Atababa İsmayıloğlu
   
   
   Faciəmiz
   
   Qarabağ müharibəsinin qızğın vaxtıymış. Məclislərin birində Molla Qeybullanın yanında əyləşən 30-35 yaşlı birisi həm axmaq söhbətləri və sualları ilə Molla Qeybullanın zəhləsini tökür, həm də çəkdiyi siqaretlərin tüstüsü ilə onu bezikdirirmiş. Molla siqaretin ziyanı haqqında moizə eləyir. Sonra da üzünü ona tutur: - A kişi, başa düş, siqaret çəkənlərin 80 faizi ya xərçəng, ya da ürək-damar xəstəliklərinə mübtəla olur, vaxtsız ölür. - Molla əmi, vaxtilə iki il əsgərlikdə olmuşam. Bir dənə də siqaret çəkməmişəm.- Siqaret çəkən şəxs utana-utana dillənir:Molla dözmür:- Onsuz da, indi əlli yaşına kimi orduya qəbul edirlər... Həmin şəxs Molla Qeybullanın sözünü kəsir: - Nə deyirsən, gedim müharibədə ölüm? - Bax, faciəmiz budur. Amerikanın hansısa bir siqaret şirkəti yolunda canını da, pulunu da qurban verirsən, üstəlik, yanındakıları da zəhərləyib bir cəhənnəmlik günah qazanırsan. Amma öz torpağın uğrunda vuruşub cənnətə getməyi özünə ar bilirsən, - deyə Molla cavab verir.
   
   Dua edərəm
   
   Nəfsinin qulu olan, namazdan və orucdan xəbərsiz, hallı-kallı birisi Molla Qeybulladan soruşur:
   - Molla əmi, namaz üstə nə dua etsən Allah yetirir?
   - Allah öz mömin bəndələrinin istəyini verir, bala.
   - Onda al bu pulu, mənimçin də dua et! Qoy pulum çox olsun. Molla pulu alıb cibinə qoyur. Sonra da həmin şəxsə:
   - Oğul, dua etməyinə edərəm. Amma pul üçün yox...- Bəs Allahdan mənə nə diləyəcəksən, Molla əmi?
   - Görürəm puldan çox ağıla ehtiyacın var.- Ağılı neynirəm ki, Molla əmi?
   - Əlində olan pulların qədrini bilmək üçün.
   
   İnşallah, nə qədər istəsən təpiklərsən
   
   Güzəranın ağır keçdiyi zamanda Molla Qeybullanın apardığı hüzr məclislərinin birində danışığını bilməyən, varlı, lovğa bir şəxs dil-boğaza qoymur, var-dövlətini nümayiş etdirməyə çalışır. Cibindən pul çıxarıb dəlləyə verib deyir:
   - Sabah məni gözlə, gəlib başımı qırxdıracağam. Bunu görən dərzi də fürsəti əldən vermir:
   - Sən deyən parçadan tapmışam, mənim də haqqımı ver, səhər gəl, kostyumu tikim. Lovğa özünü camaata göstərmək məqsədilə pul çıxarıb ona da verir. Dəlləklə dərzi pulu alan kimi məclisi tərk edirlər. Ara qatmaq istəyən bir şəxs üzünü lovğaya tutur:
   - Pulları bu başdan verdin. Birdən dərzi kostyumu pis tikdi, ya da dəllək başını pis qırxdı?
   - Canlarını alıb, pulumu geri götürərəm.
   - Birdən sabahdan işə çıxmadılar?
   - Salaram təpiyimin altına.
   Bu mənzərəni seyr edən Molla Qeybulla özünü saxlaya bilmir:
   - Dayıoğlu, dünya ölüm-itim dünyasıdır. Mıxı mismar edən Tanrı var. Sabah nə olacaq, - bilinmir. Sərvət sahibisənsə, mənim də haqqımı bu başdan ver. - Sənə niyə? - Bu camaatın yanında sənə söz verirəm. Nə zaman yalan dünyadan haqq dünyasına gedəsi olsan, qırx gün məclisini apararam. Lovğa şübhəli nəzərlə Qeybullanı süzüb onu sancmaq istəyir: - Siz mollalara etibar yoxdur. Birdən haqqını aldın, sonra məclisimi aparmadın?.
   - Bayaqdan görürəm ki, pulunu yeyən adamları təpikləmək fikrindəsən. Məclisini aparmasam, tabutdan qalxıb, inşallah, nə qədər istəsən, məni təpikləyə bilərsən.