Görkəmli kinorejisor Əjdər İbrahimovun iki fili ilə bağlı xatirələrim

  Kinorejisor Əjdər İbrahimovun Vyetnamdan başlayaraq doğma Azərbaycana kimi uzun bir yol keçmiş zəngin yaradıcılıq bioqrafiyasında mənim üçün önəmli olan iki filmin xüsusi yeri var. Bunlardan biri 1966- cı ildə çəkilmiş “İyirmialtılar” tammetrajli bədii, digəri isə 1970- ci ildə lentə alınmış qısametrajlı “Şamaxı səması altında” sənədli-xronikal filmləridir. Birinci filmin kiçik bir hissəsi, ikinci film isə bütünlüklə qədim şeir-sənət diyarı Şamaxıda çəkilmişdir. İnqilabi-tarixi keçmişimizdən bəhs edən “İyirmialtılar” filminə indiyədək 19 milyondan çox tamaşaçı baxıb. “Şamaxı səması altında” sənədli filmi barədə isə indiyədək heç bir fikrə rast gəlinmir.
   
   Yaxşı yadımdadır beşinci sinifdə oxuyurdum. Yay tətili yenicə başlamışdı. O vaxtlar yaşıdlarımla futbol oynamağı, Pidrəki və Qız qalasına gəzintiyə çıxmağı, şəhərin aşağı hissəsində, yamyaşıl çəmənlik boyu axıb gedən Zoğalavay çayının buz kimi sularında çimməyi, tez-tez məşhur “Yeddi gümbəz” qəbiristanlığına gedib böyük satirik M.Ə. Sabirin məzarını ziyarət etməyi, məhəllə uşaqları ilə şeir yarışları keçirməyi, axşamlar isə valideynlərimizdən “pul qoparıb” yaxınlıqdakı yay kinoteatrına qaçmağı, müxtəlif filmlərə tamaşa etməyi çox sevirdik.
   Şamaxının tarixi yerlərindən olan “Yeddi gümbəz” qəbiristanlığı cöğrafi mövaqeyinə görə şəhərin cənub istiqamətində, yüksək təpəlikdə yerləşdiyi üçün hər yandan ovuc içi kimi apaydın görünür. Elə ki, qəbiristanliğa gedən yolda izdiham, insan axını oldu, hamı başa düşür ki, rəhmətə gedən var. Lakin, 1966-cı ilin o yay günündə “Yeddi gümbəz”dəki izdiham tamam başqa məramlı bir izdiham idi. Qəbiristanlığın hündür baş daşları, nəhəng sənduqələr və sərdabələr olan daha qədim hissəsində böyük bir insan dənizi yaranmışdı. Məhəllədəki qadınlar, yaşlı adamlar təəccüblə soruşurdular: “Rəhmətə gedən kimdir?”
    Zirək və diribaş uşaqlardan kimsə qəribə bir məlumat verdi: “Heç kəs rəhmətə getməyib, şəhərimizə kinoçəkənlər gəlib, kino çəkirlər. Böyük qardaşım da ora gedib. Deyir ki, kim istəsə kinoçəkənlərin yanına gedib çəkilə bilər, üstəlik pul da verirlər”.
    Doğrusu, bu xəbərdən sonra məhəllədə demək olar ki, bir uşaq da qalmadı... Hətta yaşlılardan da maraqlananlar cox idi. Hamı kinoçəkənlərə baxmaq istəyirdi.
   Biz “Yeddi gümbəz”in qədim qəbirlər olan hissəsinə çatanda, burada dəhşətli “döyüş” gedirdi. “Ölənlərin”, “yaralıların” fəryadı, qara çadralı qadınların naləsi ərşə bülənd olmuşdu. Qəbirlərin arasına yıxılan, üz-gözü “qana boyanmış” aktyorlar bizi dəhşətə salırdı. Uşaqlardan kimsə,- “doğruçu qan deyil, qorxmayın, kraskadır (yəni boya), özüm görmüşəm bayaq. Budur əlimdə də qalıb qırmızısı” dedi.
   Bu sözlərdən sonra ürəyimiz üstümüzə gəldi, xeyli yüngülləşdik,- “nə yaxşı ki, doğruçu qan deyil”...
   Məşhur kinorejissor Əjdər İbrahimovu həyatımda ilk dəfə məhz belə bir şəraitdə, çəkiliş meydançasında görmüşəm. Başına iri günlüklü papaq qoymuş, əyninə dama-dama parçadan qolsuz yay köynəyi geyinmiş, gözlərinə iri qara eynək taxmış, əlində meqafon (səs ucaldan) olan bu “qəribə adamı” şamaxılılar ilk dəfə görürdü. Lakin elə həmin unudulmaz yay günündəcə “İyirmialtılar” filminin kiçik bir hissəsini çəkmək üçün Şamaxıya gələn kinorejissor Əjdər müəllimin adı dillər əzbəri oldu. O vaxt bütün məhəllə uşaqlarında qəribə bir istək yaranmışdı, hamı,- böyüyəndə kinoçəkən olacağam,- deyirdi...  Tale sürprizlərlə doludur. 1970-ci ilin may ayı idi. Orta məktəbin sonuncu sinfində oxuyurdum. Bir səhər eşitdik ki, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, “Mosfilm” kinostudiyasının tanınmış kinorejissoru Əjdər İbrahimov kiçik bir çəkiliş qrupu ilə birlikdə rayonumuza gəlib. “Şamaxı səması altında” adlı sənədli film çəkəcək. O vaxt mən məktəbimizin bədii özfəaliyyət ansamblında akkordeon çalırdım. Bizi rayon mədəniyyət evinə dəvət etdilər. Burada məktəb özfəaliyyət kollektivlərinə baxış keçirilirdi. Öyrəndik ki, məşhur kinorejissor Əjdər İbrahimov sənədli filmdə çəkilmək üçün yaxşı bir ansambl axtarır. Tale elə gətirdi ki, baxış zamanı bizim məktəbin bədii özfəaliyyət ansamblı Əjdər müəllimin daha çox xoşuna gəldi. O üzünü uşaqlara tutaraq, «hə igidlər, hazırlaşın, sizi kinoya çəkiləcəksiniz.», - dedi. O gün bu xəbəri çatdırmadığımız dost-tanış qalmadı. Bütün məktəb başımıza toplaşmışdı.
   Səhəri gün mədəniyyət evinin “Kuban” markalı avtobusunda ilk çəkilişə yollandıq. Doğrusu, Əjdər müəlimin bu qədər sadə, təvazökar, xoşqılıq, azərbaycanpərəst olduğunu bilməzdik. Yolumuz Şamaxının qədim və səfalı Qəleybuğurd kəndinə idi. Yolda Əjdər müəllim bizim sakitcə oturduğumuzu görüb gileyləndi: - «Uşaqlar, bu nədir belə?... Biz film çəkməyə gedirik axı, belə qaradinməz, sakit, passiv ovqatda kamera qarşısında dayanmaq olmaz? Məşq edin, çalın, oxuyun...»
   Bir anda avtobusumuz konsert salonuna çevrildi. Yaxşı bir rəqs havası çaldıq. Əjdər müəllimin köməkçisi Vladimir Vulfson necə vəcdə gəldisə ayağa durub avtobusun içində rəqs etməyə başladı. Bu çal-çağır Əjdər müəllimin çox xoşuna gəldi. Biz o zamanın ən məşhur mahnılarından birini- bəstəkar Telman Hacıyevin “Tələbəlik illəri” mahnısını xorla oxuyanda isə vəziyyət dəyişdi. Əjdər müəllim də bizə qoşuldu. O, mahnının sözlərini bilməsə də zümzümə edir, nəqaratı isə bizimlə birgə oxuyurdu. «Deyin görüm bu mahnını adı necə oldu?- deyə soruşdu.:
   -“Tələbəlik illəri”...
   - Sözlərini yazıb mənə verə bilərsinizmi?
   - Əlbəttə ...
   - Elə isə gəlin bir də oxuyaq:
   
   Müqəddəsdir, əzizdir,
   Arzi qədər təmizdir,
   Canımızdan əzizdir,
   Tələbəlik illəri...tələbəlik illəri...
   
   Əjdər müəllim əməlli-başlı duyğulanmışdı. Kim bilir, bəlkə də xəyalı onu çəkib gənclik illərinə aparmışdı? Biz elə avtobusdaca mahnının sözlərini yazıb ona verdik. Cib dəftərçəsinin arasına qoyub təşəkkürünü bildirdi.
   Çəkiliş qrupumuz Qəleybuğurd kəndində böyük təntənə ilə qarşılandı. “Kinoçəkənlərin” sorağını eşidən kənd camaatı axışıb gəlmişdi. Lap öndə kənd ağsaqqalları oturmuşdu. Əjdər müəllim onlarla çoxdanın tanışları kimi məhrəmanə söhbətlər edir, belə gözəl məkanda yaşayan insanlar haqqında sənədli film çəkərək onları dünyaya tanıtmaq istədiyini bildirirdi. Bir azdan qəleybuğurdlular gözəl bir süfrə açdılar. Deyəsən, samovar çayı Əjdər müəllimin çox xoşuna gəlmişdi. Bu arada köməkçisi Volodya əyilərək onun qulağına nə isə pıçıldadı. Əjdər müəllim dərhal ciddi görkəm alaraq çox sakit halda ona nəyi isə başa salmağa çalışdı. Sonradan öyrəndik ki, Valodya araq istəyirmiş. Amma Əjdər müəllim ona başa salıb ki, burada kənd ağsaqqalları oturub. Onların qarşısında araq işmək olmaz. Bu torpaqda adət belədir. Böyük, ağsaqqal, ağbirçək olan yerdə içki içilməz. Hətta qonaq da olsan gərək bu adət-ənənələrə hörmət edəsən.
    Bu kiçik olay Əjdər müəllimin Azərbaycan mentalitetinə bağlılığını, əsrlərdən keçib gələn adət və ənənələrimizə dərin hörmət bəslədiyini çox bariz şəkildə nümayiş etdirir. Elə bu keyfiyyətlərinə görə də o, qısa bir zaman kəsiyində çoxlu dost qazanmışdı. Əjdər müəllim bu gözəl məkana vurulduğunu dilə gətirərək gələcəkdə bu yerlər, onun qonaqpərvər adamları, gözəl təbiəti barədə ayrıca bir film çəkmək arzusunda olduğunu deməyi də unutmadı.
   Çəkilişlərdən sonra geri qayıtdığımız zaman avtobusda Əjdər müəllim yenə də “Tələbəlik illəri” mahnısını oxumağımızı xahiş etdi. Qəribədir, dünyagörmüş sənətkar bu mahnının cazibəsindən çıxa bilmirdi. Böyük həvəslə oxumağa başladıq…
   O unudulmaz yay günündə, o böyük sənətkarla “Şamaxı səması altında” yaşadığımız “Tələbəlik illəri”nin şirinliyinə bürünmüş bir ömür vərəqim də yaddaşımda belə qalıb.
   
   Cəlal Tağıyev