Həmvətənimiz, Rusiya rejissoru və prodüseri Rodion İsmayılov Azərbaycanda “Köç” adlı sənədli film çəkib. Film çobanların çətin həyatından bəhs edir. Filmin mahiyyəti ondan ibarətdir ki, məişətlərinin bütün çətinliklərinə baxmayaraq, çobanlar bütün dünya və sivilizasiyadan kənar qalaraq, bu həyatla yaşayır və başqa həyat da arzu etmirlər. Film yalnız onların qət etdikləri məsafədən deyil, həmçinin bu insanların işlərinə olan məhəbbəti və vəfasından da bəhs edir. Filmin yaranma ideyası Sankt-Peterburqda, müəllifin “Darvinin övladları” filminin çəkilişləri zamanı yaranmışdı.
   Rodion İsmayılovun dediyinə görə, o, Tovuz rayonunun Köhnəqala kəndində yaşayarkən, evlərinin yanından hər zaman gəlib keçən qoyun sürüsü və çobanları xatırladı və qərara gəldi ki, onların yaylaqdan qışlağa və qışlaqdan yaylağa qədər olan məsafəni necə qət etdiklərini, dağlarda elektrik enerjisi olmadan, daima çətinliklərlə üzləşdikləri həyatı əks etdirən bir sənədli film çəksin.
   Müəllifin sözlərinə görə, film Avropa tamaşaçısı üçün nəzərdə tutulub. Belə ki, rejissor onları Azərbaycan və onun qədim adət-ənənələri ilə tanış etmək istəyir. “Köç” filmi bir çox kinofestivallarda iştirak edəcək və Azərbaycan dilində, Azərbaycan titrləri ilə təqdim olunacaq. Avropa tamaşaçısı üçün isə subtitrlər ingilis və rus dillərində veriləcək. Hal-hazırda filmlə İspaniya və Portuqaliyanın kinoprokatçıları, onu televiziya və kinofestivallarda təqdim etdirmək üçün maraqlanır.