, biz heç vaxt qadının hüquqlarını tanımırıq. Amma bu belə olmamalıdır. Bunun da yeganə yolu kişiləri maarifləndirməkdir.
   - Sizə ən çox uğur gətirən əsəriniz hansı oldu?
   - «Ayazın cəhənnəm günləri» adlı əsər çox populyar oldu. Bu, tarixi romandır. Əsərdəki qəhrəmanımı- yəni Ayazı Mənsur Həllaca bənzətmişəm. Mənsur Həllac o adamdır ki, 1200 il bundan əvvəl Bağdadda xalqın gözü qarşısında tikə-tikə edilib. Mən bu şəxsin yaşadığı həyatdan, üzləşdiyi çətinlikdən istifadə edib, yeni bir qəhrəman yaratmağa çalışmışam. Bu roman çap olunduqdan 35 il sonra İranda hamısını barbarcasına yandırdılar. Təsəvvür edin ki, kitablardan böyük bir tonqal düzəltmişdilər. Sonra mən əsəri bir Fransız naşirə verdim və 2000-ci ildə yenidən çap olundu. Rejimin xoşuna gəlməyən əsərlərim çox olub. Məsələn, şah hakimiyyəti dövrundə Amerikada «Adamyeyənlər» əsərim çap olunduqdan sonra Türkiyə qəzetləri əsərə münasibət bildirərək «Sarayda tufan qopdu» adlı məqalə yazdılar.
   - Maraqlıdır, Azərbaycan yazarlarından kimlərin əsərlərini oxuyursunuz?
   - Əsasən tərcümə olunan əsərləri oxumuşam. Çünki bizim fərqli əlifbalarımız olub. Bu, mənim Azərbaycana ikinci gəlişimdir. Bura 70-ci illərdə, Cavad Heyət də daxil olmaqla bir qrup elm xadimi ilə gəlmişdim. O zaman Anarla, Bəxtiyar Vahabzadə və başqa şairlərlə tanış olduq. Bir-birimizə şeirlər göndərməyə başladıq. Cənubi və Şimali Azərbaycanın yaradıcı insanları arasında əməkdaşlığın olması vacibdir.
   - Yuxarıda qeyd etdiniz ki, öz yaradıcılığınızla İranda xüsusi bir hərəkat yaratmısız. Maraqlıdır, bu mənada Sizin yaradıcılığınızda janr fərqi nədədir?
   - Mən şeirdə başqa bir stil yaratmışam. Məsələn, belə bir suala cavab tapmaq istəmişəm- modernizmin o tərəfinə necə getmək və post-modernizmdən necə istifadə etmək olar? Postmodernzm İkinci Dünya müharibəsi başa çatdıqdan və üçüncü dünya ölkələri adlandırdığımız ölkələrin yaranması ilə meydana gəlib. Bu cərəyan dünyanı kamil surətdə görür. Bizim zehnimiz Qərbin təsiri altında parçalanıb və bu fonda Qərbin də zehni tikə-tikə olub. Bunun da içindən tikə-tikə yazmaq meydana çıxıb. Zehin parçalayır, sonra yazır. Birdən zehin 25 səhifə dalbadal yazır. Sonra yenə parça-parça olub, ayrı yerə gedir. Zehn şüurla yox, naşüurla yazır. Məsələn, bir ölkənin tarixi stabil davam etmir. Müəyyən vaxtda parçalanır, yenə davam edir. Bu üzdən roman və ya şeir tikə-tikə olur. Post-modernizmin modernizmdən sonra gəlməsi doğru fikir deyil. Hər ikisi eyni zamanda meydana gəlib. Biz həm modern, həm də postmodern olurduq. Məsələn, sizin şairlərin yazdıqları şeirlərdə bir məzmun var: həmin məzmun struktur kimi qurulub və siz də bilirsiniz ki, şair nə demək istəyir. Bu, əvvəlcədən müəyyən edilmiş bir struktura bənzəyir. Amma mən romanı və şeiri parça-parça olmuş formada yazıram. Məsələn, belə bir əsərim var: «Dismemberment» (Tikə-tikə etmək). Bu əsər İran tarixi ilə bağlıdır. Tarixdə bir-birilərinə bənzəyən müxtəlif adamları bir xarakterdə təccəssüm etdirməyə çalışmışam. Bu əsər mənim içimdən gəlib.
   - Əsərlərinizin Nobel mükafatına namizədliyinin irəli sürülməsi ilə bağlı nə deyə bilərsiniz?
   - Şeirlərim müxtəlif yerlərdə, müxtəlif dillərdə çap olunub. Romanlarımın bəzi hissələri İngilis antologiyalarında nəşr edilib. Bu günə qədər ən müxtəlif mükafatlara layiq görülmüşəm. Nobel mükafatına gəlincə, 4-5 ildir ki, bu məsələ haqqında danışılır. Bəzi adamlar mənə deyiblər ki, bu işi görmək istəyirlər.   

  Mehparə