CİBRAN XƏLİL
   
   
   romandan parça
   
    Görkəmli yazıçı və tanınmış rəssam Xəlil Cibran 1883-cü ildə Livanda doğulub. Əsərləri dünyanın iyirmiyə qədər dilinə tərcümə edilib. Rəssam kimi isə bir çox əsərləri indi də sərgilərdə nümayiş edilməkdədir. Ömrünün son iyirmi ilini ABŞ-da yaşayan yazıçı əsərlərini ingiliscə yazmğa başlayıb. Yazıçının «Xəbərçi», «Dünya tanrıları», «İnsanoğlu İsa», «Asi ruhlar», «Dəli», «Sözlər» və b. kitabları nəşr edilib. Cibran Xəlil 1931-ci ildə ABŞ-da vəfat edib. Sizə təqdim etdiyimiz roman poetik parçalarla işlənmiş essedir.
   
   
   
   Gəminin gəlişi
   
   Öz çağının şəfəqində, seçilmiş və sevilən insan Əl Mustafa, Orfales şəhərində onu doğulduğu adaya geri götürəcək gəmini düz on iki il gözlədi.
   Və on ikinci ildə, bolluq ayı olan eylülün yeddinci günündə şəhər divarlarının arxasındakı təpəyə qalxdı, baxışlarını dənizə sarı çevirdi və gəmisinin duman içində sahilə yan aldığını gördü.
   O anda qəlbinin qapıları açıldı və sevinci dənizə doğru qanadlandı. Gözlərini qapayıb ruhunun səssizliyində dualar etdi.
   Amma təpədən enərkən qəlbini kədər bürüdü və belə düşündü:
   “Mən sakitcə və üzülmədən necə gedə bilərəm? Yox, ruhum yara almadan bu şəhəri tərk etməm mümkün deyil.
   Bu divarlar arasında əzab dolu keçən uzun günlərim, yalnızlıq içındə uzun gecələrim çox olub; axı kim, peşmanlıq duymadan əzab və tənhalıqla vidalaşa bilər?
   Bu küçələrə ruhumun parçalarından o qədər səpmişəm ki, bu təpələrin arasında kədərimin o qədər uşağı çılpaq dolaşıb ki, sıxıntı və iztirab çəkmədən onlardan ayrıla bilmərəm.
   Bu gün üstümdən çıxarıb atdığım bir geyim deyil, öz əllərimlə soyduğum dərimdir, qabığımdır.
   Geridə buraxdığım düşüncə deyil, aclıq və susuzluqdan kövrəlmiş ürəyimdir.
   Daha ləngiyə bilmərəm.
   Hər şeyi özünə çəkən dəniz məni də çağırır; üzüb getməliyəm buralardan.
   Çünki qalmaq - donmaq, buza dönmək, torpağın zəncirləri ilə özünü buxovlamaq deməkdir; gecə saatları və qızmar isti olsa belə.
   Buradakı hər şeyi məmnuniyyətlə özümlə aparardım, amma necə?
   Bir səs, ona qanad olan dili və dodaqları özü ilə daşıya bilməz. O, boşluğu təkbaşına axtarmalıdır.
   Qartal da Günəşə doğru təkbaşına, yuvasını daşımadan uçur.”
   Təpənin ətəyinə yetişəndə yenidən dənizə tərəf döndü və gəminin sahilə yaxınlaşdığını gördü; gəminin göyərtəsində matroslar - onun vətəninin övladları dayanmışdı.
   Ruhundan qopan sözlərlə onlara səsləndi:
   “Siz ey ulu nənəmin oğulları, dalğaları ram edən süvarilər... Yuxularımda mənə tərəf yelkən açdığınızı tez-tez görmüşəm. İndi mənim oyanışıma gəldiniz ki, bu mənim ən dərin yuxum olmalı...
   Getməyə hazıram və şövqümün yelkənləri sizi gözləyir.
   Bu sakit havadan bir nəfəs də alacağam və sevgi dolu baxışlarla geriyə sadəcə bir dəfə də baxacağam...
   Və sonra aranızda dayanıb gəmiçilər arasında bir dəniz yolçusu olacağam.
   Sən, ey sonsuz dəniz, mürgü nədir bilməyə ana, nəhrlər və çaylar öz azadlığını yalnız səndə tapır.
   Bu çay sadəcə bir dəfə də dönəcək, bu ərazidə onun şırıltısı bir dəfə də eşidiləcək... Və mən sənə qovuşacağam, sonsuz damlalar sonsuz okeana qovuşduğu kimi”.
   Gedərkən uzaqdakı tarlalardan, bağlardan kişi və qadınların şəhər qapılarına doğru tələsə-tələsə qayıtdıqlarını gördü. Bu adamlar onun adını çəkir və bir-birilərinə gəminin gəlişini xəbər verirdilər.
   Öz-özünə düşündü:
   “Ayrılıq günü, eyni zamanda toplanma günümü olacaq? Mənim axşamımın əslində şəfəqim olduğunu deyəcəklərmi?
   Gavahanı tarlanın ortasında buraxana, üzüm şirəçəkəninin çarxını saxlayana mən nə verə bilərəm?
   Qəlbim bar verən ağac olsun ki, məhsulunu yığıb onlara verə bilim.
   Arzularım bulaq kimi aşıb-daşacaqmı ki, onların da camlarını doldura bilim?
   Məgər mən, Uca Qadirin əlinin toxunacağı arfamıyam, yoxsa nəfəsinin içimə dolacağı fleytamıyam?
   Mən sükut axtarıram, lakin burda hansı xəzinəni tapmışam ki, onu belə cəsarətlə paylayıram?
   Əgər bu gün məhsul günüdürsə, mən toxumları hansı tarlalara, hansı mövsümlərdə əkmişəm?
   Əgər, doğrudan da, həmin an gəlib çatmışsa, yuxarıya qaldırdığım çıraqda öz alovun yanmayacaq.
   Öz çırağımı boş və sönmüş halda qaldıracağam.
   Və gecənin növbətçisi onu yağla doldurub, yandıracaq da.”
   Bunlar sözlərlə deyilənlərdi. Fəqət, qəlbindəki çox şeyi söyləyə bilmədi. Yalnız ona agah olan ən dərin sirləri açıqlaya bilməzdi.
   Şəhərə dönəndə hamı onu qarşılamağa çıxdı. Xalq bir səslə onu salamlayırdı.
   Şəhərin ağsaqqalları irəliyə gəlib dedilər:
   “Bizi tərk etmə.
   Sən bizim qaranlığımıza işıq saldın və gəncliyin arzularımıza arzu qatdı.
   Sən bizə yad və qonaq deyilsən. Çox sevdiyimiz övladımızsan.
   Gözlərimizi sənin üzünün həsrətini çəkməyə məcbur etmə”.
   Rahib və rahibələr danışmağa başladılar:
   “Dəniz dalğalarının bizə ayrılıq gətirməsinə, aramızda keçirdiyin illərin xatirəyə dönməsinə izin vermə.
   Aramızda bir xəyal kimi gəzib dolaşdın, kölgən üzümüzə düşən bir işıq oldu.
   Səni çox sevdik, amma sevgimizi dilə gətirmədik.
   İndi bu sevgi ucadan səni səsləyir; sevgimiz qarşına sərilib.
   Həmişə belə olub: sevginin dərinliyi ayrılıq anında dərk olunur”.
   Başqaları da gəlib ona yaxınlaşdılar. Amma o, kimsəyə cavab vermədi. Sadəcə başını aşağı dikdi və ona yaxın duranlar köksünə düşən göz yaşlarını gördülər.
   Sonra qələbəliklə birlikdə məbədin önündəki meydana doğru getdi.
   İbadətgahdan Almitra adında bir qadın çıxdı. O, gələcəkdən xəbər verən kahinə idi.
   O, sonsuz şəfqətlə qadına baxdı, çünki şəhərdəki ilk günündə onu tapan və ona ilk inanan bu qadın olmuşdu.
   Qadın onu salamlayaraq belə dedi:
   “Ey Tanrının sevgili qulu, sən son nöqtəni kəşf edə bilmək üçün uzun zamandır gəmini gözləyirsən.
   Və budur sənin gəmin buradadır, getmək vaxtındır.
   Öz torpaqlarından ötrü, öz müqəddəs arzularını həyata keçirməkdən ötrü çox darıxmısan. Nə sevgimiz səni bağlaya bilər, nə də sənə olan ehtiyacımız səni tuta bilər.
   Ancaq ayrılmadan öncə bizə həqiqəti anlatmanı xahiş edirik.
   Biz onu uşaqlarımıza, onlar da öz uşaqlarına ötürəcəklər və bu həqiqət heç zaman itməyəcək.
   Sən tənhalığa çəkilib bizim günlərimizə göz yetirdin və oyaqkən yuxularımızın hıçqırıq və qəhqəhələrini dinlədin.
   İndi bizim özümüzü bizə anlat və doğumla ölüm arasında nələrin olduğundan sənə aşkar olanları bizə də söylə”.
   Və o cavab verdi:
   “Ey Orfales xalqı, sizin ürəklərinizi narahat edən şeylər barədə indi nə deyə bilərəm ki?”
   
   EŞQ
   O zaman Almitra “Bizə Eşqdən bəhs et” dedi.
   O başını qaldırıb insanlara baxdı. Ətrafa dərin sükut çökmüşdü.
   Və o uca səslə dedi:
   “Eşq sizi çağırırsa, onun ardınca gedin,
   Yolları çətin və tikanlı olsa da...
   Sizi qanadları altına alanda, burda gizlədilmiş qılınc sizi yaralasa da, onun səsinə qulaq asın.
   Eşqin səsi, şimal küləyinin bağ-bağatı qurutduğu kimi, arzularınızı darmadağın etsə də, onun sözlərinə inanın.
   Çünki eşq başınıza tac qoyduğu kimi, çarmıxa da çəkər.
   Eşq sizi bəsləyib-becərər, amma budayar da, hətta kökünüzdən kəsər.
   Ən yüksəklərə uzanıb, Günəşlə titrəşən xəfif budaqlarınızı qucaqlasa da, köklərinizə enib onları silkələyər də.
   Eşq sünbül biçən oraq kimi sizi özünə çəkər.
   Çılpaq oluncaya qədər döyüb-xırdalayar.
   Qabıqlarınızı, çöplərinizi ələyər, xəlbirdən keçirər.
   Bəmbəyaz oluncaya qədər qızdırar sizi.
   Yumşalıncaya qədər yoğurar.
   Və Tanrının müqəddəs süfrəsində çörək olasınız deyə, öz qutsal atəşinə and içdirər.
   Eşq bütün bunları, qəlbinizin sirlərini dərk edəsiniz deyə başınıza gətirir. Və bu dərketmə həyatın qəlbinin bir hissəsini yaradır.
   Lakin siz qorxub, eşqdə yalnız rahatlıq və ləzzət axtarsanız, o zaman örtün çılpaqlığınızı və eşq anbarını tərk edib yayı-qışı, güzü-baharı olmayan dünyaya gedin.
   Gedin, bütün qəhqəhələrin olmadığı, sadəcə gülə biləcəyiniz mövsümsüz dünyaya.
   Və ağlayın, amma doyunca yox.
   Eşq yalnız özünü verir və yalnız özündən alır.
   Eşq sahib çıxmaz, sahiblənilməz də.
   Çünki eşq eşq üçün yetərlidir.
   Sevirsinizsə “Tanrı mənim qəlbimdədir” yerinə, “Mən Tanrının qəlbindəyəm” deyin.
   Düşünməyin ki, eşqin axınına hakim ola bilərsiniz; çünki eşq öz yolunu özü seçər, o da sizə dəyər versə...
   Eşq bir şey istəməz, tamamlanmaqdan başqa...
   Fəqət, sevirsinizsə və arzularınızdan imtina edə bilmirsinizsə, onda arzularınız qoy bunlar olsun:
   Ərimək və axmaq, mahnılarını gecələr oxuyan çaylar misalı;
   Sonsuz şəfqətin verdiyi ağrını dərk etmək;
   Eşqi anlamaqla özünü yaralamaq;
   Və qanamaq, amma istək və coşquyla...
   Dan yeri söküləndə, fərəh dolu bir könüllə oyanmaq.
   Və bir eşq günü də yaşayacaqsınız deyə, şükürlər etmək.
   Günorta vaxtı səssizliyə çəkilib eşqin vəcdini duymaq.
   Axşamın çökməsiylə evə xoşbəxt dönmək.
   Və yuxuya dalmaq, qəlbində sevgiliyə bir dua,
   Dodaqlarındasa şükür şərqiləri”.
   
   Çevirəni:
   Samir BULUD