Məncə, Azərbaycanda ən çox işlənən söz «səmimiyyət» sözüdür. Bu söz, harda gəldi işlənir. Əsasən də biri o birinə yalan sırımaq istərkən, bu söz çox kara gəlir. Fikir versək, görərik ki, bizim bütün həyatımız eləcə SƏMİMİYYƏT sözünün, məhz SÖZÜNÜN üzərində qurulub. 
   
   Hər kəsin bir səmimiyyəti var. Bu o deməkdir ki, hər kəsin öz yalanı var. Və hamı öz yalanını obyektə sırımağa çalışır. Eləcə də «mədəniyyətimizi formalaşdıran» televiziya kanallarımız... Artıq telekanallarda «səmimi olaq! səmimi ol! səmimi deyirəm» və s. bu kimi söz birləşmələri tamaşaçıların qanına yeridilib. Və həmin efirin kütlədə yaratdığı «xəstəlik» də məhz “səmimiyyət” xəstəliyidir. Səmimiliyin maraqlı tərəflərindən biri isə onun müxtəlif sənət adamları arasında fərqli formalarda qəbul edilməsidir.
   Məsələn, şou-biznesdə olan səmimiyyət birbaşa yuxarıda deyilənlərlə üst-üstə düşür. Yəni telekanalların təbliğ etdiyi səmimiyyət elə bizim yerli şou-biznesimizin gətirdiyi əmtəə (bəlkə də əmtəə nişanı) hesab olunur. Onlar haqqında çox danışmağa və izaha ehtiyac görmürəm. Çünki onların “səmimiyyət”i açıq şəkildə ictimaiyyətə təqdim olunur.
   
   Kino«men»in səmimiyyəti
   
   Məncə, biz ağıllı və ehtiyatlı olduğumuz üçün, səmimi olmağımız bizə bir az problem yaradır. Ehtiyatlı olmağımız isə coğrafi məkanımızla bağlıdır. Çünki həmişə kimlərinsə marağında olmuşuq, yadların hücumuna məruz qalmışıq. Və həmişə də düşmənlərə qarşı ehtiyatlı olmağımız xarakterimizdə səmimiliyə meyli azaldıb.
   Azərbaycan kinosu xarici festivallarda iştirak etmək hüququnu indi-indi qazanmağa çalışır. Amma bizdən fərqli olaraq, gürcülər dünya kinosunda bir neçə filmi ilə iştirak edərək, özlərinin bu sahədə nəyə qadir olduğunu sübut ediblər. Üstəlik, qeyd edim ki, SSRİ-nin tərkibində olmalarına baxmayaraq, hələ o dövrdə özlərini xaricdə yetərincə reklam ediblər. Bu, mənim yox, tanınmış kino xadimlərinin də gəldiyi qənaətdir. Mənə belə gəlir ki, onların dünya kinosuna çıxmalarının brinci səbəbi elə səmimiyyətin özüdür. Onlar kinodan bütün vasitələr üçün istifadə ediblər. Hətta özlərinin komik xarakterlərini göstərmək üçün də kino onlara yardımçı olub. Və ya başqa cür desək, özlərini dünyaya tanıtmaq üçün kinodan istifadə ediblər. Və bu, təkcə gürcülərə aid deyil. İtalyan, fransız filmlərində də bu xalqlara məxsus mənfi xüsusiyyətlər çəkinmədən ekrana gətirilir. Məsələn, gürcülərin çəkdiyi «Küp», «Mimino», italyanların «Roma ana», fransızların «Böyük gəzinti», «İtalyansayağı nigah», fransızların (Əsasən Pyer Rişarın çəkildiyi) «Liftdən sola», «Bəxti gətirməyənlər», «Qaçaqlar» və s. filmlər onların xarakterini (səmimiyyətini) göstərməyə çalışır. Üstəlik, qeyd etmək yerinə düşər ki, Pyer Rişar və Jerar Depardyenin yaratdığı obrazları sırf fransız xarakterinin bütöv obrazı saymaq olar. Əlavə olaraq, həmin ölkələrin rejissorları - müəlliflər filmlərdə kütlüyü, əxlaqsızlığı, onu yaradan səbəbləri göstərməkdən belə çəkinmirlər.
   Amma bizim filmlərimizdə mövzumuzun qayəsi olan səmimiyyət yetərincə olmadığı üçün, bəzən uğurlu alınmır. Filmlərimizin hər birində məsləhət, nəsihət aşıb-daşır. Heç bir müəllif çalışmır ki, situasiya necədir, onu da göstərsin. Doğrudur, bizim filmlərdə də hadisəni olduğu kimi çatdıran kadrlar var. Amma rejissorlar, nədənsə hansısa epizodu real şəkildə çəkməklə öz işini bitmiş hesab edir. Məlumdur ki, kadr bütöv film demək deyil.
   Nə şəhər həyatı, nə də kənd həyatı filmlərimizdə bütövlükdə göstərilmir.
   Eldar Quliyevin «Bir cənub şəhərində» filmi ona görə uğur qazandı ki, orda baş verənlər Bakı mühiti idi. İşsiz gənclərin gündəlik söhbətləri, həyata öz kiçik baxış bucaqları, məhəlli qanunlar - SƏMİMİYYƏT. Bu idi filmi baxımlı edən. Amma «Sağ olun, qızlar», «Ən vacib müsahibə», «Girov» filmlərindəki adi şəhər həyatı, bir qədər süni təsir bağışlayır. Bu hadisələr Londonda, Tokioda da baş verə bilər Sözsüz ki, bu filmlərin yaddaşlarda qalıb-qalmayacağı zamanın hökmüdür. Təklikdə bir-birimizə çox açıq şəkildə hansı filmin nə səviyyədə olduğunu bildiririk. Amma ictimaiyyət qarşısına çıxanda, filmin müəllifi ilə görüşərkən, həqiqəti demirik və “SƏMİMİ” olduğumuz üçün bunlar baş verir.
   Kənd mövzusunda çəkilmiş filmlərimiz arasında isə «Tütək səsi» digərlərindən çox seçilir. Ümumilikdə götürsək, film daha çox müharibə mövzusunu əks etdirir. Amma bununla belə, orada milli xüsusiyyətlər özəl şəkildə tamaşaçıya təqdim olunur. Məsələn, anasının kolxoz sədrinə ərə getməsindən hiddətlənən oğulun xarabalıqda gecələməsi, daha çox səbr etməyə üstünlük verən kənd ağsaqqalı və s.
   Demək istədiyim budur ki, filmlərimizdə xüsusiyyətimiz, xarakterimiz görünsün. Nə üçün də göstərilməsin?! Nədənsə rejissorlarmız «Amerika kəşf etmək» üçün dəridən-qabıqdan çıxırlar. Sanki kino kənardadı və onu Azərbaycana gətirmək lazımdı. Deməli, bizim filmlərimizdə «mən qara daşlara inanıram...», «həyatın mənası nədir?» və s. bu tip cümlələr, heç olmasa, erməni gülləsinə tuş gələ bilən, lakin gəlməyən girovumuz, azərbaycanlı Rembo kinomuzdan uzaqlaşandan sonra bəlkə nəsə alındı. Bəlkə biz səmimiyyətin özünə tərəf bir addım ataq. Amma bunu da əlavə edim ki, növbəti nəsil rejissorlarımızın dönüb səmimi insanlara çevrilmələri də çətinliklə baş verəcək. Çünki biz hələ də «Ot kökü üstə bitər» ATALAR MİSALINDAN əl çəkməmişik. Məncə, bütün bunların kökündə bizim hadisələrə kinematoqraf kimi yox, şair kimi münasibət göstərməmiz dayanır.
   
   Fehruz Ş.