Bu ruh romanlarda yaşayır
   
   Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Burada Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır. Azərbaycan EA-nın Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutu) kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan gələcək yazıçı 1966-70-ci illər arasında Əfqanıstanda tərcüməçi kimi çalışmışdır. 2009-cu ilin doqquz oktyabr günündə vəfat edib. İndi onun imzası bizə öz dəst-xətti olan bir yazıçının xatirəsini yada salır.
    "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə «Uşaqgəncnəşr»in («Gənclik») buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunduqdan sonra dövri mətbuatda öz nəfəsi olan yazıçının imzası görünməyə başlayır. “ Heykəl gülür”, “Pəhləvan” , “Cehiz” hekayələri bu dövrdə maraqla qarşılanır. Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının ictimaiyyət üçün bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı. 1980-ci illərin ikinci yarısında Ə.Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi. Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala müəllim həmçinin bir sıra orta əsr elmi mənbələrini dilimizə tərcümə edib. Əlibala Hacızadə bizim ədəbi tənqiddə və ədəbiyyatşünaslıqda həqiqi qiymətini almamış bir yazıçıdır desək, yanılmarıq. Bədii yaradıcılıqda ideoloji-siyasi prinsiplərə deyil, sırf ədəbi-estetik və mənəvi prinsiplərə əsaslanan bir sənətkardır və onun sovet dövründəki «rəsmi» tənqidin diqqətindən kənarda qalmasında qəribə heç nə yoxdur. Bu vəziyyətin fonunda isə oxucu kütləsi onun əsərlərini sevirdi, kitabları dəfələrlə təkrar nəşr olunurdu, yazıçıya gerçək oxucu məhəbbəti vardı. Əlibala Hacızadə ən çox oxunan və ən çox çap olunan yazıçımız idi. Təkrar 100 min tirajla! Yaşadığımız günlərdə bizim yazıçılar üçün bu yalnız xəyal kimi görünə bilər. Və ədalət naminə deyək ki, onun kitabı həmin günlərdə maklatura materialı olmadı. Tələbat vardı, oxucu axtarırdı. Kənd kitabxanalarında onun kitabının oxunması üçün yaranan növbələr təkrar nəşrləri zəruri edirdi. «Təyyarə kölgəsi», “İtkin gəlin”, “Əfsanəsiz illər“, “Ayrılığın sonu yoxmuş”, “Vəfalım mənim”, “Dünyanı tanı” irihəcimli əsərlərinin adını kiçik yaşlarımda böyüklərin dilindən dönə-dönə eşitmişdim. Bu əsərləri oxumazdan əvvəl yaddaşımda onların adları həkk edilmişdi. Belə baxanda, Əlibaba Hacızadənin əsərlərini oxucuya doğma edən amillər vardı. Bu əsərləri oxuyan kolxozçu qız orada yalançı sovetizmi axtarmırdı, məhz az qala gülməyi və sevməyi unudub robota çevrilən qondarma sovet insanının darıxdırıcı pafosundan insan hisslərinin gur olduğu Əlibala müəllimin yaradıcılığına üz tuturdu. Onun əsərləri hardasa rus-sovet təsirləri içində çabalayan ədəbiyyatımızın məhsullarından fərqlənirdi. Əlibala Hacızadə imzası qoyulmuş kitablardan Şərq iyi gəlirdi, bu doğma idi, bizim insanın korşalaşmış hisslərini oyadırdı, onu məhz bunun üçün oxuyurdular. Bu yönü isə sovet tənqidşünaslığı görmək belə istəmirdi. Elə bu səbəbdən yazıçının əsərlərini araşdırma predmetinə çevirmirdilər. Bu özünəməxsusluqda Əlibala müəllimin şərqşünas olması, Şərq ədəbiyyatına dərindən bilməsi , digər tərəfdən də onun, ümumiyyətlə, şərqli təbiəti az rol oynamamışdır. Və həmin təmayülün yaradıcısı olaraq, Əlibala Hacızadə ədəbiyyatımıza bir sıra yeni mövzular gətirib, üstəlik öz intuisiyası, yazıçı duyumu ilə uzaqgörənliyini təsbit edib. Bunlardan ən başlıcası məşhur «İtkin gəlin» trilogiyası ilə təmsil olunan əfqan mövzusudur. Əfqanıstan adlı ölkənin bizə çox uzaq göründüyü bir zamanda meydana çıxan bu əsər həmin ölkəyə sovet hərbi müdaxiləsindən və Azərbaycanda «əfqanlar» peyda olandan sonra daha yenidən populyarlıq qazandı. Bu trilogiyada Əfqanıstan gerçəkliyi, əfqanların milli mentaliteti rasional düşüncəyə əsaslanan politoloji araşdırmalardan daha dəqiq və daha canlı inikasını tapmışdır. Və indi Əfqanıstan məsələsinin beynəlxalq bir problemə çevrildiyi şəraitdə trilogiyanın daha da aktual səsləndiyini sübut etməyə ehtiyac yoxdur. Trilogiyanın janr və poetikası isə özünəməxsusluğunu başqa bir planda nümayiş etdirdi - ilk Azərbaycan seriallarından biri mərhum Lütfi Məmmədbəyov tərəfindən məhz «İtkin gəlin» əsasında çəkildi. İndi fikirləşirəm yetərincə serial təcrübəmiz olsaydı, biz bu 12 seriyalı filmlə dünyaca uğur qazanardıq. Çünki Əfqanıstan həyatı dünyaya bu günün özündə də maraqlıdır. Fəqət, bu həyatın özəlliyini, əfqan kimliyini ortaya qoymaq çətinliyi vardı. Əlibala müəllim bunu duymuş və yazmışdı. Əfqanıstan probleminin həlli məhz əfqanları tanımaqdan keçirdi, yazıçının bu düsturu onun əsərində sübut olunurdu, feodal qaydalarının hökm sürdüyü bir ölkədə zorla kommunizm qurmaq istəyən sovet ideoloqları isə bunu anlamaq istəmirdilər. Sovetlərin Əfqanıstanda acınacaqlı məğlubiyyətinin səbəbi də bu anlamazlıqda idi. Biz bu əsəri dünyaya çıxarmaq və təqdim etmək barədə heç düşünmədik də... Bunun vacib və mümkün olduğunu isə son illərdə dünyada bestsellerə çevrilən əfqan yazıçısı Xalid Hüseynin Əfqanıstan həyatı ilə bağlı romanlarını oxuduqdan sonra qərarlaşdırdım. Onun romanlarındakı həyat təsvirləri məni çaşdırdı....Mən bu həyatla “İtkin gəlin”dən tanış idim....“ Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..” Görkəmli yazıçımız Əlibala Hacızadənin «Təyyarə kölgəsi» romanının qəhrəmanı Nadirənin gündəliyindəndir bu sözlər. Onun əsərlərini və özünü xatırladıqca bu sözlərin yazıçının obraz dili ilə dediyi öz kredosu olduğunu anlayırsan. Və öz kredosuna layiqli olaraq yaşamış Ə.Hacızadə ruhən öz romanlarının səhifələrində yaşamaqdadır. Onun romanları sevginin, səmimiyyətin daşıyıcılarıdırsa, bu səhifələri hər zaman oxumaq gərəkir.
   
   Sabutay